Bakıda sərgi: “Yağmurdan” çıxıb, yağışa düşən kitablar - REPORTAJ

Artıq 3 gündür ki, Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Sentyabrın 23-dən start götürən sərgi-yarmarkada iştirak etmək istəyənlər üçün bu gün son fürsətdir. Biz də bu fürsətdən yararlanıb sərgi-yarmarkaya baş çəkdik.

Ay yoldan ötən…

Kənardan bayram əhval-ruhiyyəsi hiss olunur. Küçənin rəngli lentlərlə ayrılmış hissəsi diqqəti çəkir. Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Dövlət Akademik Opera və Balet Teatrının qarşısında təşkil edilən sərgi-yarmarka hər yoldan ötənə "bu tərəfdən gəl" deyir. Görünür, elə bunun nəticəsidir ki, əsasən gənclərin məkanı olan Nizami küçəsində qələbəlikdir: Bu gün də buradakıların əksəriyyəti gənclərdir. Onların arasında kitabla maraqlanan da, bu küçədə əyləncə axtarıb təsadüfən kitabla qarşılaşan da var. Ancaq onları biri-birindən ayırmaq elə çətin deyil. Əsl oxucular kitabla dil tapmayanlardan fərqlənir. Yeri gəlmişkən, sadəcə yoldan keçən, ancaq qarşılaşdığı sürprizdən məmnun olanlar da var…

Ödənişsiz yer, ucuz kitab…

Kitab da var, onu tanıtmaq və satmaq üçün yer də. Oxucu tapmaq isə elə də asan görünmür. Yarmarkanın təşkilində əsas məqsəd də məhz budur: kitab nəşri, kitabın təbliği və yayılması. Burada dərsliklərin, lüğətlərin tərcüməsi, gənc nəslin kitaba marağını artırmaq, eləcə də oxucuların dünyanın aparıcı nəşriyyatlarının nəşrləri ilə tanışlığını təmin etmək hədəflənib. Bu hədəfə uğurla nail olmaq üçün isə kitab satışı və nümayişi üçün sahələr, stend avadanlıqları iştirakçılara ödənişsiz verilib. Geriyə qalan yalnız fürsəti fövtə verməməkdir. Bəs, bu fürsətdən naşir və poliqrafçılar necə yararlanıb? Məlumatlara görə, sərgi yarmarkada yüzdən çox milli, qırxdan çox beynəlxalq nəşriyyat və təşkilatın, eləcə də səfirliklərin təmsilçiləri iştirak edib. Sərgidə həmçinin milli və beynəlxalq nəşriyyat evlərinə, kitab nəşri və yayımı ilə əlaqəli təşkilatlara, poliqrafiya müəssisələrinə, müəllif hüquqları qurumlarına müvafiq şərait yaradılıb. Sərgini dolaşdıqca bu fürsəti kimin necə dəyərləndirdiyi aydın görünür. Sıra ilə stendləri gəzirik. Ali məktəblərin, teatrların, kitabxanaların stendləri kitaba da, oxucuya da həsrət görünür. Əksər stendlər artıq son gün ovqatındadır. Belə ki, kitabların bağlamalarını açmayanlar, vaxtın bitməsini gözləyənlər, hətta gözləmədən stendini qoyub gedənlər də var. Qafqaz Universiteti öz nəşrləri ilə Gülnisə Qafqaz Universitetinin nəşrlərini təqdim edir. Dediyinə görə, sərgi-yarmarka maraqlı keçib və Universitet bu fürsətdən öz nəşrlərini tanıtmaq üçün lazımınca istifadə edib: "Biz Universitetin müəllimlərinin nəşr olunan kitablarını, Qafqaz Universitetinin jurnallarını təqdim edirik. Xeyli diqqət cəlb edə bildik. Stendimizlə aktyorlar, tanıdığımız hüquqşünaslar maraqlandı. Tələbələrimiz də çox fəal iştirak etdilər".

İnsan bir təkamül prosesinin nəticəsidir, yoxsa…

Amma qarşısında nəinki oxucusu olan, hətta müzakirələr qurulan stendlər də var. "Qlobal publishing" MMC-nin stendi, 2 masası var. Birində dini kitablar, digərində isə poleontoloji nümunələrin sərgisi qurulub. Oxucular burada mütləq ayaq saxlayır, nümunələrlə maraqlanır, hətta müzakirələrə də qoşulur. MMC-nin əməkdaşı Savalan Məmmədli deyir ki, bu gün satmaqdan çox danışıblar: "Oxucularımız daha çox gənclərdir. Onlar üçün maraqlı kitablarımız var. Satışda dini kitablardır. Poleontoloji nümunələri isə sərgiləyirik. Masanın birində insanı Allahın yaratdığına dair kitablar, digərində isə bunun sübutu var".

