Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya

"Məktəbə gələndən sonra uşaqda xeyli irəliləyiş görmüşəm".

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbində uşaqlara xüsusi qayğı və sevgi ilə yanaşırlar

"Məktəbə gəlməmişdən öncə ilə sonranı müqayisə edim. Əvvəllər mənim uşağım hərəkət cəhətdən ipə-sapa yatmırdı, özünü idarə edə bilmirdi, sözə qulaq asmırdı. Amma implant olunmuş uşaqlar üçün ayrılan sinifdə dərsə başladı, 2 il ərzində çox şey dəyişdi, indi dərsdə rahat oturur, yazır. Müəllimin verdiyi tapşırıqları hazırlayır”.

"Övladım bu məktəbdə yaradılan implant sinifdə təhsil alır. Artıq 2-ci sinifdə oxuyur. Demək olar ki, hər bir sözü burda öyrənib. Məktəbə gələndən sonra uşaqda xeyli irəliləyiş görmüşəm”.

Bu sözləri bizimlə söhbətində məktəbin həyətində qarşılaşdığımız, övladlarının dərsdən çıxmasını gözləyən valideynlər – Lətifə İsmayılova ilə Billurə Məmmədova bildirdilər. Onların haqqında danışdığı implant olunmuş uşaqlar üçün ayrılan sinif məsələsinə bir azdan toxunacağıq. Amma qeyd edək ki, hazırda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbindəyik. Məktəbdə nitq və eşitmə əngəlli uşaqlar təhsil alırlar. Amma deyilənə görə, təhsillə yanaşı, burda onlar müxtəlif istiqamətlərdə peşəyönümlü bacarıqlarını da inkişaf etdirirlər. "Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” deyib, ümumi olaraq məktəblə tanış olmaq qərarına gəldik.

Psixoloji tərəfdən uşağın məktəbə gəlməyi önəmlidir

Binadan başlasaq, məktəb iki korpusdan ibarətdir. Birinci korpusda 1-4, ikinci korpusda 5-11-ci sinif şagirdləri təhsil alırlar. İlk olaraq balacaların dərs keçdiyi korpusa yollanırıq. Məktəb və dəhlizdə sakitlik? – sualını özümə verirdim ki, hazırda dərs saatı olduğunu öyrəndim. Fürsətdən istifadə edib məktəbin direktoru Bahar Kərimova ilə bir az söhbətləşdik. Bahar xanım deyir ki, məktəb 1967-ci ildən fəaliyyət göstərir, ilk dəfə 12 şagird qəbul olunub. Zaman keçdikcə təbliğat aparılıb və bu say artıb. Hazırda məktəbdə 600-dən çox nitq və eşitmə əngəlli uşaq təhsil alır.

B.Kərimovanın sözlərinə görə, nitq və eşitmə əngəlli uşaqların ev mühitində qalanları ilə məktəbə gedənləri arasında böyük fərq olur: "Təkcə təhsil cəhətdən fərqlənmirlər, həm də psixoloji tərəfdən uşağın məktəbə gəlməyi önəmlidir. Bəzi valideynlər uşaqlarını evdə, həmyaşıdlarından və cəmiyyətdən təcrid edərək öz himayələrində saxlayırlar. Bu da uşaqların cəmiyyətə inteqrasiyasına mane olur və belə uşaqlar valideynlərin səhvi ucbatından psixoloji zərbəyə məruz qalırlar. Məktəbimizdə isə uşaqlar zamanla aktivləşirlər. Burda daktil və mimika vasitəsilə yazılı və şifahi nitqləri inkişaf etdirilir”.

Direktor deyir ki, məktəbi bitirdikdən sonra hər kəs öz bacarığına görə təhsilini davam etdirir: "Uşaqlarımız daha çox peşə yönümlü lisey və kolleclərə yönəldilir və təhsillərini davam etdirirlər. Builki məzunlardan 7 şagirdimiz tələbə adını qazanıb. Şagirdlər 11 il oxuyub ümumi orta təhsil haqqında sənəd alırlar. Dərslər də xüsusi tədris proqramı əsasında keçirilir. Şagirdlər birbaşa ali məktəblərə daxil olmaq üçün təhsillərini qiyabi axşam məktəbində davam etdirirlər”.

