Filoloq: “Yeni qurumdan çox şey gözləyirik” Filoloq: “Yeni qurumdan çox şey gözləyirik”

“Bu, dilimizin qorunması baxımından çox gərəkli bir addımdır” – Mehriban Əlizadə ilə MÜSAHİBƏ

Filoloq: “Yeni qurumdan çox şey gözləyirik”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 1 Noyabr 2018-ci il tarixdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanın əsas qayəsi Azərbaycan dilinin inkişafı, dildən səmərəli və düzgün istifadə vərdişlərinə yiyələnmə, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” adlı publik hüquqi şəxsin yaradılmasıdır.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan Dilçiliyi kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əlizadə AzNews.az-a müsahibəsində Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsinə dair Fərmanın vacibliyindən danışıb.

- Mehrıban xanım, bildiyimiz qədər, bir neçə ildir ki, Milli Teleradio Şurasının təklifi ilə teleradio verilişlərinin monitorinqini aparan qrupun üzvüsünüz. İşin içində olan bir mütəxəssis kimi, deyə bilərsinizmi, hazırda cəmiyyətimizdə, dövlət orqanlarında, KİV-də ana dilinin istifadəsində hansı nöqsanlar var?

- Məlum olduğu kimi, KİV geniş auditoriyalara informasiya ötürmək iqtidarındadır. Bütün fəaliyyətlərdən fərqli olaraq, KİV xalqın hər bir nümayəndəsi üçün əlçatandır. KİV yalnız maarifləndirmə, təbliğat, təşviqat funksiyasını daşımır, eyni zamanda, dilimizin tətbiqi və təbliği bağlı funksiyaları da yerinə yetirir. Təsəvvür edin, başqa bir dildə danışan, yad bir ölkənin vətəndaşı və ya yad bir dilin daşıycısı, dili ya kitabdan öyrənir, ya da KİV-dən. Bu baxımdan, KİV-in dili nümunəvi olmalıdır. KİV rəhbəri daşıdığı yükün ağırlığını hiss etməlidir. Çünki onun təqdim etdiyi mətnlər bir nəfərə, beş nəfərə deyil, bütün xalqa çatır. Düşünürəm ki, televiziya və radio aparıcıları öz nitqlərinə daha çox fikir verməlidirlər. Axı onlar öz nitqləri ilə kütləyə birbaşa təsir edirlər.

Əslində, bu məsələ dəfələrlə qaldırılıb. Ölkə Prezidenti dilimizdən səlis istifadə ilə bağlı bir neçə Sərəncam, Fərman imzalayıb. Bütün bu rəsmi sənədlərdən məqsəd, məhz ədəbi dilimizin saflığının qorunması, onun tətbiqi səviyyəsinin yüksəldilməsi olub. Sonuncu Fərman da bu qəbildəndir. Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanın verilməsi və bu məqsədlə xüsusi mərkəzin yaradılması haqda qərar qəbul edilməsi, zənnimcə, çox gərəkli bir addımdır.

- Sizin fikrinizcə, ədəbi dilin normalarına, leksik və qrammatik qaydalara necə əməl edilir?

- Ədəbi dil müəyyən normalara tabedir. Bu, təsadüfi proses deyil, seçmə və əvəzetmə üsulu ilə aparılır. Bütün dialektlərin fövqündə olan və bütün funksional üslubları əhatə edən bir forma yaradılır və bu, müəyyən normalara tabe etdirilir. Bu baxımdan, ədəbi dil normalarının bütün səviyyələrdə qorunması vacibdir. Burada artıq könüllülükdən söhbət gedə bilməz. Mütləq şəkildə normalara əməl etməyə məcburuq. Ədəbi dilin normaları isə, təəssüflə demək istəyirəm ki, layiqincə yerinə yetirilmir. Məsələn, fonetik normadan danışırıqsa, ədəbi dilin fonetik xüsusiyyətlərini qorumaq şərti ilə, biz onu nitqimizdə tətbiq etməliyik. Səslərin öz məxrəcində deyil, fərqli məxrəcdə deyilməsi, yad sözlərin təsiri altında dilimizin fonetik qaydalarına xas olmayan səslərin tələffüz edilməsi dilimizə xələl gətirir. Vurğulara riayət olunmaması da nitqimizə mənfi təsir edir. Fonetik, qrammatik normanı bəlkə də kiməsə öyrətmək olar, amma leksik normanı mənimsəmək daha çətindir. Çünki nitq spontan bir prosesdir. Biz onu əvvəlcədən planlaşdırmırıq. Hansı sözü harada işlətmək, mənasına vararaq işlətmək adamın özündən asılıdır.

- Yeni yaradılacaq “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs olaraq Azərbaycan dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək. Sizcə, bu qurum necə fəaliyyət göstərməli, onun hüquq, vəzifə və funksiyaları nədən ibarət olmalıdır?

