Azərbaycanda yeni idman növü yaradıldı - FUTNET

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində yeni bir idman növünün-Azərbaycan Futnet Assosiasiyasının təqdimat mərasimi keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, millət vəkilləri, Rusiya və Avropa Futnet Assosiasiyasının rəhbərləri iştirak edirdi. Mərasimi assosiasiyanın icraiyyə komitəsinin üzvü Gülağa Cabbarov açaraq gələn qonaqları salamladı:

“Azərbaycan idman ölkəsi kimi tanınır. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin dəstəyi ilə böyük idman yarışları keçirilir. Çoxlu sayda idman növləri inkişaf etdirilir. Komandalarımız Avropa olimpiya oyunlarında böyük nailiyyətlər qazanırlar. Bu gün də bizim üçün tarixi bir gündür. Azərbaycanda yeni bir idman növünün-Azərbaycan Futnet Assosiasiyası- "AFNA"-nın təməlini qoyuruq.”

Azərbaycan Futnet Assosiasiyasının Prezidenti Vüqar Xəlilov isə idmana göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdib: “Azərbaycanda yeni olan Futnet-in inkişafı üçün ilk addımlar atılır. Artıq assosiasiya təsis olunub. Yeni yaranmağımıza baxmayaraq, bir neçə tədbirə dəvət olunmuşuq bəzi yarışlarda iştirak edəcəyik. Bu idman növünün yaranmasına görə Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Gələcəkdə Futnetin inkişafı üçün əlimizdən gələni edəcəyik.”

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aydın Məmmədov Futnet Assosiasiyasının yaranması ilə əlaqədar idmansevərləri təbrik etdi: “Azərbaycan idman ölkəsinə çevrilib. Keçirilən böyük nüfuzlu tədbirlər Azərbaycanın adıdır. Azərbaycanda saysız-hesabsız qurulan qurğular, idman kompleksləri gənclərin istifadəsinə verilib. Bu da ölkəmizdə yeni idman növlərinin yaranmasına zəmin yaradır. Futnet gəncləri lazımsız vərdişlərdən uzaqlaşdırıb öz ətrafında birləşdirir.”

Sonda isə mərasim iştirakçılarına Futnet-in inkişafı ilə əlaqədar video-çarx nümayiş olundu.

Bahar RÜSTƏMLİ

AzNews.az