"Dərslərdə texnoloji yeniliklərin tətbiqi artırılmalıdır" "Dərslərdə texnoloji yeniliklərin tətbiqi artırılmalıdır"

Dərsdə "Başa düşdün", "anladın?" kimi suallardan istifadə etmirəm - BDU-nun ən gənc müəllimi ilə MÜSAHİBƏ

"Dərslərdə texnoloji yeniliklərin tətbiqi artırılmalıdır"

AzNews.az Bakı Dövlət Universitetinin ən gənc müəllimi Kənan Novruzla müsahibəni təqdim edir:

Kənan Novruzov 1999-cu ilin mayın 11-də Bakı şəhərində anadan olub. Orta məktəbi 70 saylı liseydə başa vuran Kənan Novruzov 2016-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Bakalavr təhsilini 2020-ci ildə başa vurduqdan sonra elə həmin il universitetin magistr pilləsinə qəbul olub. O, hazırda universitetin ən gənc müəllimidir.

- Kənan bəy, adınız ölkənin ən gənc müəllimləri sırasındadır. Gənc müəllim olmaq necə hissdir?

- Müəllimlik kifayət qədər məsuliyyətli peşədir. Gənc olmaq isə bu məsuliyyəti daha da artırır. Auditoriyaya həyəcanla daxil olursan. Bəzi situasiyalar sənin üçün ilk təcrübə olaraq yadda qalır. Qərar verərkən bəzən tərəddüd içində qalırsan. Bu mənada gənc müəllim olmaq kifayət qədər çətindir. Buna baxmayaraq məzunu olduğum, jurnalist kimi yetişdiyim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs tədris etmək mənim üçün böyük xoşbəxtlikdir. Mən bunu 3-cü kursda oxuyanda qarşıma məqsəd qoymuşdum. O vaxtdan müəllimlərim də bildirmişdi ki, bu tempdə davam etsəm, onların həmkarı ola bilərəm. Bu, onların etimadı, mənim göstədiyim səylər nəticəsində reallaşdı. Hər dəfə auditoriyaya daxil olanda qarşıdakı 90 dəqiqəni həm mənim, həm də onlar üçün həlledici olduğunu başa düşürəm. Çalışırıq ki, bu müddət hamımız üçün səmərəli olsun. Auditoriyadan çıxanda özümün və tələbələrimin “90 dəqiqə ərzində nəyə nail oldum?” sualına daha dolğun cavab tapması üçün durmadan çalışıram.

- Bəs, həm jurnalist olmaq, həm də ali təhsil müəssisəsində dərs vermək çətin deyil?

- Mən jurnalist və müəllim olmaqla yanaşı həm də Beynəlxalq Münasibətlər və Siyasi Araşdırmalar Mərkəzində ekspert kimi fəaliyyət göstərirəm. Bu iş kifayət qədər çətin və vaxt məhdudiyyəti olan sahədir. Yeri gələndə yorğunluq, müəyyən çətinliklər olur. Buna baxmayaraq işimin öhdəsindən gəlməyə kömək olan bu sahəyə olan sevgimdir. Sevgi hər şeyin yaxşı bitməsi üçün mübarizə aparmaqdır. Bu mənada öz öhdəliklərimi yerinə yetirə bilirəm. Əlbəttə, arzu edirəm ki, tələbələrim də bu sahədə gümrah olsunlar, vaxtdan səmərəli istifadə etsinlər.

- Siz də gəncsiniz, bu baxımdan tələbələrinizlə aranız necədir? Onlarla dil tapmaq asan olurmu? Ümumiyyətlə, bu sahədə gənc olmağın üstünlüyü barədə nə deyə bilərsiniz?

- Tələbələrimlə münasibətim çox yaxşıdır. Tələbələrimdən mənim dərs metodikamı bəyənməyənlər ola bilər. Amma bu kifayət qədər normaldır. Təbii qarşılayıram. Gənc olmağın çətinlikləri və üstünlükləri var. Çətinliklər isə ondan ibarətdir ki, bu sahədə bir çox situasiyalar mənim üçün yenidir. Etiraf etmək lazımdır ki, burada cəld qərar verməli olursan. Nəticədə səhv qərar vermiş ola bilərsən. Bu səhvi təkrarlamamalısınız. Yaşlı müəllimlər daha çox təcrübəlidirlər. Onlar nəyi necə etməli olduqlarını daha yaxşı bilirlər. Gənc olmağın üstünlüyü ondan ibarətdir ki, biz eyni nəslin nümayəndələriyik. Hesab edirəm ki, gənclərin zövq və maraqlarını daha yaxşı bilirəm. Bu, dərs prosesində onların nəbzini tutmağa kömək edir. Bundan əlavə hər fərdə özünəməxsus yanaşmaq lazımdır.

- Hazırda təhsil sistemində narazı olduğunuz nüanslar varmı? Varsa, hansılardır?

