"Rus sülhməramlıları Qarabağı tərk etməlidir" — İYİ Partiyanın deputatı

"İYİ Partiya bir an əvvəl Xocalı, Xankəndi və digər ərazilərin əsl sahibi olan Azərbaycana təhvil verilməyini, eləcə də rus sülhməramlılarının bölgədən getməsini və Zəngəzur dəhlizinin açılmasını istəyir".

Bu sözləri Türkiyənin İYİ Partiyasının deputatı, professor Mehmet Akalın Demokrat.az-a müsahibəsində deyib.

Türkiyəli millət vəkili ilə sözügedən müsahibəni təqdim edirik:

- Mehmet bəy, İYİ Partiya gələn il keçiriləcək bələdiyyə seçkilərinə necə hazırlaşır? Hədəfləriniz nələrdir?

- İYİ Partiya Türkiyədə iqtidar olmaq üçün qurulan siyasi partiyadır. İqtidara gəlmək və seçkiləri qazanmaq üçün əlimizdən nə gəlsə, edəcəyik. Bu mənada, qarşıdakı bələdiyyə seçkiləri üçün də bütün təşkilatlarımız parlament və prezident seçkilərindən sonra yenidən meydanlara qayıdaraq çalışmalar həyata keçirirlər. Partiya sədrimiz Meral Akşener də çalışmaları yaxından izləyir.

Bələdiyyə sədrliyi üçün namizədlər də artıq yavaş-yavaş ortaya çıxmağa başlayır. Partiyamız 81 vilayət, 922 rayon və bütün bələdiyyələrdə öz namizədi ilə seçkiyə girərək, türk millətinin etimadını qazanacaq. Nəticə etibarilə, bütün Türkiyə üzrə iddialıyıq.

- Maraqlıdır, İYİ Partiya nə üçün bələdiyyə seçkilərinə təkbaşına girməyə qərar verdi?

- İYİ Partiya Türkiyəni idarə etmək, iqtidara gəlmək arzusu olan partiyadır. Əslində, siyasi partiyaların qurulma səbəbi də məhz budur. Təbii ki, partiyamız bələdiyyə seçkilərinə təkbaşına girməklə bağlı da qərar verə bilər. Biz İYİ Partiya olaraq heç bir zaman tək adam təfəkkürü ilə qərar verməmişik. Partiyamızın səlahiyyətli orqanları seçicilərimizin düşüncələrini dinləyərək qərarlar verir. Həmçinin, biz heç bir siyasi partiyanın "ehtiyat oyunçusu" və ya "dəyənəyi" olmadığımızı deyirik. Ona görə də Türkiyəni idarəetmə hədəfi olan bir partiyanın bələdiyyə seçkilərinə də təkbaşına girmək qərarı olduqca normaldır. Biz həm də seçiciləri ittifaqlara məcbur etməyin doğru olmadığını düşünürük.

Üstəlik, hansısa ittifaq olmadan bütün siyasi partiyaların bərabər rəqabət içərisində namizədi ilə mübarizə aparmasını istəyirik. Çünki biz ittifaq olaraq seçkiyə girmə inancımızı itirmişik. Eyni zamanda, bu vəziyyətin seçicilər üçün daha doğru olacağını proqnozlaşdırırıq.

Öncəki bələdiyyə seçkilərində İYİ Partiya 20-22 rayonda bələdiyyə qazandı. Amma ittifaq olaraq İstanbul və Ankara olmaqla bir çox böyük şəhərlərdə qalib gəldik. Lakin mütəmadi olaraq bunu davam etdirmək doğru deyil. Onda siyasi hədəflərinizdən və arzularınızdan imtina etmiş olursunuz. Əlbəttə ki, İYİ Partiyanı digər partiyalara seçki qazandırmaq üçün qurmamışıq. Biz özümüz iddialı partiyayıq.

Xüsusilə, son seçkidən sonra qazanılan bələdiyyə sədrləri ittifaq deyil, Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə sədri kimi çalışırlar. Biz də bunun fərqindəyik. Ona görə də hər kəsin göbəyini özünün kəsməyini istəyirik.

- Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının son zamanlardakı təxribat xarakterli addımları ilə bağlı nə düşünürsünüz?
- Bildiyimiz kimi, Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli Bəyanatına əsasən, 5 il müddətinə müvəqqəti olaraq Qarabağa yerləşdirilib. Onların müddəti isə 2025-ci ildə başa çatır. Sülhməramlıların daha 5 il bölgədə qalması üçün isə Rusiyaya təxribatlar lazımdır. Çünki həm bölgədəki insanlara, həm də beynəlxalq ictimaiyyətə demək istəyirlər ki, rus sülhməramlıları buradan çıxarsa, regionda şiddətli müharibə olar və Qarabağdakı ermənilər zərər görər. Onlar bu istiqamətdə təbliğat aparırlar. Sadəcə Ermənistanda hərbi bazası olan Rusiya İkinci Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyəti bəhanə edərək Xocalı və Xankəndi kimi strateji bölgələrə hərbçilərini yerləşdirib. Kreml bölgədə ona ehtiyac olduğunu, Rusiyasız sülhün mümkün olmayacağını, Qafqaz və Xəzər dənizi ətrafının təhlükəsizliyinin onun məsuliyyətində olduğunu göstərməyə çalışır. Çarlıq və Sovet dönəmindən qalan bu hamilik anlayışı Rusiya Prezidenti Vladimir Putin tərəfindən də hələ davam etdirilir.