İqtisad Universitetinin tələbəsi Nuray Əfəndi da bu müzakirələrin iştirakçısıdır. İxtisası maliyyə olsa da, mövzunun onun maraq dairəsində olduğunu söyləyir: "Bu mövzuda kitablarla maraqlanıram. Ancaq tələbəliklə əlaqədar olaraq, artıq 2 ildir ki, ixtisasımdan kənar kitablar oxuya bilmirəm. Buna baxmayaraq, bu mövzu diqqətimi çəkir. Bu səbəbdən sərgi ilə maraqlandım".

Kitablarıma salam verin

Sərgidə öz işini, yaradıcılıq nümunələrini sərgiləyənlər də var. "Ziya" Nəşriyyat-poliqrafiya mərkəzinin direktoru, yazıçı-naşir Sevda Mikayılqızının sərgi-yarmarkaya qatılanlardan yeganə istəyi budur: "Mən hər kəsə deyirəm ki, kitablarıma salam verin. Onlarla danışın. Məncə, bu günlərdə kitablarımı danışdıranlar çox oldu. Məsələn, ilk dəfə "Vinson" zirvəsinə çıxan Azərbaycan oğlu haqqında kitab çoxlarının diqqətini çəkdi. Satış mənlik deyil, mən yalnız tanıtmaq istədim. Oxucularımı maraqlandıqları kitabları haradan ala biləcəklərini söylədim".

Öz kitablarım, öz oxucularım var

Müəllif Sədaqət Kərimova da sərgiyə öz kitabları ilə qatılıb: "Mən burada oxucuma 15-16 adda, 3 dildə kitablarımı təqdim edirəm. Mən ləzgi dilində də kitablar yazıram. Bu dildə kitablarım kifayət qədər böyük maraq cəlb edir. Mənim öz oxucularım var. Odur ki, burada kitablarımı təbliğ etdim və satdım. Yalnız bu gün 50 kitabım satılıb. Kitabın qiyməti 10 manatdır və o qiymətə də satdım". S.Kərimova kitab yarmarkalarına marağının yarandığını, bundan sonra təşkil ediləcək yarmarkalara qatılacağını da bildirib. Daha bir müəllif - Müzəffər Məlikməmmədov kitablarla bütün təbəqələrdən olan oxucuların maraqlandığını deyib.

Kitab axtarıram…

Sərgi-yarmarkaya gəlib kitab axtaran, ancaq əliboş qayıdanlar da var. Nəzrin İsmayılova Dillər Universitetinin 4-cü kurs tələbəsidir. İngilis dili üzrə ixtisas almasına baxmayaraq, yarmarkada rus dilində kitab axtardığını deyir: "Elçin Səfərlinin kitabını axtarıram. Mənə dedilər ki, maraqlı kitabdır. Ona görə onu alıb oxumaq istəyirəm. İngilis dilində kitab olub-olmaması ilə maraqlanmadım".

Yarmarka var, mənə lazım olan kitab yoxdur

Tibbə aid kitablarla maraqlanan oxucu Rövşən Səfərov da narazı görünür: "İxtisasca neftçiyəm. Ancaq tibb, sağlamlıqla bağlı kitabları oxuyuram. Bədii kitabları cavanlıqda oxumuşam. İndi sağlamlığımı qorumaq üçün mənə kömək edəcək kitablar axtarıram. Mənə lazım olan kitabları kitab mağazalarından alıram. Buraya təsadüfən gəldim. Yarmarka var, ancaq mənə lazım olan kitab yoxdur".

Yağışda islanan kitablar

Sərgi-yarmarkada ən böyük oxucu marağı "Qanun" Nəşrlər Evinin stendi qarşısındadır. Sərgidə 200 adda 2 min kitabla təmsil olunan "Qanun" son günün son saatları olmasına baxmayaraq, oxucu qıtlığı hiss etmir. Buna baxmayaraq, Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu narazı görünür. O digər stendlərdə olduğu kimi, oxucu qıtlığından deyil, təşkilatçılıqdan narazıdır: "Yağış kitablarımızı isladıb. Müəyyən qədəri 1-ci gecə, bir qismi isə ikinci gecə islanıb".

