Benzin üsyanı qonşu ölkədə fəlakətli durum yaradıb Benzin üsyanı qonşu ölkədə fəlakətli durum yaradıb

Biz rejim dəyişikliyində rol almaq istəmirik - istəyimiz Güney Azərbaycanın müstəqilliyidir

Benzin üsyanı qonşu ölkədə fəlakətli durum yaradıb

Noyabrın 15-dən başlayaraq, İranda, hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı kütləvi etirazlar qismən səngisə də, aksiyalar ara-sıra müxtəlif şəhərlərdə davam edir. Son məlumata görə, ölkənin 137 şəhərində keçirilən dinc etirazlarda 106-dan çox dinc etirazçı rejim qüvvələrinin atəşi nəticəsində qətlə yetirilib, yüzlərlə aksiyaçı yaralanıb.

Paytaxta Tehranda və digər şəhərlərdə 1500-dən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

“Amnesty International” tərəfindən araşdırılmış videogörüntülərdə snayperlərin insan kütlələrinə damlardan və bir halda helikopterdən atış açıldığı göstərilir. Təşkilat İran hakimiyyətini vətəndaşların dinc toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə və internet xidmətinin dayandılırlmasına qəti şəkildə son qoymağa çağırıb.

İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi də daxil olmaqla, yüksək səviyyəli rəsmilər açıqladıqları bəyanatlarda etirazçıları “yaramaz” adlandırıb və təhlükəsizlik qüvvələrinə nümayişləri dağıtmaq üçün yaşıl işıq veriblər. Virtualaz.org-un yaydığı xəbərə görə, son etirazlarla bağlı İran təhlükəsizlik qüvvələri və xüsusi xidmət orqanları ölkə boyu həbslər aparır. Şərqi Azərbaycan və Zəncan vilayətlərində rəsmi qurumların bildirdiyinə görə, noyabrın 16 və 17-də keçirilən etiraz aksiyalarına qatılan təqribən 70 vətəndaş saxlanılıb.

Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi və Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam İsmayıl Sadıqi bu barədə mətbuata məlumat veriblər. Zəncan vilayətinin baş prokuroru etiraz aksiyalarında tutulan vətəndaşları “düşmən agentləri” adlandırıb.

Məhəmmədrza Purməhəmmədi ile ilgili görsel sonucu

“Tasnim” agentliyinin xəbərinə görə, vali Məhəmmədrza Purməhəmmədi Şərqi Azərbaycan vilayətində təqribən 40 nəfərin nəzarət altına alındığını bildirib. Purməhəmmədi tutulanların bir çoxunun “yerli olmadığını” irəli sürüb. “Təbrizdə yerli olmayan iğtişaşçılar tutulub. Tutulanlar arasında bu vilayətin sakini olanların sayı azdır,”- vali bildirib. Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam Sadıqi isə Zəncanda etirazlara qatılan 30 nəfərin saxlanıldığını bildirib.

Etiraz aksiyalarının polis və hərbi qüvvələr vasitəsilə yatırılmasının ardınca, noyabrın 19-da Təbrizdə hakimiyyətyönlü yürüş təşkil edilib. Yürüşə qatılanlar qarşısında nitq söyləyən Təbriz imam-cüməsi Seyyid Məhəmmədəli Ali-Haşim etiraz aksiyalarını “fitnə” adlandırıb. İranın dövlət agentliyi İRNA ali dini liderini sevən bir qrupun kəfən geyərək Təbrizdəki yürüşə qatıldığını bildirib.

Noyabrın 18-də Zəncanda təşkil olunan hakimiyyətyönlü yürüşə isə yerli rəsmilər, imam-cümə və hərbi komandirlər qatılıb.

Habelə azərbaycanlı fəal Siyamək Seyfinin noyabrın 18-də axşam radələrində yaşadığı Meşkinşəhr şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.

Benzinin bahalaşmasına etiraz olaraq başlayan və sürətlə bütün ölkəyə yayılan, toqquşmalarla müşayiət olunan aksiyalara görə İranda bloklanan internet də hələ açılmayıb. İran dörd gündür internetsizdir və nəticədə İran Azərbaycanında baş verən hadisələr haqqında məlumat əldə etmək də çətinləşib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları bürosu İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı güc tətbiq etməsi ilə bağlı dərin narahatlığını bildirib, etirazları dağıtmaq üçün güc tətbiq etməkdən imtina etməyə çağırıb.

BMT-nin insan Hüquqları bürosunun sözçüsü Rupert Kolvill İran hakimiyyətini şənbə günündən bəri dayandırılmış internet xidmətlərini bərpa etməyə və etirazçıların ifadə azadlığı və dinc toplaşmaq hüquqlarını tanımağa çağırıb.

ABŞ dövlət katibi Maykl Pompeo da İran hakimiyyətini xalqa qarşı güc tətbiqini dayandırmağa çağırıb: “İslam Respublikası öz xalqına qarşı zorakılığı dayandırmalı və bütün iranlıların pulsuz və açıq internet əldə etmək imkanlarını dərhal bərpa etməlidir. Dünya baxır”.

Qeyd edək ki, İranda yanacaq qiymətləri hələ də dünyada ən aşağı qiymətlər hesab edilir. Qiymətlərin 50 faiz artmasından sonra bir litr benzinin qiyməti 15 min riala çatıb. Bu, bir litr benzin üçün 13 sent deməkdir. Müqayisə üçün ABŞ-da bir qallon (təxminən 4 litr) benzinin orta qiyməti 2 dollar 60 sentdir.

