“Kainat gözəli-2013” təmsilçimiz bu qız olacaq- Foto

Azərbaycan ilk dəfə "Kainat gözəli-2013" gözəllik müsabiqəsində iştirak edəcək.


Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yarışmada ölkəmizi "Miss Azərbaycan- 2012" müsabiqəsinin qalibi Aysel Manafova təmsil edəcək. Müsabiqə 60 ildən sonra ilk dəfə Rusiyada reallaşacaq. Emin və Araz Ağalarov ailəsinin təşkilatçılığı ilə keçiriləcək yarışma dünya standartlarına cavab verən "Krokus Siti Holl"da baş tutacaq. Şou iki mərhələlidir. Noyabrın 5-də yarımfinal, noyabrın 9-da isə final mərhələsi baş tutacaq.

Müsabiqənin sahibi Tramp Donald bu il təşkilatçılığın yüksək səviyyədə olduğunu söyləyərək öncəki illərdən daha möhtəşəm şou nümayiş etdirəcəklərini qeyd edib. Dünyanın 90 ölkəsindən gözəllərin qatılacağı müsabiqənin yarımfinal mərhələsində yalnız 16 iştirakçı finala vəsiqə qazanmaq imkanı əldə edəcək.

"Kainat gözəli-2013" müsabiqəsinin iştirakçıları finaldan 3 həftə əvvəl Moskvada toplaşacaqlar. 25 oktyabrdan paytaxtda promo-həftə keçiriləcək, hər gün qızlar müxtəlif tədbirlərə qatılacaqlar. Oktyabrın 26-da "Miss Kainat-2012" titulunun qalibi Oliviya Kalpo dəb həftəsini açıq elan edəcək. Qırmızı xalı üzərində gəzinti, Moskva parklarına, böyük teatrlara baş çəkilməsi, idman tədbirlərinə qatılmaq gözəllərin daha da tanınmasına şərait yaradacaq. Bundan əlavə xeyriyyəçilik missiyasını yerinə yetirmək üçün 1 gün ayrılacaq və gözəllər öz ölklərindən xüsüsi olaraq gətirdiklərini hərraca qoyacaqlar.

Xatırladaq ki, "Miss Kainat" yarışması 1952-ci ildən keçirilir. Keçən il müsabiqənin qalibi Oliviya Kalpo olub.

AzNews.az