“ANAR VƏ ELÇİNLƏ MÜNASİBƏTLƏRİMİ KORLADIĞIMA GÖRƏ PEŞMAN OLMUŞAM” “ANAR VƏ ELÇİNLƏ MÜNASİBƏTLƏRİMİ KORLADIĞIMA GÖRƏ PEŞMAN OLMUŞAM”

Şairdən müxalifətə və dindarlara ağır ittihamlar: “Vətən xainidirlər”

“ANAR VƏ ELÇİNLƏ MÜNASİBƏTLƏRİMİ KORLADIĞIMA GÖRƏ PEŞMAN OLMUŞAM”


Tanınmış şair Murad Köhnəqalanın AzNews.az-a müsahibəsi:

– Murad, sən bir şair kimi həyatını, həyat tərzini insanlara nümunə görürsənmi? Deyə bilərsənmi şair mənim kimi olmalıdı, şair mənim kimi həyat sürməlidi?
– Mən heç kimə nümunə-zad olmaq fikrində deyiləm. Nümunə olmaq, yəni belə bir maaşlı iş yeri təklif etsəydilər, fikirləşərdim. Zatən nümunəvi, standart adam olmadığıma görə nümunə olmağı heç kimə söz verə bilmərəm. Ancaq onu da bilirəm ki, mən artıq ictimailəşmişəm, yazılarım tirajlanır, ona görə istər-istəməz ictimaiyyətə xeyirli, işıqlı, lazımlı söz deməyə çalışmışam.

Qaldı, şair kimi məsələsinə, mənim fikrimcə, hər bir insan şeir yazmalıdı. Hər bir insanın riyazi təfəkkürü, poeziya duyumu, həndəsi-fəza anlamı, musiqi duyğusu olmalıdı, yumoru hiss etməlidi. Yaxud hər bir kişi divarda razetkanın boltunu bərkidə bilməlidi, hər bir kişi öz evinə işıq çəkə bilməlidi, hər bir kişi yemək bişirməyi bacarmalıdı, hər bir kişi küçə davasını bilməlidi... Mən fəfih (əfəl) kişilərdən danışmıram.

Bizdə nə qədər yazıçılar var, adını çəkmək istəmirəm. Gündə yazırlar ki, qadın belə olmalıdı, qadın elə olmalıdı. Onların bəzilərinə demək istəyirəm: yanındakı qadına küçədə sataşsalar, birinə bir yumruq vurmağa halın, cəsarətin yoxdu, ancaq qadın məsələsinə gələndə kişilənib şərtlərlə danışırsan . Ona görə sənin kimisinə heç qadın da düşməməlidi. Nə ideal qadından danışırsan? Axı sənin özün ideal kişi deyilsən...

– Əsil kişi divara mismar vurmalı, razetkanın boltunu bərkitməli, yumruq vurmağı bacarmalıdı. Maraqlıdı, bəs əsl qadın necə olmalıdı?
– Sən kişisənsə, o da qadındı, sən kişiliyini, o da qadınlığını saxlamalıdı. Əsl qadın kişinin qadın tələbatını ödəməlidi. Kişi də qadınla zərif cinsin nümayəndəsi kimi davranmalı, onunla sevgi içində yaşamalı, qadına öz qadınlığını, təravətini saxlamağa yardımçı olmalıdı. Yəni kişinin kişi kimi durması üçün qadın ona yardımçı olmalı, qadına da kişi yardımçı, həyat yoldaşı olmalıdı. Ancaq bizdə çox az ailələr görmüşəm ki, qadın qadın kimi, kişi də kişi kimi olsun. Bizdə əksər ailələr qadın-kişi, yaxud erkək-dişi münasibətləri üzərində yox, ər-arvad üzərində qurulub. Yəni bəzən ailədə əbədi sürən bir mehribanlıq olsa da, erkək-dişi estetikası yox dərəcəsindədi. Ancaq bir şey də var ki, bayağı qadınla bayağı kişilərinki də yaxşı tutur, belələri dünyadan xəbərsiz, bihuş halda dolmadan-bozartmadan yeyib "kef eləyirlər".

