- İşin içi
- 21:05
- 1 494
Azərbaycan iqlimədavamlı şəhərlər gündəliyində qlobal platformaya çevrilir - ŞƏRH

Azərbaycanın oktyabr ayında keçirəcəyi Üçüncü Milli Şəhərsalma Forumu beynəlxalq miqyasda dayanıqlı inkişaf, iqlimədavamlı şəhərlər və regional əməkdaşlıq gündəliyinə töhfə verən mühüm tədbir kimi qiymətləndirilir. Forum Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin UN-Habitat ilə əməkdaşlığı çərçivəsində Xankəndi və Bakıda təşkil olunacaq və dünyanın müxtəlif ölkələrindən 400-dən çox iştirakçını bir araya gətirəcək. Gündəliyə münaqişə və təbii fəlakətlərdən sonrakı bərpa, yaşayış məskənləri, ekoloji standartlar, rəqəmsal həllər və regional tərəfdaşlıqlar kimi mövzular daxil edilib ki, bu da tədbiri həm regional, həm də qlobal perspektivdən strateji əhəmiyyətli edir.
Bu forumun məhz Xankəndi və Şuşada təşkil olunması təsadüfi deyil. Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri beynəlxalq miqyasda nümunə kimi göstərilə bilər. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni şəhərsalma standartları və yaşıl texnologiyalar urbanizasiya ilə bağlı ən müasir tendensiyaları əks etdirir. Qlobal təcrübədə post-münaqişə bölgələrinin bərpasında davamlı inkişaf yanaşmasının tətbiqi hələ də məhdud hallarda müşahidə olunur, lakin Azərbaycan bu istiqamətdə praktik model formalaşdıraraq müzakirələrə real nümunələrlə qatılır.
Beynəlxalq səviyyədə iqlimədavamlı şəhərlər anlayışı artıq BMT və Dünya Bankı kimi qurumların gündəliyində prioritet mövzulardan biridir. Hesabatlara görə, 2050-ci ilə qədər dünya əhalisinin 68 faizi şəhərlərdə yaşayacaq və urbanizasiya sürətləndikcə iqlim dəyişikliyi, hava keyfiyyəti və enerji effektivliyi kimi məsələlər daha kəskin xarakter alacaq. Bu baxımdan, Azərbaycanın şəhərsalma siyasətində ekoloji və enerji-effektiv yanaşmaların önə çəkilməsi ölkəni yalnız regional deyil, həm də qlobal müstəvidə müasir trendlərə uyğunlaşdırır.
Tədbirin əhəmiyyətli məqamlarından biri bilik mübadiləsinə şərait yaratmasıdır. Nüfuzlu akademik institutların və beynəlxalq ekspertlərin iştirakı ilə aparılacaq müzakirələr qərarvermə prosesinə elmi yanaşmanı gücləndirəcək. Şəhərsalma yalnız infrastruktur və tikinti ilə məhdudlaşmır, burada sosial inteqrasiya, iqtisadi dayanıqlılıq və vətəndaşların rifahı əsas komponentlərdir. Azərbaycanın bu forum vasitəsilə bilik və təcrübə paylaşımını təşviq etməsi həm ölkədaxili siyasətlərə əlavə dəyər qatacaq, həm də regional əməkdaşlıqları möhkəmləndirəcək.
Forumun gündəliyində iqlim dəyişikliyinin maliyyələşdirilməsi, rəqəmsal transformasiya və texnologiyaların tətbiqi də xüsusi yer tutur. Dünya miqyasında şəhərlərin iqlimədavamlı layihələrə keçidində maliyyələşdirmə ən kritik problemlərdən biridir. Azərbaycanın bu məsələləri açıq müzakirə müstəvisinə çıxarması ölkəni gələcəkdə qlobal maliyyə institutları ilə əməkdaşlığa daha yaxınlaşdırır.
Ümumilikdə, Üçüncü Milli Şəhərsalma Forumu Azərbaycanın beynəlxalq urbanizasiya proseslərində rolunu gücləndirməklə yanaşı, ölkənin dayanıqlı inkişaf gündəliyini daha aydın şəkildə ortaya qoyacaq. Bu tədbir Azərbaycanın həm regional əməkdaşlıqda, həm də qlobal iqlim proseslərində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirəcək və şəhərsalma üzrə gələcək siyasətlər üçün strateji platforma rolunu oynayacaq.
Nuray,
Aznews.az