Son günlərdə artan təxribatlar, xüsusilə Azərbaycanın Laçın yolunun girişinə nəzarət-buraxılış məntəqəsi qurması ilə daha da alovlanıb. Azərbaycan Rusiyanın təxribatlarına qarşı çox diqqətli olmalıdır. Xüsusilə, beynəlxalq ictimaiyyətə doğru məlumat verilməsi və xarici nümayəndələrin bölgəyə gəlməsi cəhətdən fəaliyyətlər davam etdirilməlidir.

- Dediyimiz kimi, sülhməramlıların müddəti 2025-ci ildə başa çatacaq. Sizcə, rus sülhməramlıları 2025-ci ildə və ya daha əvvəl göndərilməlidir?

- Bölgədəki sülhün, sabitliyin və təhlükəsizliyin sadəcə özünün vasitəsilə təmin olunacağını düşünən Rusiyanın buradan uzun müddət çıxmamaq niyətində olmadığı anlaşılır. Onların bölgədəki fəaliyyətlərinə baxanda da bunu açıq şəkildə görmək mümkündür. Rəsmi Moskva Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək və Azərbaycan ilə Ermənistan arasında imzalanan atəşkəsin davam etməsi üçün özünün bölgədə olmasının lazım olduğunu düşünür. Hətta rus sülhməramlılarının 2025-ci ildən sonra da bu strateji bölgədən çıxmaq niyətinin olmadığı görünür.

Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, rəsmi Bakı üçün "Qarabağ problemi" adlı bir məsələ qalmayıb. Çünki Qarabağda məskunlaşan mülki ermənilər Azərbaycan vətəndaşıdır. Onlar da Azərbaycan vətəndaşları ilə eyni haqlara sahibdirlər. Lakin hansısa başqa bir düşüncəyə və yaxud da "status"a fürsət verilməyəcək. Azərbaycan dövləti bölgədə təhlükəsizliyi təmin edəcək gücə və iradəyə sahibdir. Bunun üçün də bölgədə rus sülhməramlılarına ehtiyac qalmayacaq.

- Hazırda Azərbaycanın tarixi şəhəri olan Xankəndidəki separatçı erməni rejim təxribata əl ataraq, Azərbaycanın humanitar yardımlarından imtina edir və göndərdiyimiz yardımları qəbul etmir. Buna baxmayaraq, Xankəndidə guya "humanitar böhran" olduğunu iddia edirlər. Necə "böhran" var ki, Azərbaycanın 40 tonluq yardımı qəbul edilmir? Ümumiyyətlə, son baş verənlərlə bağlı İYİ Partiyanın mövqeyi necədir?

- Xankəndidə yaşayan separtaçı ermənilər təxribatlarına davam edirlər. Onlar beynəlxalq aləmə Azərbaycanın "humanitar böhran" yaratdığını iddia edirlər. Lakin bunun belə olmadığını tərəfsiz beynəlxalq təşkilatlar və dövlətlər bilir. Mətbuatda çıxan xəbərlər də reallığı dəstəkləyir. Azərbaycan hakimiyyəti Xankəndidəki vətəndaşlarının ehtiyaclarını qarşılamaq üçün hər cür yardımı etməyə hazırdır. Rəsmi Bakı bu istiqamətdə hərəkətə keçsə də, özlərini "məzlum" kimi təqdim edən ermənilər Azərbaycan əleyhinə təbliğat aparmağa davam etdilər. Biz İYİ Partiya olaraq Azərbaycanın yaxşı niyyətini görürük və qardaş ölkəmizi dəstəkləyirik.

- Bəs, Fransa Prezidenti Emmanuel Makronun Ermənistana açıq şəkildə dəstək olmasını və həddini aşaraq Azərbaycanı təhdid etməyini necə dəyərləndirirsiniz?

- Fransa orada yaşayan erməni diasporuna görə, dövlət siyasətini tərəfsiz və qərəzsiz aparmır. Rəsmi Paris hadisələrin ən başından bəri Ermənistan dövlətinə və erməni terroruna dəstək verir. Bu, bütün dünya ictimaiyyəti tərəfindən də bilinir. Ona görə də Fransanın Ermənistanı dəstəkləməsi və açıq şəkildə Azərbaycana qarşı olması çox da təəccüblü bir hal deyil.

Azərbaycan isə Türkiyə dövlətinin və xalqının dəstəyindən əmindir. Qardaş ölkəmiz haqlı olduğu mübarizəsində sonuna qədər gedəcək. Biz buna heç şübhə etmədən inanırıq. İYİ Partiya olaraq bir an əvvəl Xocalı, Xankəndi və digər ərazilərin əsl sahibi olan Azərbaycana təhvil verilməyini, eləcə də rus sülhməramlılarının bölgədən getməsini və Zəngəzur dəhlizinin açılmasını istəyirik. Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsini və yekun sülh müqaviləsinin imzalanması mövqeyindən çıxış edirik. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyü məsələsində bir millət, iki dövlət anlayışı ilə hərəkət edirik.