Qeyd edək ki, şagird qəbulu üçün məktəbdə deyil, hər rayonda yerləşən tibbi-pedaqoji komissiyalara müraciət etmək lazımdır. Valideynlər müraciət etdikdən sonra tibbi-pedaqoji komissiyalar qərar çıxarır, uyğun olduğu halda uşaq internata göndərilir. Bütün rayonlarda komissiyalar var.

1-2-ci siniflərdə daha çətin olur

Siniflərə də baş çəkmək qərarına gəldik. İlk olaraq 4-cü siniflərin dərsində iştirak etdik. Sinifdəki şagirdlərin hər birinin o qədər işıqlı üzü, pozitivliyi var idi ki... Müəllim olmağın çətinliyini bu gülər simalar yəqin ki unutdurur. Müəllim Mahirə Daşdəmirovadeyir ki, əsas çətinlik 1-2-ci siniflərdə olur, sonra artıq hər şey qaydasına düşür: "16 ildir ki, burdayam. Bu cür uşaqların əsasən, 1-2-ci sinifləri çətin olur, məktəbə, uşaqlara uyğunlaşması bir az vaxt alır. Oxumağa alışmaları lap çətin olur. Çünki digər uşaqlara valideynlər özləri evdə nələrisə öyrədirlər, amma bunların eləsi var ki, tam sıfırdan bizə gətirirlər”.

Sinfin ən aktiv şagirdi Cavid Tağıyev idi. Müəllimi deyir ki, o, həm də çox yaxşı oxuyur. Valideynləri rayonda olur, o özü internatda qalır. Buna baxmayaraq, dərslərinə məsuliyyətlə yanaşır. Cavid 3-4 günə rayona evlərinə gedəcək, o bunun sevincini də bizimlə bölüşdü.

"Od durur, su durur, amma Gülseyrə Ağabalayeva durmaz” demək olar. Bu balaca qız dərslərini yaxşı oxumaqla yanaşı, rəsm çəkir, tikmə, toxuma, muncuqlardan əl işləri hazırlayır. Deyilənə görə, hətta hind mahnılarına rəqs etməyi gözəl bacarır. Bir dəfə anası müəlliminə danışırmış ki, Gülseyrə internetdə bir videoda gördüyü əl işini düzəltmək üçün köynəyini kəsib, onu hazırlayıb. Hətta onun rəqsi çox tərifləndiyi üçün "sizin üçün rəqs etmək istəyirəm” dedi və etdi də. Eşitməyən birinin rəqs etməsi məsələsinə bir azdan toxunacağıq...

Əvvəlcə səsi alırıq, sonra hecaları, sonra da sözləri

Daha bir 4-cü sinifdə iştirak etdik, artıq fasilə olduğu üçün onlar şirniyyat yeməklə məşğul idilər. Amma burda gördüyümüz şagirdlərin bir qismi digərlərindən bir neçə yaş böyük kimi gəldi. Müəllim bildirdi ki, bəzən valideynlər uşaqları məktəbə bir-iki yaş gec gətirirlər, ona görə belə fərqlər ola bilir.

Məktəbə gələrkən uşaqlarda səs olmur, bu bacarıq məktəbdə inkişaf etdirilir. Eşitmə qalığının inkişafı və tələffüz üzrə iş fənninin müəllimi Yeganə Musayeva deyir ki, zamanla müxtəlif vasitələrlə onlarda bu səsi yaratmağa çalışırlar: "Əvvəlcə, səsi alırıq, sonra hecaları, sonra da sözləri. Məsələn, "müəllim” sözünü olduğu kimi tələffüz edəcəyini deyə bilmərik. Müəyyən qədər eşitməsi olan uşaqlar səsi olduğu kimi deyə bilərlər. Tamamilə eşitməyənlərdə isə "məlllm” kimi almaq olur. Yaxud serebral iflicli uşaq var, onda sait səslər ala bilirik, samitləri yox. Hər uşağa görə dəyişir”.

