- Köhnə - Hadisə
- 11 Fevral 2014 13:56
- 4 746
“Sovetski”nin sökülməsinin FƏSADLARI - SOS

AzNews.az xəbər verir ki, AMM təxminən 100 minə yaxın əhalinin yaşadığı yaşayış massivinin sökülməsi nəticəsində yaranacaq problemlərdən narahatlığını ifadə edib: "Sökülməsi nəzərdə tutulan ərazidə yaşayanların təxminən 90 faizi həmin ərazidə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərdir. Bu vaxta kimi sökülən binaların sakinlərinə olan münasibəti nəzərə alsaq, deyə bilərik ki, bu ərazidəki binaların sökülməsi və həmin ərazinin sakinlərinə münasibətdə də xüsusi plan mövcud deyil".
Bu vaxta kimi olan təcrübəni nəzərə alan "Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi" aşağıdakı səbəblərdən köçürmə ilə bağlı xüsusi planın hazırlanmasını zəruri hesab edir. AMM-də belə hesab edirlər ki, əks halda plansız köçürmə fəsadlara səbəb ola bilər:
1. Plansız kütləvi köçürmə əhalinin qeydiyyatsız, sənədsiz yaşayan hissəsinin sayının artmasına gətirib çıxara bilər ki, bu da həmin şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) sahəsində ciddi problemlər yaradacaq.
2. Kütləvi köçürmə yaşayış yeri tapana kimi müvafiq yaş həddinə çatan şəxslərin şəxsiyyət vəsiqəsi almasında, yeni doğulanların doğum haqqında şəhadətnamə ilə təmin olunmasında, çağırış yaşında olanların həqiqi hərbi qeydiyyata alınmasında problemlər yaradacaq.
Beləliklə, bu tədbirin nəticəsində on minlərlə insan sənədsiz vəziyyətə düşəcək. Hesab edirik ki, gözlənilən problemlərin həlli üçün həmin ərazidə yaşayanların köçürülmə planına Daxili İşlər Nazirliyi ilə Bakı şəhər İcra Hakimiyyətinin birgə xüsusi tədbirlər planı da əlavə edilməlidir. Ərazini alan təşkilat indiki yaşayış yerinin əvəzinə sakinlərin yaşayış yeri ilə təmin olunmasına üstünlük verilməli, həmin mənzillərin sənədləşmə prosesinin sürətləndirilməsi və ya təcilli başa çatdırılması öhdəliyini öz üzərinə götürməlidir.
Elnur
AzNews.az