Azərbaycan Otüstü Hokkey Federasiyası fəaliyyətini dayandıracaq. Azərbaycan Otüstü Hokkey Federasiyası fəaliyyətini dayandıracaq.

“Bahalı idman” növü Azərbaycanda yoxa çıxır - Federasiya bağlanmaq üzrədir

Azərbaycan Otüstü Hokkey Federasiyası fəaliyyətini dayandıracaq.


AzNews.az-ın əldə etdiyi məlumata görə, keçən ilin sonlarına yaxın maliyyə böhranı səbəbindən milli komanda üzvlərinin etirazı ilə üzləşən qurum hələ də özünə gələ bilməyib. Artıq federasiya daxilində qapalı iclas keçirilib və fəaliyyətin dayandırılacağı ilə bağlı işçi heyətinə məlumat verilib. Çin, Ukrayna və başqa ölkələrdən millimizə cəlb edilən idmançılar isə ölkələrinə qayıdıb.

Xarici idmançılar uzun müddətdir ki, maaşlarını ala bilmədiklərinə görə Azərbaycanda qalmaq istəmədiklərini dilə gətirərək, federasiya ilə müqavilələrinə xitam veriblər.

Əldə etdiyimiz digər məlumata görə isə, Azərbaycan Güləş Federasiyası ilə eyni yerdən maliyyələşən quruma pul ayrılması nəzərdə tutulmayıb. Buna səbəb isə "bahalı idman" növü üçün nəzərdə tutulan vəsaitin olimpiadaya yollanacaq güləşçilərə verilməsidir.

Bildirilir ki, "Excelsior" otelin ərazisində fəaliyyət göstərən Otüstü Hokkey Kompleksi və federasiyanın ofisinin sökülməsi də nəzərdə tutulub.
Maraqlısı ondadır ki, dağılan qurumdakı proseslər rəsmi olaraq açıqlanmır və sirr kimi saxlanılır.

Bu səbəbdən məsələ ilə bağlı rəsmi məlumat almaq cəhdlərimiz boşa çıxdı.

Məlumat üçün bildirək ki, Azərbaycan Güləş Federasiyası da eyni rəhbərlik altında fəaliyyət göstərdiyi üçün Olimpiya Güləş Mərkəzi və Güləş Federasiyasının ofisi "Excelsior" otelin ərazisində yerləşir.

Aygün İLQARQIZI
AzNews.az