"Laçını görüb, başqa yerdə yaşamaq mümkünsüzdür" - Arif Paşa doğma yurdunda!

Azərbaycan Silahlı Qüvvələrinin Laçın dağ-atıcı alayının ilk komandiri, Birinci Qarabağ müharibəsinin əfsanəvi iştirakçılarından olan Arif Paşa uzun illər sonra doğma yurdu Laçına dönüb.

AzNews.az Arif Paşadan təəssüratlarını bölüşməyi xahiş edib.

- Arif bəy, uzun illərdən sonra öz doğma yurdunuza geri döndünüz. Sizin dağlar yerindəmi?

- Hisslərimi sözlə ifadə edə bilməyəcəm. Təsəvvür edin ki, biz doğma torpağımızı, elimizi, evimizi 30 ilə yaxın bir zaman ərzində görməmişik. Bu, çox ağır dərddir. Hər gün bu dərdlə yaşamışıq, yaşlanmışıq. Bu gün Laçına geri qayıtmışıq, şükürlər olsun Burada insanların məskunlaşdığını görəndə xoşbəxt olur adam, sevincdən qəhərlənir. Bu torpaqlarda yaşayışın bərpa olduğuna görə həqiqətən də adam sevinc göz yaşlarına qərq olur. Allah heç kəsə öz doğma yurdunu itirməyi nəsib etmən.

- Laçını nə zaman tərk etmişdiniz? İşğaldan öncəki Laçını necə xatırlayırsınız?

-1992-ci ilin mayın 17-dən 18-ə keçən gün saat 11.45-də çıxmalı olmuşduq. Çox çətin günlər idi. Erməni silahlı dəstələri hücum etdilər, şəhərə girdilər. Bu illər ərzində Laçın yaddaşımızdan bir an da çıxmadı. Körpədən tutmuş qocaya kimi hamı "Laçın" deyirdi, vətən həsrəti ilə yaşadı. O ağrılı-acılı günlərdə Laçına geri dönəcəyimizə əmin idik. İnsan öz torpağını necə unuda bilər? Belə şey mümkün deyil. Laçın bizim qanımızdır, canımızdır. Bu gün bu torpaqlara ayaq basdığımız üçün Tanrıya şükür olsun.

- Laçın dəyişir, yenidən qurulur. Gözəldirmi?

- Hamıya məlumdur ki, mənfur düşmənlər bu gözəl torpaqları hansı hala salmışdılar. Amma bu gün burada abadlıq işləri gedir. Bakı Abadlıq xidməti burada abadlaşdırma işləri aparır, şəhəri yenidən canlandırır. Bu şirkət Bakıda və Balaxanıda da gözəl abadlaşdırma işləri aparıb. Bu gün Laçında bu gözəllikləri gördükdə insan öz gözlərinə inana bilmir. Bəli, Laçın günündən-günə gözəlləşir. Burada yeni fabriklər, zavodlar tikilir, iş yerləri açılacaq. Laçın yaşayış üçün çox gözəl şəhərdir, məncə, ən gözəl şəhərdir.

- Laçında daimi yaşamaq istəyərsiniz?

- Ömrümün sonuna kimi burada yaşamaq istəyirəm. İllər uzunu Laçınsız yaşayıb, torpaq həsrəti çəkmişik. Doğma yurdumuz Laçını görüb, başqa yerdə yaşamaq mümkündür? Təbii ki, yox. Laçında yollar salınır, beynəlxalq hava limanı tikilir. Laçın ən gözəl yaşayış məskənlərindən biri olacaq. Buna əminik. Buraya, doğma yurduna gəlmək möhtəşəm bir təəssürat idi.

Ayan Rzayeva

image description image description image description image description image description