- Dərslərdə texnoloji yeniliklərin tətbiqi artırılmalıdır. Təkcə bu proyektlərlə kifayətlənməməlidirlər. Dərslərdə nəzəriyyə təcrübə ilə inkişaf etdirilməlidir. Tələbələrin nəzəriyyədə öyrəndiklərini təcrübədə tam şəkildə tətbiq etməsi üçün şərait yaradılmalıdır. Dərslərin interaktivliyi artırılmalıdır. Elə bir vəziyyət yaranmalıdır ki, qayıb məsələsi artıq həllini tapsın. Qayıb məsələsi tələbə ilə müəllim arasında mübahisəyə səbəb olmamalıdır. Tələbə başa düşməlidir ki, dərsdə iştirak etmirəmsə, qayıbın yazılması müəllimin vəzifə borcudur.

- Dərs prosesində tələbələrin qarşısına hansı yeniliklərlə çıxırsınız? Ümumiyyətlə, dərsləri daha cəlbedici etmək üçün nələr edirsiniz?

- Çalışıram ki, dərslər yetərincə interaktiv keçsin, ən passiv tələbə belə dərsdə iştirak etsin, hər tələbənin zehnində mövzu ilə bağlı bir anlayış yaransın. Adətən auditoriyada tələbəyə irad bildirməməyə çalışıram. Çalışıram ki, tələbə ilə göz kontaktı yaradım. Əgər bir tələbəyə iradım varsa, bunu göz kontaktı quraraq bildirirəm. Çalışıram ki, bunu ikimizdən başqa heç kəs bilməsin. Auditoriyada "Başa düşdün, anladın?" kimi suallardan istifadə etmirəm. Onun əvəzinə "İzah edə bildim?" sualını verirəm. Çünki tələbənin başa düşməməsi müəllimin mövzunu yaxşı izah edə bilməməsi ilə əlaqəli ola bilər.

- Məlumdur ki, bəzən tələbələr gənc müəllimlərə qarşı daha rahat davranışlar sərgiləyə bilirlər. Bəzən bu davranışlar etik normalardan kənara çıxa bilir...

- Mümkün qədər çalışıram ki, etik normalara riayət edim. Bunu etməklə həm də tələbənin mənə adekvat davranmasına şərait yaradıram. Bir növ güzgü effekti. Yəni mən sənə qarşı nə qədər diqqətliyəmsə, qarşılığında da bunu görmək istəyirəm. Mən hər semestrin sonunda anonim şəkildə sorğu keçirirəm. Bununla tələbələrimin mənim dərsimə olan irad və təkliflərini öyrənməyə və növbətin semestrda həmin sorğudan dərs çıxarmağa çalışıram.

- İmtahan sessiyası davam edir. Tələbələrinizin nəticələrini necə qiymətləndirirsiniz?

- Mənim tələbələrim adətən bir qayda olaraq yaxşı nəticə toplayırlar. Bu semestr İnformasiya və Texnologiyalar fənninin seminarını tədris edirdim. Bir qrupum artıq imtahandan uğurla keçib. Digər qrupum isə yaxın günlərdə imtahan verəcək. Onların da yüksək nəticə ilə çıxacağından heç bir şübhəm yoxdur. Çünki bunun ən böyük səbəbi mənim onlara olan inamımdır. Mənim onlara olan inamım o qədər böyükdür ki, tələbələrim arasında gələcəyin deputatlarının və nazirlərinin olacağını indidən deyə bilərəm. Mən hər qrupla ilk tanış olanda deyirəm ki, bizim iki vəzifəmiz var. Birinci vəzifəmiz imtahandan maksimum nəticə ilə çıxmaq, ikincisi isə burada öyrəndiklərimizi gələcəkdə tətbiq etməkdir. Burada "biz" deməkdə məqsədim tələbənin "biz"i bir komanda olaraq görməsini təmin etməkdir.

- Sonda pedaqoji fəaliyyətinizlə bağlı yaddaqalan xatirələrinizdən danışmağınızı istərdik.

- 4-cü kurslara dərs deyirdim. Bir də gördüm ki, tələbələr əllərində çayla auditoriyaya doğru addımlayırlar. Bildim ki, burada dərs keçmək alınmayacaq. Digər işimi həll etmək istədim. Bir də gördüm tələbələr çağırdı ki, Kənan müəllim, siz də gəlin. Mən də onlarla birlikdə vaxt keçirdim. Birlikdə oyun oynadıq, xatirə şəkli çəkdirdik. Tələbələrimdən biri dedi ki, Kənan müəllimin az danışmağı sizi təəccübləndirməsin. O, həmişə belədir. Həmin vaxt tələbəmin müşahidə və analiz qabiliyyətinin bu qədər yüksək olması, əslində, məni sevindirdi. Bir neçə dəfə olub ki, ezamiyyətlərdə, tədbirlərdə, istehsalatda çalışan tələbələrimlə qarşılaşmışam. Onların belə çalışqan olmaları məni sevindirir. Mənim çox yaxşı müəllimlərim olub. Dekan Vüqar Zifəroğluna, elmi rəhbərim Cahangir Məmmədliyə, Xatirə Hüseynovaya, Qulu Məhərrəmliyə, Nəsiman Yaqubluya və başqalarına çox böyük hörmətim var. Əgər mən də bu yaşda öz tələbələrimdən hörmət, ehtiram qazana bilmişəmsə, nə xoş mənə.

Ayan Rzayeva

AzNews.az

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması sahəsi üzrə hazırlanıb.