İsmayıl Şabanovun gündəmə gətirdiyi hər bir mövzu “ParsTodey” AİM və Xankəndində ermənilər tərəfindən idarə olunan “Sədoye Talışstan” (Talışstanın Səsi) radio kanalı ilə təbliğata çevrilib. İsmayıl Şabanovun gündəmə gətirdiyi hər bir mövzu “ParsTodey” AİM və Xankəndində ermənilər tərəfindən idarə olunan “Sədoye Talışstan” (Talışstanın Səsi) radio kanalı ilə təbliğata çevrilib.

Azərbaycanı təhdid edən “bölücülük” coğrafiyası

İsmayıl Şabanovun gündəmə gətirdiyi hər bir mövzu “ParsTodey” AİM və Xankəndində ermənilər tərəfindən idarə olunan “Sədoye Talışstan” (Talışstanın Səsi) radio kanalı ilə təbliğata çevrilib.

İran İslam Respublikasının Gilan vilayətində Azərbaycan Respublikasına qarşı etnik separatizmi körükləyən addımlardan biri də, ayda bir dəfə 3 min nüsxə ilə dərc olunan “Taleş” jurnalıdır. Məcmuənin son sayında Rusiyanın paytaxtı Moskvada yaşayan və özünü “Talış Dirçəliş Hərəkatı”nın lideri kimi təqdim edən İsmayıl Şabanov müsahibə verərək, Azərbaycan Respublikasına qarşı etnik bölücülük yönündə fikir və düşüncələrini bölüşmüşdür. Elə bunun ardından talış etnik separatizmi ideyalarını sosial şəbəkələrdə fəal şəkildə təbliğ edən bir qrup dərhal “İran İslam Respublikasında talışlar” mövzusunu qabartmağa başlayıblar.

“ParsTodey”in böhtan çamurlarının hədəfləri

İsmayıl Şabanov Tehranda fəaliyyət göstərən rəsmi “ParsTodey” Analitik İnformasiya Mərkəzinin (AİM) müxbiri Mərziyə Haşımiyə müsahibə verərək, daha radikal mövqe sərgiləmişdir. O,müsahibəsində “Talış Dirçəliş Hərəkatı”nın sədri kimi tədqim olunubdur. Bundan əlavə bildirib ki, guya Azərbaycan Respublikasında talışların milli, regional və mədəni hüquqlarının pozulması, assimliasiyaya məruz qalması, talış milli və dini hərəkatının fəallarının təqib olunması, həbsxanalara atılması və sair məsələləri gündəmə gətiribdir. Bununla yanaşı, Rusiya başda olmaqla, MDB məkanında yaşamaq məzburiyyətində qalan talışların təşkilatlanması məsələlərinə diqqəti çəkibdir. Bildirir ki, Rusiyada bu gün 200 min nəfərdən çox talış mənşəli vətəndaş yaşayır və onları bir araya gətirərək “Rusiya Federal Talış Milli Mədəni Muxtariyyatı Mərkəzi”ni yaradıbdır. Bundan əlavə talışlara məxsus televiziya, radio, internet resursları və digər mətbu orqanlar inkişaf etdirilməkdədir. Talışlar çox istəyirlər ki, İran İslam Respuiblikasının Gilan vilayəti ilə bütün sahələrdə əməkdaşlıq etsinlər. O, İranın Moskvadakı səfirliyi ilə sıx əməkdaşlıq etdiyini də bildiribdir. Video şəklində “ParsTodey” AİM-də yayınlanan bu müsahibənin digər mənası onun söylədikləri qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyinin fikirləri ilə üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikasının süni şəkildə “federallaşma”sı ideyaları məhz Xankəndindəki hərbi xuntanın fitnəkar ideyalarından biridir.

İsmayıl Şabanov Rusiya, Ukrayna, Belorus, Moldova, Qazaxstan və Estoniyada “talış etnik separatizmi” ideyası proyektinin əsasında öz doğma xalqının milli duyğularını önə çəkərək şəxsi biznesini inkişaf etdirməkdədir. “ParsTodey” AİM-ə verdiyi müsahibəsində rəhbəri olduğu təşkilatın Moskvada yaradılmış “Moskva İslam Mərkəzi”nin birləşmək istədiyini etiraf edib. O da bəllidir ki, bu qurumun indiki rəhbəri, bir zamanlar Azərbaycan Respublikasında dini radikalizm ideyalarının təməlini qurmuş höccətülislam İbadulla Ocaqnəjaddır. Onun yetişdirdiyi bir çox kadrlar bu gün Azərbaycan Respublikasının Konstitusiya quruluşunu dəyişdirmək istiqamətində apardıqları geniş miqyaslı təbliğatlar və bu istiqamətdə radikal dindarların təşkilatlar qurmaları kimi mühüm faktlara görə həbs olunublar. Bu şəxsləri saxtakarcasına “siyasi məhbus” elan etməklə son vaxtlar sosial şəbəkələrdə genişmiqyaslı təbliğatlara məhz buna görə hərəkətə keçilibdir. Siyasi analitiklərin fikrincə, Azərbaycanda dövlət quruluşunu dəyişdirməyə görə həbsdə olan dindar liderlərin ardıcılları olmadığı üçün, onların azadlığa çıxarılması şərt olaraq irəli sürülür. Vaxtaşırı onların guya həbsdə saxlanılma şəraitlərinin acınacaqlı olması, hüquqlarının pozulması kimi gerçəklikdən uzaq informasiyaların dövriyyəyə buraxılmasının əsil səbəbi də budur. “ParsTodey” AİM bir yandan radikal dindarları, digər yandan isə, etnik separatçıları dəstəkləməklə irəlidə hədəf olaraq görmək istədiyi planlarını ictimai fikirdə təməlli şəkildə gücləndirmək üçün bu taktikadan yararlanmağa çalışır.