Kitab çox, oxucu çox, amma günlər…

Sərgi-yarmarkada kitablarını yığışdırıb günün bitməsini gözləyənlərdən fərqli olaraq, "Qanun" Nəşrlər Evi həm də yarmarkanın təşkil olunduğu günlərin azlığından şikayətçidir. Ş.Xuduoğlu deyir ki, dünyanın hər yerində belə sərgilər 1 həftə təşkil edilir: "İnsanlar çatdıra bilmir. Yarmarka cəmi 3 gün, özü də iş günləri təşkil olunduğundan maraqlananların çoxu bura gələ bilmədi. Amma bunlara baxmayaraq, sərgi-yarmarkanın təşkilini ümumilikdə yaxşı iş kimi dəyərləndiririk".

Sərgi-yarmarkada hər kvadrata görə mübarizə apardıqlarını söyləyən Ş.Xuduoğlu deyir ki, çətinliklərə baxmayaraq, son nəticədən razıdırlar: "Stendimizin qarşısından ötən adamlar artıq burada dayanır, maraqlanır, kitab alırlar. Elə bu marağı da Nəşrlər Evi nəzərə alıb. Özü də mütəmadi yarmarkalar təşkil etdiyindən, "Qanun"un satış təcrübəsi də artıb: "Müxtəlifliyə nail olmuşuq. Nəşrlərimizdə uşaq ədəbiyyatından tutmuş dini ədəbiyyata, xarici müəlliflərdən yerli yazarlara qədər hamı təmsil olunur. Bütün kitablarımız endirimlidir. Zəngin çeşidli "1 manatlıq kitab" aksiyamız var. İmkansızlar bu aksiyadan yararlana bilirlər. Uşaq ədəbiyyatına olan marağı nəzərə alıb iməkləməyə başlayandan tutmuş gənclik dövrünə qədər olan uşaqları əhatə edən kitablarımızı sanki bir sapa düzmüşük. Bir sıra kitablar geniş oxucu kütləsi, müəyyən qrup isə məhdud çərçivədə oxucu marağı yaradır. Bunu da daim nəzərə alırıq. Odur ki, qanun, hüquq kitablarını 30 faizdən 20 faizə endirəcəyik. İşimizi elə quracağıq ki, hüquq 20 faiz, iqtisadi kitablar 10 faiz təşkil etsin. Məqsədimiz daha geniş təbəqəni əhatə edən kitabları çoxaltmaqdır. Bu yolla daha çox oxucu toplamaq, dolayısı ilə daha böyük oxucu kütləsinin tələbatını ödəməyi planlaşdırırıq. Elə bunun nəticəsidir ki, hazırda ən çox adam məhz "Qanun"un stendinin qarşısındadır. Biz nə qədər burdayıq, adamlar da burdadır".

Oxucusu olmayanlar…

İqtisadi Araşdırmalar Mərkəzinin stendi məhdud maraq dairəsini əhatə etdiyindən qarşısında oxucu yoxdur. Satıcı İbad İbadov deyir ki, iqtisadiyyatla maraqlananlar onların satışa çıxartdığı "Beynəlxalq uçot və hesabat" kitabına maraq göstərib. Qiyməti 12 manat olan kitab sərgi-yarmarkada 9 manata satılıb. "Hədəf" kursları və "Parlaq imzalar" 30 faiz endirimlə satışa çıxardığı nəşrlərinin satışından razı qalıb. Sərgi –yarmarkada İran, Rumıniya, Rusiya, Küveyt, Belorusiya, Latviya və başqa 20 ölkələnin səfirlikləri də təmsil olunur. Məsələn, İran müxtəlif ədəbi, mədəni və tarixi sahələrdə 400-dən artıq kitabla iştirak edib. İranın mədəniyyəti və incə sənətini təqdim etmək məqsədi ilə və həmçinin müasir ədəbiyyat və İran tarixi ilə əlaqədar kitablar fars dilində olduğundan məhdud sayda oxucu diqqəti cəlb edib. Buna baxmayaraq, onlar sərgidən razı qalıb.

Axtaran tapar

Bu gün sərgi-yarmarka öz işini yekunlaşdırdı. Yəqin ki, belə tədbirlər yenə olacaq. Təşkilatçının kimliyindən asılı olmayaraq, ümid edək ki, həmin tədbirlərdə hamını məhz kitab birləşdirəcək. Yarmarkalarda yolu düşənlər yox, yolunu oradan salanlar iştirak edəcək. Kitab oxucusunu, oxucu kitabını tapacaq!

Ruhiyyə
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description