– Görəsən, dolmanı, bozartmanı kim bişirməlidi?
– Dolma, bozartma olmaya da bilər. Ancaq qadın kişini mütləq itiləməlidi, təzələməlidi. Və bu yolla qadın öz qadınlığını itirməməlidi, qadın öz çəkisini artırmamalıdı, qadın daim öz gözəlliyi üzərində işləməlidi. Kişi də onun kimi, daima qadından zövq almalıdı. Yeməyi kişi də bişirə bilər. Amma qadın kişini impotent olmağa qoymamalıdı. Tez-tez biri-birini həvəsləndirməli, özlərinə qarşı hiss yaratmalıdılar... Qadın öz dişiliyini, kişi də öz erkəkliyini axıra kimi itirməməlidi. Bunu bacarmırsa, deməli, o, qadın deyil. Burada söhbət təkcə şəhvətdən getmir, söhbət həm də qadının cazibədarlıq istedadından gedir. Həm də söylədiyim bu ailə modeli, qadın-kişi münasibətləri Şərqli ailəsi üçün o qədər də xarakterik deyil.

– Şair, arzuladığın qadın qabağına çıxıbmı?
– Hə... İndi istədiyim qadınla yaşayıram...

– Birinci ailəndən ayrıldın, iki övladın da var. Görəsən, birinci cəhddə arzuladığın qadını tapmaq mümkün deyilmi?
– Mən uzun müddət Rusiyada olmuşam, oradakı cəmiyyətin qanunları ilə yaşamışam. Sonradan isə elə həmin düşüncəylə gəlib Azərbaycanda evlənmişəm. Ağlım Rusiyada vətəndaş nikahında yaşayan ailələrin həyatına gedibmiş, fikirləşmişəm ki, evlənim, birgə yaşayışımız xoşumuza gəlməsə ayrılarıq. Sonra başa düşdüm ki, xoşuna gəlməsə ayrılmaq nədi? Millət, adət, qohum-qonşu, cəmiyyət, hay, huy... Az qala adamı təzəklə odlayalar.

– Murad, sənin neçə yaşın var?
– Oktyabrda 57 tamam olacaq...

– Camaatın 57 yaşında beli bükülür, bu yaşda adam boşanar? Heç olmasa vaxtında ayrılmaq olmazdımı?
– Belə talelərdən heç kim sığortalanmayıb, sənin özün də artıq ikinci nikaha girmisən...

– Vaxtında evlənib vaxtında boşanmaq lazımdı, ömür çox qısadı. Ta 57 yaşında yox...
– Mən artıq dörd ildi ki, indiki həyat yoldaşımla yaşayıram. Bəli, vaxtında ayrıla bilmədim, bunun çoxlu səbəbləri vardı. Ən əsası da dünyaya övlad gətirdik, uşaqların xətrinə böyüyənə qədər biri-birimizin xarakterinə dözəsi olduq. İkincisi də, indikilərin kitayski 30 yaşından bizim sovetski 50 yaşımız daha etibarlıdı...

– Bəs uşağın xətrinə niyə axıra kimi yaşamadın?
– Tale qarşıma başqa adamı çıxartdı, artıq uşaqlar da hər şeyi anlayan yaşa gəlib çıxmışdılar, ailə skandalları kəskinləşdi, dözülməz həddə çatdı, ayrılmaq ən yaxşı varianta çevrildi. Ayrıldıq...

– Əsas səbəb nə oldu? Danışmağını istərdim, bəlkə insanlar səndən öyrəndi, nümunə götürdü...
– Keçmiş həyat yoldaşım məni tanımadı. Biz başqa-başqa dünyanın, estetikanın adamlarıyıq. O adam bir dəfə olsun mənim yazılarımı oxumurdu. Dünya görüşümüz qətiyyən uyğun gəlmirdi. Bunu böyüdükcə uşaqlarımız da anlayırdı. Onunla mübahisələrim həmişə gedib absurda dirənirdi. Ümumiyyətlə son dövrlər bir evdə iki kirayənişin kimi yaşayırdıq. Ancaq deyim ki, bir ana kimi daima övladlarımızın üstündə əsir, uşaqların təmizkarlığını, dərslərini diqqətdə saxlayırdı. Olub ki, gecə yarısı evə qonaq gətirmişəm, qalxıb məmnuniyyətlə bizə süfrə açıb. Yaşadığımız həyətdə qonşularla mehriban olmuşuq. Ancaq tətillərdə uşaqları kəndə aparanda hiss eləmişəm ki, onları mənim tərəfin adamlarına qısqanır. Uşaqları anamdan-bacımdan qaçırdıb öz atası evinə aparır, öz tərəfinə isnişdirməklə məşğul olurdu. Bu hərəkətlərini isə hər dəfə bir bəhanəyə yozurdu.

