Türkiyədəki seçkilər Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir Türkiyədəki seçkilər Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir

Əli Həziquliyev: "Ermənistan Türkiyədəki seçkinin nəticələrini gözləyir" - MÜSAHİBƏ

Türkiyədəki seçkilər Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. Seçki prosesi Türkiyə ilə yanaşı Azərbaycanda da geniş müzakirə olunan mövzulardan birinə çevrilib.

Sözügedən məsələ ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Əli Həziquliyevin AzNews.az-a verdiyi müsahibəni təqdim edirik:

- Cənab Həziquliyev, Türkiyədə keçirilən seçkilərin birinci turunu necə qiymətləndirirsiniz?

- Türkiyə cəmiyyətində son illər Qərbin təzyiqlərindən Ərdoğana münasibətdə yeni bir müxalifət formalaşmışdı. Azərbaycan mövqeyindən baxanda isə əsas müxalifət hesab olunan Kemal Kılıçdaroğlu arzuolunmaz şəxsiyyətə çevrilmişdi. Onun Azərbaycana qarşı olan çıxışları, Azərbaycana qarşı verdiyi bəyanatlar gərgin münasibətlərin yaranmasına səbəb olurdu. Ona görə də Azərbaycanın mövqeyindən baxdıqda Ərdoğanın qalib gəlməsi arzuolunandır. Hesab edirəm ki,Türkiyədə sağlam seçki keçirilir. Demokratik seçkilərin keçirilməsini çox müsbət qiymətləndirirəm. Türkiyədə şəffaf şəkildə keçirilən parlament seçkilərinin nəticələrini Azərbaycan üçün arzuoluan hesab edirəm.

- Bu seçkilərin Azərbaycan üçün əhəmiyyəti nə idi?

- Bəli, bu seçkilərin həqiqətən də Azərbaycan üçün əhəmiyyəti böyükdür. Azərbaycanın Qərblə münasibətləri üzdə göründüyü kimi sağlam deyil. Qərb də Ərdoğanın əleyhinə idi. Türkiyə və Azərbaycan dövlətləri, cəmiyyətləri arasında münasibətlərin bu qədər yaxın olması həm də İlham Əliyev və Ərdoğanın qardaşlığından irəli gəlir. Hesab edirəm ki, Ərdoğan seçkilərin birinci mərhələsində uduzsaydı, növbəti illər üçün düşmənçilik münasibətlərinin yaranması gözlənilmirdi. Yeni seçilən hakimiyyətlə Azərbaycan arasında münasibətlərinin qurulması da zaman alacaqdı. Ermənistanla Azərbaycanın münaqişə vəziyyətində olduğu bir dövrdə Ermənistanın üstə keçməsi və Qərbin bu dövlətə yardımlarının artması regionda bütün siyasi proseslərin dəyişməsinə gətirib çıxaracaqdı. Bu proqnozlaşdırılmayan bir çox nəticələrə də səbəb ola bilərdi. Bu səbəbdən Türkiyədə keçirilən seçkilər Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir.

- Müxalifət lideri nəyə görə Azərbaycanı görməzlikdən gəldi və strateji layihələrə qarşı çıxdı?

- Türkiyə müxalifətinin bu bəyanatlarla çıxış etməkdə məqsədi Qərbdən dəstək almaqdır. Onlar yaxşı bilirlər ki, İranın kommunikasiya qovşağından keçmə arzusu var. Amma Qərbdə də bunu istəyənlər var. Başlıca olaraq Fransa bu ölkələrin mərkəzində dayanır. Eyni zamanda Fransanın Ermənistan və İranla olan münasibətləri də açıq-aydın ortada idi. Kılıçdaroğlunun bəyanatları Qərbdən dəstəyin alınması üçün verilmişdir. Onlar hesab edir ki, Azərbaycan iqtidarı Türkiyədəki mövcud iqtidara daha çox önəm verir. Azərbaycanın yatırdığı maliyyə Ərdoğanın hakimiyyətdə cızdığı planların həyata keçirilməsinə bir dəstəkdir. Buna görə də Türkiyə müxalifəti Azərbaycana qarşı qərəzli fikirlər səsləndirilir. Türkiyə ictimaiyyətində Kılıçdaroğlunun tərəfdarları arasında bir növ Qərbdən maliyyələşmiş insanlar var. Onların da ciddi bir rolu yoxdur. Hesab etmirəm ki, Kılıçdaroğlunun dəstəkləyən vətəndaşlar Azərbaycanla bağlı səslənən bəyanatlarla razıdırlar.

- Seçkidə Ərdoğan qalib gəlməsə, bu Qarabağ məsələlərinə necə təsir bağışlayacaq?

- Təbii ki, təsir göstərəcək. Ermənistan Türkiyədə seçki nəticələrini gözləyir. Türkiyənin Azərbaycana olan münasibətlərinin dəyişmələrini gözləyirlər. Sonrakı proseslər haqqında fikir bildirmək çətindir. Çox gözəl bilirik ki, Qərbin Azərbaycanla münasibətlərində Türkiyə böyük rol oynayır. Türkiyənin Cənubi Qafqazdakı siyasi mövqeyi Qərb üçün nəzərəalınan məsələdir. Həmçinin Ermənistan və Azərbaycan arasında olan münasibətlərdə də Ərdoğanın rolu danılmazdır.

- Türkiyəli jurnalist Fatih Portakalın “Azərbaycandan dost olmaz” ifadəsi sizcə nəyin göstəricisidir? Türkiyədə hələ də belə zehniyyətlərin olması nəyi göstərir?

- Bu tip insanlardan Azərbaycanda da kifayət qədər var. Ölkədə nə qədər rus və İran meyilli insanlar var. Bu insanlar da "Türkiyədən dost olmaz" fikrini ifadə edirlər. Bunları şəxsi düşüncələri olaraq deyil, maliyyə aldıqları dövlətlərin fikirləri olaraq səsləndirən insanlar var. Belə insanlar olub, həmişə də olacaq. Onlar iki ölkə arasında olan münasibətləri pozacaq səviyyədə deyillər.

- Seçkinin ikinci turundan gözləntiləriniz nələrdir?

- Hesab edirəm ki, seçkinin ikinci turunda Ərdoğan yüksək faizlə rəqibindən üstün səslə seçkilərdə qalib gələcək. Çünki Kılıçdaroğlunun deputat olaraq görmək istədiyi tərədaşlarının parlamentdə uduzduğunu görürük. Türkiyə ictimaiyyəti də burada aktivlik nümayiş etdirir. Mayın 28-nə kimi Kılıçdaroğlu cəbhəsində qopmaların olması qaçılmazdır.

Ayan Rzayeva,

AzNews.az