Ömrünün 34 ilini məktəbdə çalışan Mehparə Həsənova bildirdi ki, bu uşaqlar sevgini, nəvazişi çox xoşlayırlar: "Başlarını sığallaya-sığallaya biz onlara nə isə öyrətməyə çalışırıq. "5” alanda, o qədər sevinirlər ki. 5 qiymətinin yanında bir ulduz şəkli qoyanda sevincləri lap aşıb-daşır. Qayğıya son dərəcədə ehtiyacı olan uşaqlardır. Qayğılarını çəkə-çəkə dərs öyrədirik”.

İmplant olunmuş uşaqlara aid sinfə gələk. Bu uşaqlar əməliyyat olunublar və aparat qoşulmaqla eşidə bilirlər. Ona görə bu uşaqlara artıq danışığı da öyrətmək mümkün olur. Müəllimləri dedi ki, bu uşaqlar eşitdikləri üçün dəcəllikləri daha çoxdur.

Toxuma, tikmə, muncuqlardan əl işləri və s.

Sonra ikinci korpusa yollanırıq. Burada "Əmək hazırlığı” dərsində iştirak etdik. Və dərsin keçirildiyi otağa daxil olanda, elə bir gözəlliklə qarşılaşdım ki... Otaq çox səliqəli və fərqli əl işləri ilə bəzədilmişdi. Heç inanmaq olmaz ki, burda nə isə öyrənilir, tikilir. Amma öyrənib tikdikləri ilə otağa belə bir gözəllik verə bilmişdilər. Müəllim Dilarə Dadaşova deyir ki, bu dərsə əsasən, 5-11-ci siniflər gəlirlər. Dərsdə toxuma, tikmə, muncuqlardan əl işləri və s. bir çox əl işlərini hazırlamağı öyrənirlər. Əl işləri sərgilərə, müsabiqələrə göndərilir. Bir çox müsabiqələrdə yaxşı yerlər tutmağı da bacarıblar.

Bu dərsdə ancaq qızlar idi, bəs oğlanlar nə ilə məşğul olurlar? Növbəti "Əmək hazırlığı” dərsində isə oğlanları da gördük, qızları da. Burda rəsm çəkilirdi. Sinif divarında isə yazılmışdı: "Əllər əqlin kəşfiyyatçısıdır”.

Oğlanlar üçün məktəbdə emalatxana da var, orda məşğələlər günortadan sonra keçirilir. Oğlanların bir qismini isə idman zalında, basketbol oynayarkən tapdıq. İdman cəhətdən də nailiyyətləri yaxşıdır, otaqda kuboklarının sayı bunu deməyə əsas verir. Ən son isə Murad Cəfərovyaxşı nailiyyət əldə edib. O, nitq və eşitmə əngəlli yeniyetmələr arasında keçirilən dünya çempionatında yunan-roma güləşi üzrə ikinci yeri qazanıb.

Və rəqs...

Və bildirildi ki, məktəbdə ümumilikdə idman növləri, xalçaçılıq, toxuculuq, şahmat, rəqs və s. istiqamətlərdə dərnəklər fəaliyyət göstərir. Uşaqlar "Əmək hazırlığı” dərsindən əlavə həftədə iki dəfə günortadan sonra dərnəklərdə də iştirak edib öz bacarıqlarını inkişaf etdirə bilərlər. Rəqs məsələsi hələ Gülseyrə rəqs edəndə diqqətimi çəkmişdi. Əgər eşitmirlərsə, necə rəqs edirlər? Çünki biz düşünürük ki, rəqs etmək üçün həm də musiqini eşitmək lazımdır. Amma onlar üçün heç bu da əngəl deyil. Məktəbdə ritmik məşğələlər keçirilir ki, burda uşaqlar ritmləri öyrənirlər. Vibrasiya vasitəsilə onlar ritmi tutub rəqs edirlər. Həqiqətən də çox gözəl rəqslərin şahidi olduq... Demək ki, əslində, əngəl dediyimiz bir çox şey, sadəcə insanın düşüncəsinə bağlıdır.

Aygün Asimqızı