- Yəqin ki, bu qurumun qarşısında duran vəzifələri də, onun tədbirlər planını da əlaqədar təşkilatlar müəyyən edəcək. Amma sözsüz ki, bu qurumun işi çox səmərəli olacaq. Əslində, buna oxşar qurumlar vaxtilə də yaradılıb. Hər qurum öz missiyasına uyğun çərçivədə müəyyən fəaliyyətlə məşğuldur. Hesab edirəm ki, bu qurum işini yeni əsaslarla, günün tələbinə uyğun quracaq. Bu da nəticə etibarilə ədəbi dilimizin qorunmasına, dövlət səviyyəsində təkmilləşdirilməsinə gətirib çıxaracaq. Yeni qurumdan çox şey gözləyirik.

- Ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi hallarının aradan qaldırılması üçün hansı təsirli tədbirlər görülməlidir?

- Bu, əslində tədbirlərlə də qaydasına düşəcək bir şey deyil. Fərman, əslində Dövlət başçısının bu sahəyə diqqətinin, bu işin dövlət nəzarətində olduğunun göstəricisidir. Bir dili danışan şəxs dilçilikdə “dil daşıyıcısı” adlanır. Dil daşıyıcısı kimi, bizim hər birimizin üzərinə məsuliyyət düşür.

Dil – bir xalqın malik olduğu milli-mənəvi dəyərlər sistemi içərisində ən demokratik olanıdır. Fəhləsindən akademikinə qədər – hamı bu dildən bərabər şəkildə istifadə etmək hüququna malikdir. Amma kimin ondan necə istifadə etməsi, hər kəsin öz dünyagörüşündən, bacarığından, dilə qarşı hörmətindən asılıdır. Biz isə bunu ancaq tövsiyə şəklində deyə bilərik.

- Ancaq insanların ana dilinə münasibəti, sayğısı fərqli də ola bilər...

- Bəli, dilə münasibət ailədən başlayır. İnsan necə dil açırsa, nitqi necə formalaşırsa, eləcə də davam edir və zaman-zaman təkmilləşir. Kiçik yaşlarından uşaqlara normal danışmağı öyrətməliyik – evdə, bağçada, məktəbdə. Bu, ağrılı yerimizidir. Gənclərimizin, uşaqlarımızın nitqi çox zaman məhdud olur. Xüsulilə, mütaliənin azlığı onların dünyagörüşünü məhdudlaşdırmaqla yanaşı, nitq vərdişlərinin də aşağı olması ilə nəticələnir. Bu məsələdə kompleks şəkildəiş aparılmalıdır.

- Ötən il dilimizə yeni sözlər daxil edildi. O sözlərdən bəziləri cəmiyyətdə gülüş doğurdu...

- O vaxt mən həmin sözlərlə bağlı müsahibə vermişdim. O sözlərin hamısı təsdiq olunmadı. Əslində bu, yaxşı bir addımdır, problemin varlığını göstərmək, ona diqqəti yönəltmək cəhdidir. Amma bu sözlərin cəmiyyətdə necə qəbul olunacağını əvvəlcədən heç kim bilə bilməz. Dil canlı orqanizmdir. Elə sözlər var ki, yeni doğulur, bəziləri köhnəlir, sıradan çıxır. Orada elə kəlimələr vardı ki, qəbul oluna bilərdi. Amma elələri var idi ki, mübahisə doğururdu. Məsələn, “embarqo” sözünün “qadağa” sözü ilə əvəzlənməsi təklif olunurdu; məncə, “embarqo” sırf “qadağa” deyil. “Embarqo”nu iqtisadi baxımdan işlətmək olar. “Qadağa” daha geniş anlam daşıyır. “Evakuasiya” sözünü “köçürmə” kimi təklif edirdilər. Əslində, “evakuasiya” “köçürmə” deməkdir, bunun ərəbcə qarşılığı təxliyyədir. Amma “evakuasiya”da mütləq bir həyəcan çaları var.

Ümumiyyətlə, əcnəbi sözlərin dildə vətəndaşlıq qazanması məsələsi var. Bəzi sözlər milli mənşəli olmasa da, vətəndaşlıq qazandığı üçün onun qarşılığını axtarmırıq.

- Azərbaycan dilində nəşr edilən kitabların, dərsliklərin vəziyyəti sizi qane edirmi?

- Bildiyim qədər, dərsliklərlə bağlı da monitorinqlər aparılıb. Amma bu, o qədər qəliz məsələdir ki... Dərslik – hamımızın öyrənəcəyi ilk mənbədir. Ona görə də onda səhv olmamalıdır. Hətta KİV-də də yanlışlıqların olması mümkün sayıla bilər, lakin dərslikdə nöqsanlar olmamalıdır.

Bu sahədə bu gün müəyyən problemlər var. Yəqin ki, bu problemlər dərslik çapının kifayət qədər mərkəzləşdirilməməsi və redaktə işinin yetərli olmaması kimi məsələlərdən qaynaqlanır.

Səidə Nurməmmədli
AzNews.az

image description image description image description