Fikrət Qoca: “Biz kimdənsə məsləhət almayacağıq ki”

Azərbaycan Yazıçılar Birliyini mətbuat xidmətinin rəhbəri, mərhum Ədalət Əsgəroğlunun ölümündən çox keçməsə də, artıq onun yerinə təyinat edilib.

Birlik sədri Anar mərhumun 7-si çıxmamış yerinə Xəyal Rzanı təyin edib. Bu da bəzi yazarların narazılığına səbəb olub. Mərhum şair Qabilin oğlu Mahir Qabiloğlu da öz iradını yazı ilə bildirib.

Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca AzNews.az-a açıqlamasında bildirdi ki, Ədalət Əsgəroğlunun yerinə təyinat olmasında qeyri-adi heç nə yoxdur: "Mən burada yox idim, indi gəlmişəm. İkincisi də biz kimisə işə götürəndə, yaxud da nəsə bir qərar verəndə Mahir Qabiloğlundan soruşmalıyıq? Ədalət rəhmətə gedib, yeri boşdur. Xəyal mətbuat xidmətinin rəhbəridir, görünür Anar müəllim məsləhət bilib və təyin edib. O, da gəncdir, şairdir, prezident təqaüdü alır. Biz kimdənsə məsləhət almayacağıq ki. O elə bir yerdir, gündəlik mətbuata açıqlama verilməlidir. Bu camaatın işi-gücü qurtarıb ey".

Bahar Rüstəmli
AzNews.az