- Siyasi müzakirə
- 22:00
- 1 407
Taras Kuzyo: Azərbaycan Kremlin əlaltısını məhkəməyə verir

ABŞ və Avropa Azərbaycanın ədalət uğrunda səylərini dəstəkləməli, Kremlin Ruben Vardanyan kimi əlbirlərinin ədalət mühakiməsindən yayınmasının qarşısını almalıdır.
Aznews.az xəbər verir ki, bu barədə Ukrayna əsilli britaniyalı politoloq Taras Kuzyonun "EUReporter" üçün yazdığı məqalədə deyilir.
"Təsəvvür edin; rusiyalı oliqarx başqa ölkənin ərazisini qanunsuz zəbt edən tanınmamış dövlətə göndərilir – məqsəd burada Kremlin nəzarətini təmin etməkdir. "Putinin pul kisəsi" ləqəbli bu oliqarx Rusiyanın hərbi təcavüzünə dəstək verdiyinə görə Ukraynanın, onun hərbi şirkəti Rusiya ordusuna avadanlıq tədarük etdiyinə görə isə ABŞ, Böyük Britaniya və Aİ-nin sanksiyalarına məruz qalıb. Təsəvvürünüzə gətirin ki, həmin oliqarx bu tanınmamış dövlətin 30 ildən çox müddət ərzində suveren ərazisində fəaliyyət göstərdiyi hökumət tərəfindən saxlanılıb. ABŞ və Avropa ona qarşı cinayət prosesini nə üçün alqışlamamalıdır?", - T.Kuzyo sual verib.
Müəllifin adından mətnin digər hissəsini təqdim edirik:
Rusiya işğal olunmuş Ukrayna ərazilərində eyni metodlardan istifadə edir: Rusiya oliqarxları və nazirləri işğal olunmuş Krım, Donetsk, Luqansk, Zaporojye və Xersonu Kremlin adından idarə etmək üçün "kurator" kimi göndərilib. Sergey Kiriyenko Kremlin bu ərazilər üzərində siyasi nəzarətini həyata keçirir, Aleksandr Malkeviç informasiya və təbliğat fəaliyyətinə, Sergey Sinitsın isə polis və xüsusi xidmətlərə nəzarət edir. Onlar birlikdə Ukraynanın işğal edilmiş hissəsində Rusiyanın diktaturasını tətbiq edir, yerli əhalini repressiyalara məruz qoyur, uşaqları deportasiya edir, özləri və kriminal rəhbərləri üçün korrupsiya yolu ilə maksimum fayda əldə edirlər.
Lakin gəlin erməni-rus oliqarx Ruben Vardanyan haqqında faktlara nəzər salaq.
Təxminən 30 il əvvəl, SSRİ dağılarkən Ermənistan Rusiyanın köməyi ilə qonşu Azərbaycanın suveren ərazisinin beşdə birini hərbi yolla işğal edərək marionet dövlət yaratdı. 2022-ci ildə - bu qeyri-legitim dövlətin sonunun yaxınlaşdığı vaxtda Kreml onun mövcudluğunu uzatmaq ümidi ilə səmərəsiz etnik erməni rəhbərliyini əvəz etmək üçün etibarlı oliqarxı Vardanyanı bölgəyə göndərdiyi dövrə keçək.
Vardanyan ötən əsrin 90-cı illərində Rusiyanın "Vəhşi Şərqi"ndə biznes imperiyasını qurduğundan və milyardlarla vəsaitini Kremlin kapitalizm sisteminin sədaqətinə borclu olduğundan bu missiyaya uyğun namizəd idi. Güclü Rusiya kəşfiyyat orqanları onun korrupsiya fəaliyyətinin sübutlarını kompromat kimi toplayaraq onu öz icraçılarına çevirdilər. Vardanyan həm də nəzarəti ələ keçirdiyi tanınmamış dövlətin sakinləri üçün məqbul idi, çünki özü də etnik ermənidir. Ermənistandakı rusiyayönlü müxalifət də onu qərbyönlü Nikol Paşinyanı sıxışdırmaq və hakimiyyətə qaytıtmaq üçün vasitə kimi gördüyündən bu "təyinatı" alqışladı. Vardanyan səxavətli xeyriyyəçilik fəaliyyətinə görə ABŞ və Fransadakı rusiyayönlü erməni diasporunda da çoxları üçün məqbul idi.
