Azərbaycanın qeyri neft-qaz sektoruna qlobal maraq artıb - ŞƏRH

Azərbaycanda 2025-ci ilin yanvar-noyabr aylarında əsas kapitala yönələn xarici investisiyaların həcminin əhəmiyyətli artım nümayiş etdirməsi ölkə iqtisadiyyatında struktur transformasiyasının və investisiya mühitinin dəyişən prioritetlərinin aydın göstəricisi kimi qiymətləndirilə bilər. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu dövrdə xarici mənbələrdən 3,66 milyard manatdan çox vəsait cəlb olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 29 faizlik artım deməkdir. Ümumi investisiya axınlarının fonunda diqqət çəkən əsas məqam neft-qaz sektorunda azalma, qeyri neft-qaz istiqamətində isə artım tendensiyasının güclənməsidir.

Qlobal miqyasda son illər birbaşa xarici investisiyaların coğrafiyası və sektoral bölgüsü dəyişməkdədir. Beynəlxalq təşkilatların, o cümlədən UNCTAD-ın son hesabatlarında qeyd olunduğu kimi, sərmayə axınları getdikcə daha çox enerji keçidi, logistika, rəqəmsal infrastruktur və regional istehsal zəncirlərinin möhkəmləndirilməsi istiqamətinə yönəlir. Azərbaycanın investisiya statistikasında müşahidə olunan dinamika bu qlobal tendensiyalarla uzlaşır. Neft-qaz sektoruna yatırımların 8,5 faiz azalması bir tərəfdən qlobal enerji bazarlarında qiymət və tələb balansının dəyişməsi ilə bağlıdırsa, digər tərəfdən ölkənin öz daxilində iqtisadiyyatın şaxələndirilməsi strategiyasının mərhələli şəkildə nəticə verməyə başladığını göstərir.

Xarici investisiyaların əsas hissəsinin Böyük Britaniya, BƏƏ, Türkiyə, ABŞ, İsveçrə və Yaponiya kimi ölkələrin payına düşməsi də təsadüfi deyil. Bu ölkələr uzun müddətdir ki, Azərbaycanda enerji, nəqliyyat-logistika, maliyyə və sənaye layihələrində iştirak edir. Son dövrlərdə xüsusilə logistika və nəqliyyat dəhlizləri ətrafında formalaşan investisiya marağı diqqət çəkir. Orta Dəhliz üzrə yükdaşımaların artması, liman və dəmir yolu infrastrukturuna yönələn layihələr, eləcə də sənaye parklarında fəaliyyətin genişlənməsi xarici sərmayədarlar üçün daha cəlbedici mühit formalaşdırır. Bu baxımdan qeyri neft-qaz sektoruna investisiyaların 8,3 faiz artması yalnız statistik göstərici deyil, həm də real iqtisadi proseslərin nəticəsidir.

Ümumi investisiya həcminin 16,6 milyard manatı keçməsi daxili və xarici mənbələrin paralel şəkildə iqtisadiyyata yönəldiyini göstərir. Burada institusional islahatlar, rəqəmsallaşma, investisiya təşviqi mexanizmləri və makroiqtisadi sabitliyin qorunması əsas amillər kimi çıxış edir. Qlobal iqtisadi qeyri-müəyyənliyin, geosiyasi risklərin və maliyyə bazarlarında dalğalanmaların davam etdiyi bir şəraitdə Azərbaycanın investisiya cəlbediciliyini qoruması və hətta artırması, ölkənin regional iqtisadi platforma kimi mövqeyini möhkəmləndirir.

Mövcud tendensiyalar onu göstərir ki, yaxın perspektivdə investisiya axınlarının strukturunda keyfiyyət dəyişiklikləri daha da dərinləşəcək. Yəni əsas diqqət təkcə vəsaitin həcminə deyil, onun hansı sahələrə və hansı əlavə dəyər yaradan istiqamətlərə yönəldilməsinə veriləcək. Qeyri neft-qaz sektorunda müşahidə olunan artım davamlı xarakter alarsa, bu, həm iqtisadi dayanıqlılığın güclənməsinə, həm də uzunmüddətli məşğulluq və ixrac imkanlarının genişlənməsinə real zəmin yarada bilər.

Aznews.az