– Demək, belə problemlər böyüyüb ayrılığa gətirə bilir?
– Bax, deyirsən, danış, bəlkə kimsə bir ibrət götürdü. Əslində, mən ibrət üçün danışmıram, hərənin bir taleyi olur, mən də özümünkünü danışıram. Bir yerdə yaşayan adamların xarakterinin tutmaması ən böyük bəlalardan biridi. Belələri nə qədər biri-birini çürütmədən tez ayrılsalar o qədər yaxşıdı.

Məsələn, xırda bir detal deyim. Bir dəfə qızım evə bir pişik gətirmişdi, hər gün onu yemləyirdilər. Keçmiş həyat yoldaşım deyirdi, pişiyi yemləyirəm ki, Allaha xoş getsin, uşaqlarımıza alqış eləsin və uşaqlarım salamat olsun... Mən də deyirəm ki, pişiyi yemləməyin çox gözəldi. Amma bu pişiyi ona görə yemlə ki, bu heyvandı və insandan asılıdır. Deyirəm ki, bu məsələyə xurafatla yox, elmlə bax. Düşün ki, biz bu pişiyi yemləməsək, o, acından ölər.

– Murad, pişik yemləmək xoşuna gəlir?
– Əlbəttə, bu gözəldi, insani bir şeydi. Dəfələrlə olub ki, yoldan kimsəsiz pişik gətirib evdə uşaqlarımla çimizdirib bəsləmişik, böyütmüşük. Qar yağanda karton kağızların üstündə quşları yemləmişik. Mən bir ata kimi belə şeyləri aşılamışam onlara.

– Bəs sənə nə dəxli var, pişiyi hansı niyyətlə yemləyir? Əsas yemləmək deyil?
– Bax, fikir ver, pişiyi hansı niyyətlə yemləmək məsələsinə mikroskop altında baxanda ortaya ayrı-ayrı dünya baxışı çıxır. Məsələn, xəstə cəmiyyətdə ona aşılanan bu xurafata görə arvad falçıya gedib çıxdı. Mən bunu lap sonralar bildim. Hər evə gələndə yoldaşımdan qəribə şeylər eşidirdim. Bir gün lap heyrət elədim, mənə dedi ki, sənin bank hesabında beş yüz min manat pul var. Sən demə, falçı evdəki pulları ondan qopartmaq üçün ona beləcə yüksək məbləğlər vəd edirmiş. Məni də dəli eləyən o idi ki, mətbuatda hər gün belə problemlərdən yazırdım. Oxuyub anlasaydı, yəqin nələrisə əxz eləyər, azca da olsa məni tanıyardı. Uşaqları türk serialları havasında "inşallah-maşallah"la tərbiyələndirib məni həyacanlandırmazdı.
Yəni, ilk baxışdan çox da əhəmiyyətli görünməyən şeylər insanların ayrılığına səbəb olur.

Məsələn, onun estetikası belədi: ad günüdü, mütləq tort olmalıdı, qız ərə gedir, mütləq cehiz olmalıdı, qızıl olmalıdı; oğlum qız sevir, mütləq nişan olmalıdı, boğazı qırmızı lentli qoçlar olmalıdı, xonçalar düzülməlidi, zırıltı bir toy olmalıdı və s... Mənim estetikam isə belədi: ad günü olmaya da bilər, yaxud tortsuz da olar, qız sevdiyinə cehizsiz də ərə gedər, oğlan sevdiyi qızla toysuz da evlənə bilər və s...

