Azərbaycanda polisin səlahiyyətləri azaldılır

Azərbaycanda tutulan şəxsin polis tərəfindən saxlanması müddəti və qaydaları dəyişdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, "Polis haqqında" qanunun 14-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, polis tutulan şəxsi müvafiq orqanlara təhvil verənə qədər saxlamaq səlahiyyətindən məhrum olunur.

Yeni layihəyə əsasən, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri sırasından "tutulan şəxsi müvafiq orqanlara təhvil verilənədək saxlamaq" müddəası çıxarılır.

Bunun əvəzinə maddəyə belə bir bənd əlavə edilir ki, polis Cİnayət-Prosessual Məcəlləsi və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" haqqında qanunla müəyyən edilmiş müvafiq hallarda və müddətlərdə tutulmuş və ya həbs edilmiş şəxsi müvəqqəti saxlama yerində saxlaya bilər.

Layihə Milli Məclisin dekabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az