Bütün bunlar şübhəsizdir.
Buna baxmayaraq, Vardanyanın tərəfdarları onun Azərbaycan tərəfindən saxlanılmasını pisləyib və onun Rusiyanın "Vəhşi Şərqi"ndə milyardlarını necə qazandığını heç vaxt müzakirə etmək istəməyiblər. Onlar həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı soyqırımı müharibəsində Putinin qatı tərəfdarlarından biri kimi Vardanyanın niyə Ukrayna sanksiyalarına məruz qaldığını da müzakirə etməkdən yayınırlar.
Vardanyan Kremlin Ukraynaya qarşı və əgər ölkə məğlub olarsa, NATO-ya qarşı hərbi səylərini təmin etməkdə mühüm rol oynamasına baxmayaraq, Rusiyanın hərbi nəqliyyat vasitələri istehsalçısı olan "KamAZ"dakı payını satmayıb.
O, Rusiya rəhbərinin sevimli yüksək texnologiyalı tədqiqat mərkəzinin elit akademiyası olan Skolkovo Moskva İdarəetmə Məktəbinin yaradıcısı və sponsorudur.
Vardanyan təkcə xristian olduğuna görə həbs edilən "təcrübəli investisiya mütəxəssisi" deyil. Azərbaycan dünyanın dini cəhətdən dünyanın ən tolerantl ölkələrindən biri kimi yüksək qiymətləndirilir. Məsələn, Azərbaycan ən qədim yəhudi icmasının - hələ eramızdan əvvəl 457-ci ildə buraya gəlmiş dağ yəhudilərinin vətənidir.
Vardanyanın hansı dinə sitayiş etməsinin fərqi yoxdur. O, dini inanclarına görə mühakimə olunmur.
Vardanyan Azərbaycanda digər ittihamlarla yanaşı, bu suveren ölkənin ərazilərini işğal etmək, terrorizmi maliyyələşdirmək və hərbi cinayətlərdə ittiham olunur. Azərbaycanın öz suveren ərazisində törətdiyi əməllərə görə onu və başqalarını cinayət məsuliyyətinə cəlb etmək üçün qanuni səlahiyyəti var. Eynilə, Ukraynanın müharibə bitdikdən sonra Rusiyanın hərbi cinayətkarlarını mühakimə etmək hüququ var.
BMT-nin Əsassız Həbslər üzrə İşçi Qrupu və BMT-nin Beynəlxalq Məhkəməsi qərar qəbul edib ki, Azərbaycanın buna hər cür qanuni haqqı var. Bu iki əsas beynəlxalq qurum Azərbaycanın məhkəmə prosesində mövqeyinin özbaşına olmadığı, məhkəmə prosesinin davam etdirilməsinin azad, ədalətli və qanuni olduğu barədə qərar qəbul edib.
Gəlin bunu Amerika kontekstinə keçirək;
Meksika Arizona ştatını işğal edib, 30 ildən artıq müddət ərzində ştat ərazisinin beşdə birini işğal etsə və sonra pulunu başqa yerdə qazanan meksikalı oliqarx ABŞ ordusunun nəhayət suveren ərazisini azad etməsindən bir gün əvvəl marionet dövləti xilas etmək üçün göndərilsəydi, ABŞ bu oliqarxı həbs edib məhkəməyə verməzdimi? Təbii ki, Amerika məhz elə belə də edərdi. Amerika onu beynəlxalq səviyyədə tanınmış təcavüz cinayətinə görə, bu halda ABŞ-nin suverenliyinə qarşı məhkəməyə verərdi.
Bir britaniyalı-ukraynalı olaraq ümid edirəm ki, bir gün Vardanyan Rusiyanın ukraynalılara qarşı qanunsuz və soyqırımı müharibəsinə verdiyi dəstəyə görə Ukraynada da mühakimə olunacaq. Hələliksə biz Vardanyanın Azərbaycanda mühakimə olunmasına, müharibə cinayətlərinin araşdırılmasına, soyqırımı müharibəsini dəstəkləyən və qızışdıran Rusiya liderlərinin, jurnalistlərin və oliqarxların gələcək məhkəmələrinə dəstək verməliyik. Amerika və Avropa Kremlin Vardanyan kimi şəriklərinin ədalətdən yayınmasının qarşısını almaqla Azərbaycanda, gələcəkdə isə Ukraynada ədalətin bərqərar olmasına dəstək verməlidir.