Bakıda tarzən arvadını qətlə yetirdi- Yenilənib

Hadisə anasının və iki azyaşlı uşağının gözü önündə baş verib




Oktyabrın 22-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Novxanı qəsəbəsində yerləşən "Şəfəq" pansionatında 36 yaşlı Nəsib Hüseynov həyat yoldaşı 27 yaşlı Aygül Hüseynovanı ailə-məişət münaqişəsi zəmində qətlə yetirib. Bildirilir ki, N.Hüseynov uzun illər imiş ki, musiqiçi fəaliyyəti göstərirmiş. Tarzən olan 36 yaşlı Şuşa sakini toylara da gedirmiş. O həm də yaşadığı sanatoriyanın yaxınlığında mağaza işlədirmiş. Baş vermiş qətl hadisəsinin təməli də həmin mağazada qoyulub.

N.Hüseynov ilkin ifadəsində bildirib ki, həyat yoldaşı 27 yaşlı Aygül çox qısqanc olub. Dünən evə gec gəldiyinə görə xanımı onun işlədiyi mağazaya gəlib və mübahisə edib. N.Hüseynov banka kredit ödəməyə və digər işlərinə görə şəhərə getdiyini deyib. Lakin mübahisə daha da qızışıb. N.Hüseynovun anası da mağazaya gəlib. Lakin A.Hüseynova sakitləşməyib. Daha sonra onlar pansionatdakı mənzilə yollanıblar. Bir qədər qarşıda gedən A.Hüseynoav tez evə daxil olub və bıçağı götürərək özünü öldürəcəyini deyib. N.Hüseynov isə bıçağı çətinliklə həyat yoldaşının əlindən alıb və onun döş qəfəsinin sol hissəsinə bir zərbə endirib. Ürək nahiyəsindən ağır yaralanmış qadın hadisə yerindəcə ölüb.

Hadisə N.Hüseynovun anasının və iki azyaşlı uşağının gözü önündə baş verib.

Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.


***
10:22
Bakıda ər arvadını qətlə yetirib.

Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumatına görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yerləşən "Şəfəq" pansionatında yaşayan 1977-ci il təvəllüdlü Hüseynov Nəsib Qurban oğlu həyat yoldaşı 1986-cı il təvəllüdlü Hüseynova Aygul Məsur qızını bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

AzNews.az