GünazTV xəbər verir ki, etirazlarda ən çox itki verənlər Xuzistan və Kirmanşah əyalətləridir. Belə ki, Xuzistanda 32, Kirmanşahda isə 30 etirazçı rejim qüvvələrinin birbaşa atəşi nəticəsində aldığı güllə yarasından həlak olub. İranın Kürdüstan əyalətinin hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, son günlər ölkədə baş verən dinc etirazlarda təkcə Kürdüstan şəhərlərində 45 nəfər rejimin polis və təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Bildirilir ki, qətlə yetirilənlərin çoxu başından güllə yarası alıb. Qeyd edilir ki, rejim etirazlarda öldürdüyü aksiyaçıların cəsədlərini ailələrinə təhvil verməkdən imtina edir, özü gizli şəkildə onları naməlum qəbirlərdə dəfn edir, ölənlərin ailə üzvlərini təhdid edir.

Son məlumata görə, İran və Güney Azərbaycan şəhərlərində başladılan kütləvi etiraz aksiyaları hələ də səngiməyib, rejim önləyici tədbirlər almağa davam edir. Güney Azərbaycanın “Traxtur” futbol komandasının sabah Təbrizdə, Səhənd stadionunda keçirəcəyi qarşılaşma ləğv olunub. Hələlik “Traxtur”-"Şəhr-i Xodro" görüşünün nə zaman keçiriləcəyi elan olunmayıb.

İranın dini lideri Ayətullah Əli Xameneyiyə yaxın “Keyhan” qəzeti gözlənilməz yazı dərc edib. “Yeni Sabah” xəbər verir ki, qəzetdəki məlumatlara görə, benzinin qiymətinin artımı səbəbi ilə keçirilən aksiyalara liderlik edənlər edam cəzası ilə üzləşəcək: “Ölkədəki xaosun liderləri edamla cəzalana bilər. Onların etdikləri əməllər ”üsyan"dır. Bunun cəzası isə hüquqi və şəriət qanunlarına görə edamdır".

GAMOH təmsilçisi Ağrı Qaradağlı ile ilgili görsel sonucu

GAMOH təmsilçisi Ağrı Qaradağlı bildirdi ki, hazırda bütün şəhərlərdə etirazlar davam edir, o cümlədən Güneydə: “Azərbaycan şəhərlərində etirazlar bir az səngisə də, aksiyalar tam başa çatmayıb. Urmiyədə 52 nəfər saxlanılıb və İnqilab məhkəməsinə çıxarılıb, dərhal həbsxanaya göndərilib. Ərdəbildə milli fəallar saxlanılıb, həmçinin tanınmış fəal Siyamək Seyfi həbs edilənlər arasındadır”. A.Qaradağlı dedi ki, guya Azərbaycan şəhərlərində etirazçıların dini liderin tərəfinə keçdiyi haqda yazılanlar dedi-qodudan başqa bir şey deyil: “Güneylilər milli şüarlarla öz etirazlarını bildirirlər”. GAMOH təmsilçisi qeyd etdi ki, artıq 4-cü gündür ki, İranda internet bağlantısı tam kəsilib: “Ona görə də o taydan xəbərlər çox az gəlir. Ancaq başqa proqramlarda internetə qoşulanlarla əlaqə yarada bilirik. Təbriz çox ciddi basqı altındadır. Komendant saatı kimi rejim tətbiq olub. Küçələrə polis və təhlükəsizlik qüvvələri yeridilib. İranda beynəlxalq təşkilatların da verdiyi məlumata görə, ən azı 106 nəfər öldürülüb. Hətta ondan daha çox ölü sayı olduğu bildirilir. Güney Azərbaycan 8 nəfər itki verib”.

A.Qaradağlı dedi ki, İran İslam İnqilabından sonra İranda ən böyük iğtişaşlar baş verir: “İranda paniranistlər və şahçılar bu məsələni öz adına çıxmaq istəyirlər. Əgər ayrı-ayrı qruplaşmalar öz maraqlarını önə çəkməsələr, proseslər hakimiyyət dəyişikliyinə də səbəb ola bilər”. Azərbaycan türklərini nələrin gözlədiyinə gəldikdə, həmsöhbətimiz bunları bildirdi: “Düzdür, azərbaycanlılar bu məsələdə hələlik müşahidəçidirlər. Amma milli hərəkat artıq küçələrdə öz istəklərini nümayiş etdirir. Milli kimlik uğrunda fəaliyyət göstərənlər çox aktivdir. İran rejiminin ən böyük qorxusu da Azərbaycan bölgəsindəndir. Ona görə də təhlükəsizlik qüvvələri daha çox bu ərazilərdə yerləşdirilib. Təbriz və Ərdəbil demək olar ki, mühasirəyə alınıb. Hələlik hərəkatçıların lideri yoxdur, insanlar başsız şəkildə hərəkət etməkdədir. Amma yenə də aparıcı qüvvə GAMOH-dur. Biz rejim dəyişikliyində rol almaq istəmirik. İstəyimiz Güney Azərbaycanın müstəqilliyi və istiqlalıdır. İranın bütövlüyü uğrunda proseslərdə itki vermək istəmirik”.

AzNews.az