Ağalı sakini: "Sanki dağlar dilə gəldi ki, 30 ildir harada idiniz?" - MÜSAHİBƏ

Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür. 30 ilə yaxın həsrət içində yaşayan insanlar ötən il öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıb. Öz doğma yurduna geri dönənlərdən biri də Ağalı sakini Minayə Mahmudovadır.

AzNews.az Ağalı kənd sakini ilə müsahibəni təqdim edir.

- Minayə xanım, doğma torpağınız Ağalıdan nə vaxt çıxmışdınız? Bu barədə danışmağınızı istəyirik.

-1993-cü ildə erməni silahlı qüvvələrinin hücumu nəticəsində biz dogma yurd-yuvamızdan didərgin düşdük. Biz Araz çayı sahilindən çıxmışdıq. O günlər bizim üçün çox ağrılı-acılı xatirələr idi. Dədə-baba torpaqlarımızı qoyub Bakıya üz tutduq. Bir həftə İmişlidə qalıb, Bakıya gəldik. Xalqımız, millətimiz dövlətimiz,Prezidentimiz bizə arxa-dayaq durdular. O çətin günlərdə bizə dəstək oldular. Məcburi köçkün həyatını yaşayanlar o günləri xatırlamaq istəmir. Onlardan biri də mənəm.

- 30 ildən sonra yurdunuza geri qayıdanda hiss etdiyiniz təəssüratları bizimlə bölüşməyinizi istəyərdik.

- O hissləri bilmək üçün gərək onu yaşayasan. İlk dəfə öz kəndimizə daxil olanda adama elə gəldi ki, dağlar, daşlar lərzəyə gəldi. Sanki dağlar dilə gəldi ki, 30 ildir harada idiniz? Mənə elə gəlirdi ki,o torpaqları, dağları,daşları 30 ildə kədər bürüyüb. Arzu edirəm ki, bütün məcburi köçkünlər tezliklə öz yurdlarına dönsünlər. Biz bura köçəndə sevincimizin həddi-hüdudu yox idi. Bizə bu sevinci yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah qazilərimizi və prezidentimizi qorusun. Bura ilk dəfə gələndə göz yaşımlarımı saxlaya bilmədim. Biz buradan çıxanda ata-anamızla doğma torpağımızı tərk etmişdik. Bu gün bura onlarsız gəldik. Bu, bizi təsirləndirdi. Amma bu günkü günə də çox şükür ki, artıq öz obamızdayıq.

- Bu 30il ərazində Ağalısız necə yaşadınız?

- Xalq arasında belə bir deyim var ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Azərbaycanın hər bir torpağı bizim üçün Vətəndir. Amma öz torpağın doğulub, boya baça çatdığın torpaq sənə ayrı əzizdir. Ağalısız keçən illərdə biz torpağımızı ancaq yuxularımızda görürdük. Hər gecə Ağalını yuxumda görürdüm. Bura döndüyümü, öz uşaqlığım, həyətimiz yuxularımdan çıxmırdı. Biz buradan çıxanda illərlə yataqxana şəraitində yaşamışıq. Sonra prezidentimiz bizə ev verdi. Artıq oradan Ağalıya üz tutanda o evin açarlarını şəhid ailəsinə təhvil verib gəlmişik. 30 il bir yuxu kimi gəlib keçdi.

- Ağalıda keçirdiyiniz uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Mən ailəmizin səkkizinci uşağı olmuşam. Ən balaca mən idim. Ağalıda keçən uşaqlıq illərimi heç zaman unutmayacağam. Əziyyətsiz, qayğısız, valideynlərimlə birlikdə keçən uşaqlığım gözümün önündən getmir. Bu torpağa ilk ayaq basanda da elə valideynlərim, burada keçən uşaqlığım, xatirələrim, dostları ilə həyətdə oynayan balaca Minayə gözümün önündə canlandı.

- Minayə xanım, doğma yurd-yuvanızı tərk edəndə sizdə psixoloji təsirləri olub. Bu sarsıntı ilə necə mübarizə apardınız?

- Əlbəttə, ailəlikcə psixoloji sarsıntılar keçirirdik. Çünki öz elimizi, obamızı tərk etməyə məcbur qalmışdıq. Hər yer bizə qərib gəlirdi. İnsanlar da bizə yad gəlirdi. Sonradan bu psixoloji sarsıntıdan xilas olmağa çalışdıq. Oraya geri qayıdacağımız günlərin yaxınlaşacağına ümid edərək, inanaraq bu psixoloji problemin öhdəsindən gəldik. Mən inanırdım. Prezidentimiz də hər çıxışında torpaqlarımıza qayıdacağımızı dəfələrlə bildirirdi. Çox şükür ki, o günləri artıq yaşayırıq.

- Ağalıya köçdən artıq bir il ötür. Doğma yurdda hansı işlərlə məşğul olursunuz?

- Mən bura köçəndən işlə təmin olunmuşam. Şərqi Zəngəzur 1 saylı bərpa tikinti idarəetmədə baş mütəxəssis olaraq çalışıram. İşdən də sonra öz həyətimizdə bitki və təzəvəz əkini ilə məşğul oluram. Buraya köçən hər kəs gələn gündən işlə təmin olunub. Hər şey yüksək səviyyədə təşkil olunub. Bütün kommunal xərclərdən azad olunmuşuq. Bakıdan qohumlarımız zəng vurur, günümüzün necə keçməsi ilə maraqlanırlar. Cavabımda həmişə deyirəm ki, insan öz doğma elində, obasında darıxarmı heç?

Ayan Rzayeva

QEYD: Məqalə işğaldan azad olunmuş ərazilərə "Büyük Qayıdış" sahəsi üzrə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanmışdır.

image description image description image description image description