BQXK Həsən Həsənovla bağlı məlumat yaydı

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı məlumat yayıb.



BQXK-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumatda bildirilir ki, bu ilin iyul ayında öldürülmüş Azərbaycan vətəndaşının cəsədi bu gün BQXK-nın himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib. Təhvilvermə Ağdam rayonunun təmas xəttində yerləşən Baş Qərvənd kəndi yaxınlığında baş tutub.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.