Müavinətlər elektron xidmətə keçdi

Bu gün Dövlət Sosial Müdafiə Fondu (DSMF) dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmətin təqdimatı keçirib.

AzNews.az xəbərinə görə, təqdimat mərasimində fondun şöbə müdiri Məmməd Nuriyev bildirib ki, bu xidmət 5 növ müvainətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur: "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinət. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə edilməsi üçün adı çəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb".

M.Nuriyev vurğulayıb ki, yeni proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin edir.
Müavinətlərlə bağlı elektron xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatları www.e-gov.az saytında yerləşdirilib.

Amid
AzNews.az