- İşin içi
- 16:29
- 1 409
AYNA: Azərbaycanda rəqəmsal taxoqraf kartlarının verilməsi daha iki il fasiləsiz davam edəcək
Bu il Azərbaycana avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda iş və istirahət rejiminə riayət edilməsinin təmin olunması məqsədilə 1 921 ədəd rəqəmsal taxoqraf kartı gətirilərək operatorlara və sürücülərə təqdim edilib.
Aznews.az xəbər verir ki, məlumata görə, son 4 ildə isə ümumilikdə 12 220 ədəd rəqəmsal taxoqraf kartı ölkəyə gətirilərək operatorlara və sürücülərə təqdim edilib.
Bildirilir ki, Azərbaycanda taxoqraf kartlarına dair milli sistemin fəaliyyətinin təmin olunması məqsədilə 30 sentyabr 2025-ci il tarixində "Austriacard Holding" şirkəti ilə rəqəmsal taxoqraf kartlarının istehsalına dair imzalanmış müqavilə üzrə tələb olunan Milli Açarların yenilənməsi prosesi tamamlanıb.
Rəqəmsal taxoqraf sisteminə aid Milli Açarların yenilənməsi üçün bütün hazırlıq tədbirləri görülüb və Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzi (JRC) tərəfindən İtaliyanın İspra şəhərində keçirilən növbəti sessiyasında AYNA-nın nümayəndəsinin iştirakı təmin edilib.
Sessiya çərçivəsində JRC-nin müəyyən etdiyi prosedur qaydalarına uyğun olaraq Azərbaycanın rəqəmsal taxoqraf sisteminə aid Milli Açarlar yenilənmiş, sertifikatlaşdırılmış və istehsalçı "Austriacard Holding" şirkətinə təhvil verilib.
Bu prosesin uğurla başa çatdırılması nəticəsində, rəqəmsal taxoqraf kartlarının verilməsi növbəti iki il ərzində fasiləsiz şəkildə davam etdiriləcək.
AzNews.az