Araq içdiyim stəkanı həyat yoldaşım özünün də başa düşmədiyi sözləri mızıldanaraq qusullayırsa, bu, mənim həyat stilim deyil. Mən belə insanla nədən danışa bilərdim? Görünür, onun da bəxti gətirməyib ki, mənimlə ailə həyatı qurmuşdu. Yəqin ki, özü kimi bir xurafatçı ilə ömrü boyu xoşbəxt yaşaya bilərdi.

– Bəs, indi uşaqlarınla münasibətin necədi?
– Bizim millətdə boşanma, ayrılma mədəniyyəti çox aşağıdı. Hər cür kobudluğu kişi tərəfdən də, qadın tərəfdən də görmüşük. Mətbuatla işləyən adamlarıq, boşandığı qadını öldürən kişi haqda, yaxud boşandığı kişini tutduran qadın haqda azmı oxumuşuq? Televiziyalardan nə qədər ailə dramları eşitmişik. Biz də azərbaycanlıyıq, bizimki də onlardan biridi.

Məsələn, anası uşaqlarımla mənim görüşməyimi qəti istəmir. Oğlumla zəngləşib görüşürəm, ancaq qızım məndən küsüb, anası görüşməyə qoymur. Başa düşürəm ki, bu da müvəqqəti bir şeydi. Övladlarım məni yaxşı tanıyırlar, bilirlər ki, analarından ayrılsam da, onlardan ayrılmaram.

Qızımın güclü yumor hiss var, onunla həmişə deyib-gülmüşəm. İndi universitetdə oxuyur. Oğlum da rəssamdı, kollecdə oxuyur. Hər ikisi nəzarətimdədi. İndi məndən incik dursalar da bilirəm ki, həyatda ciddi addım atası olsalar, yaxud ailə həyatı qursalar mənə gənəşəcəklər.

Mən atayam, əziyyət çəkirəm, onlara bacardığım maddi yardımı eləyirəm. Bakıya təzə köçəndə 10 il işsiz qalmışam, onda uşaqlar balaca idilər, yenə də ordan-burdan pul tapıb ailəni sıxıntısız dolandırmışam.
Heç kimin məndən küsmək haqqı yoxdu.

Mən övladlarımı qocalandan sonra mənə dayaq duracaqlar fikri ilə böyütmürəm. Nədənsə başımda heç vaxt belə mental fikirlər olmayıb. Heç vaxt öz uşaqlarıma möhtac olmaq, onların həyatına mane olmaq istəmirəm. Yəni, dünyaya gətirdiyim övladı sonradan özümə əsa eləmək üçün yox, öz atalıq borcumu yerinə yetirmək üçün böyütmüşəm.

Həmişə düşünmüşəm ki, uşaqlarıma möhtac olduğum gün başıma bir güllə çaxacam.
Həm də bu nə məntiqdi bilmirəm, gələn-görən uşaqları, arvadı soruşur, heç mənim halımı soruşan yoxdu. Hamı mənə hücum eləyir, hamı məni istintaqda tutur. Rusiyada alverçiliklə məşğul olub rus arvadı ilə yaşayan, illərlə kənddəki arvad-uşağının üzünü görməyən kəndçim mənə etiraz eləyir. Deyirəm, a kişi, axı sən özün üç il idi kəndə gəlmirdin, ancaq mən hər an uşaqlarımın yanına gedə bilirəm. Rusiyadan göndərdiyin pul sənin başına dəysin, arvadın bir yana, uşağının adını da unutmusan.
İndi sənə deyirəm, nə deyirsən, Murad Köhnəqala yaşamamalıdı? Murad Köhnəqaladan küçələrə çoxmu tökülüb?

