Azərbaycan AvroNest-dən çıxır

AvroNest Parlamnet Assambleyasının (PA) vitse-prezidenti və qurumun Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov 9 oktyabr prezident seçkiləri ilə bağlı Avropa Parlamentinin prezidenti Martin Şultsa, ATƏT sədri Leonid Kojaraya, Avropa Şurasının prezidenti Jan Klod Minyona, ATƏT PA prezidenti cənab Ranko Krivokapiçə
AvroNest PA həmprezidentləri - Y.Kirilova və B.Tarasyuka, o cümlədən Prezidentlər Konfransının və Avropa Parlamentinin üzvlərinə müraciət edib.

Müraciətdə bildirilib ki, bu gün sübut olunur ki, Avropa Parlamentinin hələ iyul ayının əvvəllərində Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərməmək qərarı onun Azərbaycanda gizli təxribat və iğtişaş yaratmaq planlarından irəli gəlib. Azərbaycanı seçkilərin müşahidə ediləcəyi ölkələr siyahısına salmamaqla Avropa Parlamenti siyasi təxribata başlamış və regionda açıq-aşkar işğalçı dövlət olan Ermənistana, eləcə də Gürcüstana seçkiləri müşahidə missiyası göndərməklə Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunu zədələməyə cəhd göstərib. Nədənsə sonradan sentyabr ayının əvvəllərində Avropa Parlamenti fikrini dəyişib və Azərbaycana seçkiləri müşahidə missiyası göndərməyə qərar verib.

Müraciətdə sərt tənqid obyekti olan Avropa Parlamenti Azərbaycanda təxribata yol açan addımlar atmaqda da günahlandırılıb: "Görünür formalaşan müşahidə missiyasının nüfuzunu görən Avropa Parlamenti Azərbaycana qarşı olan mənfur, gizli təxribat planını müşahidə missiyası üzvlərinə deməkdən çəkinib və seçkilərin nəticələrini gözləyib.
Avropa Parlamentinin rəhbərliyi və Parlament üzvləri isə 10 oktyabrda ATƏT Sədri Leonid Kojaranın AP, AŞPA və ATƏT PA-nın, eləcə də digər beynəlxalq müşahidə missiyalarının müsbət qiymətləndirməsini unutmuşdur və bəlkə də elə bunlardan da qəzəblənib. Ancaq Avropa Parlamenti nəzərə almalıdır ki, DTİHB ATƏT-in çoxsaylı qurumlarından yalnız biridir. Seçkiləri izləyən 4 beynəlxalq qurumdan üçünün – Avropa Parlamenti, AŞPA və ATƏT Parlament Assambleyasının müsbət qiymətləndirmə vermələrinə baxmayaraq AP-nin kiçik ranqlı məmurlardan təşkil olunmuş ATƏT DTİHB müşahidə missiyasının qərəzli qətnaməsinə təkidlə əsaslanması Avropa Parlament deputatlarından formalaşmış İnsan Haqqları evinə, AP, AŞPA və ATƏT PA-na vurulmuş ağır zərbə, inamsızlıq və etibarsızlıqdır. ATƏT/DTHİB-nin qərəzli, faktlara söykənməyən bu məruzəsinin bir məqsədi vardır - özlərindən yüksək ranqlı məmurların göstərişlərini yerinə yetirmək və güc dövlətlərinin Azərbaycanda maraqlarını təmin etməyə xidmət etmək, Azərbaycanın beynəlxalq aləmdə mənfi imicini formalaşdırmaq, böhtan və iftiralarla Azərbaycanı 20 ildən artıq bir müddət ərzində işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək. Lakin bu güclər bir məlum həqiqəti dərk etməlidirlər ki, Azərbaycan dövləti heç bir təzyiq və hədələrə məhəl qoymadan öz müstəqil siyasətini yürütməkdə davam edəcək və hazırda olduğu kimi regionun aparıcı dövləti olaraq liderlik rolunu qoruyub saxlayacaqdır".

Müraciətdə o da bildirilib ki, Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT/DTİHB-ya istinad edilməsinə təkidli çağırışı Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir: "Görünür onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra təxribat planlarının baş tutmamasından və Azərbaycanı Liviya və Suriyaya çevirə bilmədiklərindən çox məyus olublar. Belə bir ədalətsizliyi müstəqil ölkəyə tətbiq etmək öz müşahidə missiyasının rəyini nəzərə almadan sifarişli və qərəzli qurum olan ATƏT/DTİHB-ya söykənərək böhtanlar atmaq sizlərin Sovet diktaturası adlandırdığınız rejimdə belə olmayıb. Bütün yuxarıda deyilənləri nəzərə alaraq Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli Qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı AvroNets PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır".

Qeyd edək ki, oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçirilib. Sessiyada 9 oktyabr prezident seçkilərinin beynəlxalq standardlara cavab vermədiyi bəyan edilib. Avropa Parlamenti həmçinin, Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmiş ATƏT DTİHB-in rəyini bölüşüb və seçkilərin ATƏT standartlarına uyğun olmamasından dərin təəssüfünü bildirib. Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT DTİHB-in tövsiyələrini ən tez və ciddi şəkildə yerinə yetirməyə çağırıb.

Elnur
AzNews.az