“Biz Rusiyadan heç bir xahiş etməmişik” – Nazirlikdən rəsmi açıqlama

Ötən gün Rusiya Kütləvi İnformasiya Vasitələrində Rusiya Federasiyasının idman naziri Vitali Mutkoya istinadən Azərbaycan Hökumətinin növbəti Avropa Oyunlarının Rusiyada keçirilməsi üçün Rusiya tərəfinə müraciət etdiyi, lakin Rusiyanın bu oyunları keçirməyəcəyinə dair açıqlaması yer alıb.


Gənclər və İdman Nazirliyindən AzNews.az-a daxil olan məlumata görə, Vitali Mutkonun rusiya mediasına verdiyi açıqlamanın media nümayəndələri tərəfindən təhrif olunduğunu düşünərək, daha dəqiq məlumatın əldə edilməsi məqsədi ilə Rusiyanın idman nazirliynə sorğu göndəriləcək.

Nazirlik bildirir ki, heç bir halda Azərbaycan Hökuməti və ya Gənclər və idman nazirliyi Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət etməyib.

"Azərbaycan İlk Avropa oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edib və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini alıb .

Azərbaycanin növbəti oyunların hansı ölkə tərəfindən təşkil edilməsinə müraciət etməsi üçün heç bir ehtiyac yoxdur. Eyni zamanda bildiririk ki, bu Avropa Olimpiya Komitəsinin və ora daxil olan Milli Olimpiya Komitələrinin və oyunları təşkil etmək niyyətində olan ölkələrin işidir. Rusiyada bu səpkili layihələr birbaşa Rusiya Olimpiya Komitəsinin səlahiyyətindədir.

İkinci Avropa oyunlarının hansı ölkə tərəfindən keçirilməsindən asılı olmayaraq, Azərbaycan ilk oyunlar çərçivəsində qazandığı informasiya potensialını və təcrübəsini bölüşməyə, eyni zamanda mütəxəssisləri bu ölkəyə dəstək və yardım üçün yönəltməyə hazırdır", - deyə nazirliyin məlumatında qeyd olunub.