– Murad, bir az da ədəbi cameədən danışaq. Haqqında tənqidi yazılar yazsan da Yazıçılar Birliyinin sədri Anarla nə vaxtsa xoş münasibətdə olduğunu danışırsan...
– Hə, demək istəmişəm ki, Anarın şəxsən mənimlə heç bir pis münasibəti olmayıb, münasibət korlanıbsa, demək günah bizlərdə olub. Yadımdadı, mən tələbə olanda Estoniyada aspiranturada oxuyan məşhur türkoloq Arif Acal Moskvaya gəlmişdi, Anarın Yazıçılar Birliyinə sədr seçilməsini dedi. Biz bu xəbərə çox sevindik və bunu xoş bir hadisə kimi məclis qurub qeyd elədik. Anarın, Çingiz Abdullayevin rusca çıxan kitablarını tələbə yoldaşlarıma verib fəxrlə deyirdim ki, bunlar bizim yazıçılarımızdı. Vaqif Səmədoğlu ilə hələ tələbəlikdən dostlaşmışdıq, hər dəfə Moskvaya gələndə bizimlə məclislər qurardı.

Mən Yazıçılar Birliyinin üzvü olanda Anar müəllimin göstərişi ilə Ədəbiyyat Fondunun o vaxtkı direktoru Arif İbrahimov ailəmi Şüvəlan Yaradıcılıq evində bir mənzildə yerləşdirdi. Sonralar AYO-nu yaratdıqdan sonra mən sakitcə ərizə yazıb qışqır-bağır salmadan birliyi tərk elədim. Demək istəyirəm ki, heç kimlə düşmənçilik eləmək fikrim yoxdu. Ədəbi estetikanın fərqli olması ilə düşmənçiliyi səhv salanlar yanılırlar.

Mən əslində, Anarın yanına getməli idim. Anarla mehriban olumalı idim. Yaxud Elçin Əfəndiyevlə münasibətlərimi korlamalı deyildim. Mən Elçinlə mehriban olsaydım, bu saat hansısa nazirlikdə işləyirdim. Onda vəziyyətim çox yaxşı olardı... Ancaq mən gəlib Rasim Qaraca və Həmid Herisçiylə bir yerdə axmaq-axmaq hərəkətlər elədim. Çox peşimanam və öz səhvlərimi başa düşürəm. Mən yazdığım ədəbiyyatı inkişaf elətdirmək üçün nəsə bir təkan lazım idi. Anar və Elçin mənim üçün belə bir təkan olacaqdı.

– Təzədən birliyə qayıda bilərsənmi?
– Düşünürəm ki, Yazıçılar Birliyinə qayıtmaq üçün istənilən vaxt müraciət edə bilərəm, ancaq buna lüzum görmürəm. İndiki vəziyyətdə nə Yazıçılar Birliyinin mənə, nə də mənim onlara ehtiyacım var. Bəli, vaxt olub onlar AYO haqda, biz isə AYB haqda tənqidi yazılar yazmışıq. Düşünürəm ki, həmin dartışmaların, bəzi istisnaları çıxmaq şərtilə, hər iki tərəfə xeyri dəydi. Ancaq mən heç vaxt heç kim haqda nifrətlə heç nə yazmamışam. Yazdıqlarım şahiddi ki, yumordan, sarkazmdan o tərəfə keçməmişəm.

– Ancaq axır vaxtlar adamlar daha sənin yumoruna gülmür...
– Mən bir neçə janrda yazılar yazmışam. İki povestim var, bir avtobioqrafik romanım var, ultrayeni səpkidə yazılmış şeirlərim var, uşaq hekayələrim var, silsilə sürreal hekayələrim var, uşaqlar üçün yazdığım hekayələrim var, absurd siyasi məqalələr silsiləsi yazmışam, bir də yüzə qədər yumoristik hekayələrim və məqalələrim var. Son dövrlər üzdə olan bir qoşun yazarın yaradıcılığına bu və ya digər şəkildə təsir eləmişəm.
Gələk sənin dediyin söhbətə. Hərdən mənim haqda elə şeylər danışırlar, özüm də bunu ilk dəfə eşidirəm. Çox rast gəlmişəm ki, mənim adıma bayağı söhbətlər, deyimlər yayırlar. Yaxud, kimsə mənim söylədiyim, yazdığım bir əhvalatı tamam sönük, istedadsız şəkildə məclislərdə danışıb dövriyyəyə buraxır. O qədər olub ki, özümə danışıblar ki, bəs sən belə demisən. Mən də demişəm, a kişi, elə yox, belə olub, mənim yerimə bu əhvalatları kim yayır belə? Yəni mənim haqda gəzən əhvalatların çoxusunun müəllifi mən deyiləm. Həm də bayaq dediyim kimi, sarkazm mənim yaradıcılığımın bir qoludu.

