Əməkdar artist, “Muğam” instrumental ansamblının rəhbəri, tarzən Sahib Paşazadənin AzNews.az-a müsahibəsi Əməkdar artist, “Muğam” instrumental ansamblının rəhbəri, tarzən Sahib Paşazadənin AzNews.az-a müsahibəsi

Əməkdar artist: “Sən onu sevirsənsə...”

Əməkdar artist, “Muğam” instrumental ansamblının rəhbəri, tarzən Sahib Paşazadənin AzNews.az-a müsahibəsi

- Sahib müəllim, yeni mövsümdə Özbəkistanın Şahrisabz şəhərində keçirilən Birinci Beynəlxalq Makob Festivalı və forumunda iştirakınız gözlənilir. Festivaldakı çıxışınızla bağlı proqramınız məlumdurmu?

- 70-ə yaxın ölkənin qatıldığı bu festival ilk dəfədir keçirilir. Rəhbərlik etdiyim “Müğam” instrumental ansamblı da iştirakçılar arasındadır. Festivalda Azərbaycanı “Müğam” müsabiqəsinin qalibləri Abgül Mirzəliyev və Nigar Şabanova təmsil edəcək. Müsabiqədə 30 dəqiqəlik bir proqramla çıxış edəcəyik. Abgül Mirzəliyev “Simayi-şəms”, Nigar Şabanova isə “Heyratı” muğamını ifa edəcək. Bundan başqa, Abgül Mirzəliyev “Mahur”, Nigar Şabanova isə “Çahargah” muğamlarından bir neçə hissəni təqdim edəcək. Azərbaycan muğamı haqqında onlarda kifayət qədər məlumat var. Amma bu festival ilk dəfə keçirildiyindən, təbii ki, məsuliyyət hissi böyükdür. Bizimlə birlikdə Azərbaycandan böyük bir heyət də gedir. YUNESKO-nun eksperti Sənubər Bağırova, Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova və musiqişünas Fəxrəddin Salim. Düşünürəm ki, gözəl nəticə ilə Azərbaycana qayıdacağıq. Bütün proqarmı özüm tərtib etmişəm. Hazırda məşqlərimiz gedir. Xanəndələrimiz də peşəkar ifaçılardır. Qismət olsa, festivaldan sonra bizi Özbəkistanın müstəqillik günü ilə bağlı bir tədbirdə də iştirak edəcəyəm.

- Festivalda çıxış edəcək ifaçılar kimlər tərəfindən seçilib?

- Açığı, mən o festivala solist kimi də gedə bilərdim. Fikirləşdim ki, tarımız “Qran-Pri”ni qazanıb. Eynilik olmasın deyə, bu dəfə bir oğlan və bir qızın çıxışına üstünlük verdim.

- Tar sənətini kimdən öyrənmisiniz?

- İlk müəllimim atam olub. Xalq artisti, professor Ağaverdi Paşayev, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Xalq Çalğı Alətləri orkestrinin rəhbəridir. Sonrakı müəllimim məşhur tarzən Sərvər İbrahimov olub. Hansı ki, muğam sənətində öz dəsti-xətti olan Bülbül, Xan Şuşinski, Seyid Şuşinski kimi xanəndələri müşayiət edib. İxtisas müəllimim isə qocaman sənətkar Akif Novruzov olub. Üzərimdə onların böyük zəhməti var, həyatım boyu bunu unutmaram. Bakı Musiqi Akademiyasında xalq artistləri Ramiz Quliyevdən və Vamiq Məmmədəliyevdən, Milli Konservatoriyada isə xalq artisti Ağasəlim Abdullayevdən dərs almışam. İxtisas müəllimim Məmmədağa Kərimov olub.

- Atanız Ağaverdi Paşayevlə birgə konsertləriniz olur?

- Dövlət orkestri ilə birlikdə ata-bala tez-tez konsertlərimiz olur. Elə bir ay olmayıb ki, mədəniyyət ocaqlarında bizim konsertlərimiz olmasın. Mən bütün Azərbaycan və dünya bəstəkarlarıın əsərlərini tarda ifa etmişəm. Dəfələrlə atamla xarici olkələrdə Azərbaycan musiqisini ifa etmişəm. Mənim bir müşayiətçi kimi püxtələşməyimdə muğam müsabiqələrinin rolu böyük olub. Bu müsabiqələr həm də çəmiyyətə tarzən, balaban, kamança ifaçıları ordusu da təqdim etdi. Dövlətin bizə olan etimadı sayəsində Azərbaycan muğam sənəti inkişaf yoluna qədəm qoydu. Bu sahədə böyük uğurlarımız var. Dünyanın bir çox nüfuzlu festivallarında çıxış etmişik.

- Muğam müsabiqəsindən sonra muğam sənətinə maraq artdı. Sizcə buna səbəb nədir?

- Təbii ki, buna səbəb dövlətimizin muğamımıza olan dəstəyidir. Müsabiqədən sonra Azərbaycanda tar, balaban, kamança kimi musiqi alətlərinə və xanəndəliyə maraq artmağa başladı, böyük tar, kamança ifaçıları ordusu yarandı. Ümumilikdə 6 muğam müsabiqəsi keçirilib. Həmin müsabiqə çəmiyyətə 120 xanəndə təqdim edib. Allah nəsib edib ki, 5 müsabiqəni tarda mən müşaiət etmişəm. Bu gün üzdə olan xanəndələr muğam müsabiqəsinin qalibləridir. Hər müsabiqədən 20 xanəndə çıxıb. Gənclərin muğama marağı artır və biz buna sevinirik. Həmin müsabiqələrin nəticəsidir ki, bu gün artıq dünyanın bir çox ölkələrindən tar sənəti ilə maraqlanırlar.

- Muğam müsabiqəsi cəmiyyətə 120 muğam ifaçısı təqdim edib. Bu gün onların bəziləri gözə dəymir...

- Əlbəttə, hamı bu sənətdə ola bilməz. Kimi ailə həyatı qurur, kimi ixtisasını dəyişib başqa sənətin ardınca gedir. Çünki bu sənətin enişli-yoxuşlu yolları var. Hər ifaçı bu çətinliyə dözə bilmir.

- Bu gün tar sənətinin hansı problemləri var?

- Müəyyən şeylər var ki, onlar inkişaf etməlidir. Məsələn, tar musiqi alətinin istehsalı üçün fabrik lazımdır. Yaxşı ustalar var, amma çox azdır. Peşəkarlar dünyasını dəyişib, təzə utsalar isə yaşlı nəslin yerini vermir.

- Evdə neçə tarınız var?

- Bir neçə tarım olsa da onların arasında ürəyimə yaxın yalnız bir tarım var ki, mən onunla dostluq edirəm. Hamısı da Azərbaycanda istehsal olunub. Onlardan biri atamın tarıdır, mənə bağışlayıb. Tar mənim dostumdur. Alət özü canlıdır, gərək ona canlı kimi baxasan. O sənə necə münasibət göstərirsə, sən də ona elə münasibət göstərməlisən. Sən onu sevirsənsə, o da səni sevəcək. Sevməsən, o da səni sevməyəcək. Tarın dili var, onu danışdırmaq lazımdır.

- Nə vaxtsa tarınızdan küsmüsünüz?

- Yox, heç vaxt. Məni ucalığa qaldıran tardır. Tar mənim həyatımdır. Bu alət 60 ölkənin musiqiçiləri arasında başımı uca edib. Mənə ən yüksək mükafatı qazandıran tardan niyə küsüm?

Bahar RÜSTƏMLİ
AzNews.az