- Köhnə - İdman
- 17 İyun 2015 12:44
- 3 634
Partiya sədrləri Avropa Oyunlarını necə izləyir? – SORĞU
İyunun 12-də başlayan Birinci Avropa Oyunları çərçivəsində hər gün bir-birindən maraqlı görüşlər keçirilir.
İdmançılar birincilik uğrunda qızğın mübarizə aparır. Şəhər sakinlərinin böyük əksəriyyəti bu yarışları stadionlardan izləməyə üstünlük verirlər. Bəs, partiya sədrləri birinci Avropa Oyunlarını haradan izləyirlər?
AzNews.az bununla bağlı partiya sədrləri arasında sorğu keçirib:

Ədalət Partiyasının sədri İlyas İsmayılov: "Bu günə kimi keçirilən bütün oyunları efirdən izləmişəm. Təəssüf ki, vaxt ucbatından bir tamaşaçı kimi stadionlara gedə bilmirəm".

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa: "Voleybol və güləş idmanının azarkeşiyəm. Bu oyunları televizordan izləyirəm, amma çox istərdim ki, yarışları canlı olaraq stadionlardan izləyəm. Əfsuslar olsun ki, buna imkanım yoxdur".

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: "Yarışlara getmirəm, amma efirdən izləyirəm. Mən ümumiyyətlə, idman fanatı deyiləm, bu sahə ilə az maraqlanıram. Zövqümə yaxın olmadığından vaxtımı da itirmək istəmirəm. Amma məlumat alıram ki, harada hansı oyun keçirilib".

Ümid Partiyasının sədri İqbal Ağazadə: "Avropa Oyunlarını stadionlardan izləməyə vaxtım yoxdur, amma yarışları televizorla seyr edirəm".
Bahar RÜSTƏMLİ
AzNews.az