“Qılınc və qələm” - “Klassiklər”də

"Qanun" nəşriyyatı, "Əli və Nino" nəşriyyatında "Klassiklər" seriyasında bu dəfə Azərbaycan yazarının əsəri nəşr edilib. Bu? Məmməd Səid Ordubadinin məşhur "Qılınc və qələm" romanıdır.

İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu "Qılınc və qələm" romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılıb.

Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaradıb.
Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq "Qılınc və qələm" adlandırılıb.

Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir.
Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu "Qılınc və qələm", şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.

Elnarə
AzNews.az