Binə Atçılıq Mərkəzində polo üzrə Avropa çempionatı davam edir. Binə Atçılıq Mərkəzində polo üzrə Avropa çempionatı davam edir.

Poloçularımız finala yüksəldi

Binə Atçılıq Mərkəzində polo üzrə Avropa çempionatı davam edir.


Azərbaycan Respublikası Atçılıq Federasiyasından AzNews.az-a verilən məlumata görə, bu gün 4-cü turun görüşləri keçirilib. Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyil, açıq havada, yaşıl örtüklü meydanda baş tutub.

İlk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxıblar. Görüş millimizin 11:6 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gəlib. Qarşılaşmada Almaniya təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb.

4-cü turda keçirilən son oyunda meydana İrlandiya və İspaniya komandaları çıxıblar. Bu dəfə sevinən tərəf İrlandiya millisi olub 8:6.

Beləliklə, 4 turdan sonra 100 faizlik nəticə göstərən Azərbaycan yığması ən pis halda ikinci yeri təmin edərək Avropa çempionatının finalına vəsiqə qazanıb. Sabah keçiriləcək sonuncu - 5-ci turda komandamız İspaniya seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq. Buna qədər isə saat 17:00-da meydana Almaniya və İsveçrə komandaları çıxacaqlar. Avropa çempionatının 5-ci turuna saat 19:15-də start götürəcək İtaliya - İrlandiya oyunu ilə yekun vurulacaq.

Avropa çempionatının finalı sentyabrın 12-si saat 20:30-da başlayacaq. Həlledici oyunda yığmamızın rəqibi 5-ci turun nəticələrinə əsasən bilinəcək.