– Öz estetikanı, baxışlarını cavan yazarlar arasında kimdə görürsən?
– Aqşində və qismən Mövlud Mövludda görürəm...

– Mövludda niyə qismən?
– Ona görə qismən dedim ki, Mövlud hələ ki dini təfəkkürdən ayrılmayıb. Mövlud siz cavanların arasında daha işıqlı görünür. Çünki yazmır. Daha doğrusu, yazmağın lazım olmadığını dərk eləyib. Yazsa o da sizin tayınız olacaq. Ancaq Aqşin tam durulmuş vəziyyətdədi, fikirləri aydın və lazımlıdı, ona görə Aqşin yazmalıdı.

– Murad, kənardan belə təəssürat yaradırsan ki, sən daxilən azad adam olduğuna görə istənilən ünvanı ən sərt formada tənqid eləyə bilərsən, heç nədən qorxmursan, çəkinmirsən və s. Doğrudan da belədirmi?
– Mən təxminən 10 il "Azadlıq", 3 il "Müsavat" qəzetində tənqidi, satirik yazılarla çıxış eləmişəm. Bu yazılara görə heç vaxt hakimiyyət dairələrindən təhdid, təqib, təhqir görməmişəm. Yəni bu gün hakimiyyəti tənqidlə məşğul olan medianın özünü qəhrəman, başqalarını qorxaq adlandırması yanlış olardı. Ən qorxulusu dinin tənqididi. Çünki manqurt, savadsız dindarlar ölkəni ağzına götürüb. Belələrində bir qram ruhaniyyət yoxdu, onlar ateistlərə qarşı aqressiya ilə yükləniblər. Ona görə bu gün ən qorxulu mövzu dindir. Hamısı qılınc alıb kiminsə başını kəsmək istəyir. Təkcə sosial şəbəkələrdə yazdığım xırda ateist fikirlərimə görə dəfələrlə hədələnib təhdid olunmuşam.

– Yəni, hakimiyyəti tənqid eləmək daha qorxusuzdu?
– Dindarlarla müqayisədə, bəli. Həm də mən bugünkü hakimiyyəti dindar müxalifətçilərdən daha məqbul sayıram. Hər halda küçədə qadını daşqalaq edən nadan sürüsündən rüşvətxor məmuru daha üstün tuturam. Qara çarşablı, hüquqsuz qadın sürüsü olan cəmiyyəti heç arzulamıram.

Mənim dindar Əli Kərimli və dindar İsa Qəmbərdənsə ateist bir məmura daha çox rəğbətim var. Heç olmasa bilirsən ki, ateizim elmə söykənir, Əli Kərimli və İsa Qəmbərinsə dini təfəkkürü nəyə söykənir, bilmirsən.

Əgər sən muxalifətçisənsə və dindarsansa, özü də hakimiyyətə gəlmək istəyirsənsə bunun üçün meydana çıxmaq lazım deyil. Əli Kərimli gedib Ət Ağanın qəbrinin üstündə bir qurban kəssin, sonra oturub evində gözləsin.

Demokratik mübarizə ilə dindarlıq tamamilə ayrı-ayrı şeylərdi.
Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı bir tərəfdən demokratiyadan danışır, o biri tərəfdən Nardaranlı Hacı Talehi müdafiə eləyir. Hacı Taleh birbaşa İran kəşfiyyatının adamıdı. Hacı Taleh də, onun müdafiə eləyənlər də ümumiyyətlə, vətən xainidi. Əgər sən bir demokrat kimi Hacı Talehə aldanırsansa mən niyə səni hakimiyyətə gətirməliyəm? Hacı Taleh Azərbaycan qadınının çarşaba bürünməyinin tərəfdarı olan bir adamdı. Demokratik mübarizə hara, dindarlıq, ruhaniyyət hara?

Kəramət Böyükçöl