- Köhnə - İqtisadiyyat
- 3 Avqust 2018 13:46
- 7 906
Küyə düşüb telefon almaq natamamlıq kompleksidirmi? - Psixoloqun rəyi
Telefonlar bir çoxumuzun əzəvolunmaz əşyalarına çevrilib. Yaşadığımız dövrdə demək olar ki, telefondan istifadə etməyən insan yoxdur.
İnsanların çox az bir qismi telefonları “zəng gətirib-aparsın” deyə istifadə edir. Böyük bir əksəriyyət isə telefonları daha çox funksiyalı olmalarına görə seçirlər. Bəzi insanlar da var ki, telefonların funksiyalarının eyni olmasına baxmayaraq hər dəfə yeni model telefon çıxdıqda qiymətindən asılı olmayaraq onu almağa çalışırlar, ala bilmədikləri zaman isə depresiyaya düşürlər. Bəs görəsən bunun səbəbi nədir?
Bu barədə Aznews.az psixoloq Aidə Səlimdən də açıqlama aldı.
“İnsanların telefonlarını tez-tez dəyişməsi bir neçə səbəbə görə ola bilər. Burda həm köhnə modellərin insanı kifayət qədər məmnun edə bilməməsi, həm həyatına yeni bir şeyin əlavə olunması, həm də ətrafındakı insanlarda "olduğu üçün" almaq faktoru da rol oynayır. Hətta deyə bilərəm ki, üçüncü faktorun təsiri daha böyükdür. Əgər bir insanda öz istifadə etdiyi telefonda və yeni model telefonda eyni funksiyalar varsa, bu əksər hallarda kütlə psixologiyası ilə də əlaqədardır. Digər sözlə desək, "Dostumda var, niyə məndə olmasın?" Çünki təəssüf ki, bəzən insanlar özünütəsdiq problemi yaşayır və dolayısı ilə özündə olan bu boşluğu müxtəlif markalar, brendlər, mobil telefonlar vasitəsilə doldurmağa çalışır. Ala bilmədiyi zaman isə təbii ki, xəyal qırıqlığı yaşayır, yaxud kənardan psixoloji təsirlər olur. Əgər insanın əlində olan telefonu kifayət qədər keyfiyyətli və işinə yarayırsa, o kənar təzyiqlərə bir o qədər önəm verməyəcək. Birmənalı şəkildə deyə bilərik ki, ətrafımızdakı hər şeyə önəm verdiyimiz müddət ərzində onlar bizim üçün vacib olur. Yeni model telefonlar da bunun kimidir.

Əlavə olaraq onu da qeyd etmək istərdim ki, yeni model telefon istəyinə bəzən sosial şəbəkələr də təsir göstərir. Müasir dövrdə sosial mediada olduqca yeni funksiyalar və yenilənmələr olur ki, bu yenilənmə hər modeldə eyni vaxtda olmur. Bəzən proqram yenilənməsi "həyat yenilənməsi"nə çevirilir. Yenilənmə olmadığı zaman isə insana mənfi təsir göstərir. İnsanlar almaq istədiyi mobil telefonu əldə edə bilmədiyi zaman ya aqressiv davranış göstərir, yaxud özünə qapanır. Bu isə getdikcə depressiv vəziyyət ilə nəticələnir. Bu cür halların qarşısını təbii ki almaq da mümkündür, sadəcə ilk olaraq burda da maarifləndirmə lazımdır. Hər şeydən əvvəl mobil telefon ünsiyyət vasitəsidir, təbii ki funksiyaları artdıqca insanlara kifayət qədər köməklik göstərir. Amma yeni model ala bilməyərək insan özünü neqativə yüklərsə, yaxud kənar təsirləri özünə yaxın buraxarsa, burda vəziyyət bir qədər çətinləşə bilər. Çünki əksər insanlarda həm telefon asılılığı özünü göstərir. Yeni model ala telefon ala bilmədiyi zaman isə ikiqat neqativ yüklənmə olur.”
Son dövrlərdə ən çox alınan telefonları və qiymətlərini öyrənmək üçün WorldTelecom mağazalar şəbəkəsi ilə əlaqə saxladıq.
Son zamanlarda əsas təlabat “Xiaomi” və “iPhone” telefonlarınadır. Qiymətlər modellərə görə dəyişir.
“Xiaomi”-nin qiyməti modellərinə görə 100-1000 manat arasıdır.
“iPhone”-nin bu aralar ən çox alınan “X” modelidir.
Xatırladaq ki, iPhone X 64 GB-ın qiyməti 2059 manat, iPhone X 256 GB-nın qiyməti isə 2259 manatdır.
Nigar CƏFƏR
Aznews.az