İsmayıl Şabanovun Tehran səfərinin nəticəsi

O, Tehran və Gilan vilayətinə səfərlərindən sonra, xaricdə yaşayan soydaşlarımızın arasında etnik separatizmin məhz İran rejiminin nəzarətində olmaq şərtləri daxilində bir sıra addımlar atmağa başlamışdır. Onun gündəmə gətirdiyi hər bir mövzu “ParsTodey” AİM və Xankəndində ermənilər tərəfindən idarə olunan “Sədoye Talışstan” (Talışstanın Səsi) radio kanalı ilə təbliğata çevrilib. Əsas təbliğat mövzusu bu prinsiplərdən ibarətdir:

1. Azərbaycan Respublikasının Konstitusiyasının dəyişdirilərək “Şəriət dövləti”nə çevrilməsi ideyasının tərəfdarı olan və bu istiqamətdə dindar əhalini səfərbər edərək təşkilatlar quran, özlərini ölkənin gələcək dini dövlətinin rəhbəri qismində görən və bu qanunsuz əməllərinə görə həbs olunanların hüquqlarının qorunması və azadlıqlarının tələb edilməsi,

2. Süni şəkildə “talış etnik separatizmi”ni körükləməklə, Ermənistanın strateji hədəfində olan “Azərbaycan Respublikasının federallaşdırılması” ideyasının ictimai xarakter daşıması üçün çalışmaq.

Bunun üçün ilkin addım kimi, İran İslam Respublikasının ən qəddar hərbi birliyi hesab olunan “SEPAH”ın komandanlığında təmsil olunan bir sıra şəxslərin təbliğ edilməsi də məhz bu ideyadan doğmuşdur. Həmin təbliğatlarda qeyd olunur ki, 2005-2017-ci illərdə İran Silahlı Qüvvələri Baş Qərarganın rəis müavini olmuş general Ataollah Salehi talış əsillidir və indi Baş Qərargah rəisi Məhəmməd Bagerinin müavinidir. Müdafiə naziri Amir Xatəmi isə əslən Gilan vilayətinin Həştpər (Tehran rejimi bu rayonun adını dəyişdirərək Taleş qoymuşdur) rayonundandır. Hazırda İran ordusunda sürətlə talış kadrlarının sayı artırılmaqdadır. Bu informasiyaları sosial şəbəkələrdə reklam etməklə həm də İsmayıl Şabanov öz mövqelərini gücləndirməyə çalışır.

Beləliklə də Azərbaycan Respublikasına qarşı “ParsTodey” AİM-in də etiraf etdiyi kimi, Avropa üzərindən qurulmuş “Talış-Muğan Mühacir Hökuməti”nin və Moskva üzərindən “Moskva İslam Mərkəzi”nin, qondarma “Dağlıq Qarabağ rejimi” vasitəsilə genişmiqyaslı təbliğat vasitələrinin “mərkəzləşdirilmiş şəkildə fəaliyyət dairəsi formalaşmaqdadır.

Qafqaz və Yaxın Şərq üzrə əksər beynəlxalq mütəxəssislərin də etiraf etdiyi kimi, artıq beynəlxalq səviyyədə hər hansı bir etnik separatizm dəstəklənməyəcək. Avropa Birliyi və Avropa Şurası kimi nüfuzlu qurumlarda təmsil olunan dövlətlər də bu ideyanı başlıca prioritet kimi qəbul edirlər. Azərbaycan Respublikasının “etnik azlıqlar”la bağlı beynəlxalq miqyasda və ölkə daxilində gördüyü əməli işlər demək olar ki, Avropa Birliyi və Avropa Şurası, eləcə də BMT və MDB miqyasında təqdir olunmaqdadır. “ParsTodey” və onun himayədarlarının bütün bunları görməzlikdən gəlməsi artıq onların öz probleminə çevrilməsi deməkdir.

Ə.Yusifoğlu