“Bəs neynəyim, gedim özümü öldürüm?!” – Rasim Balayev

Xalq artisti, Azərbaycanın ən məşhur aktyorlarından biri olan Rasim Balayev hələ də işsizdir. O, AzNews.az-ın əməkdaşı ilə söhbətində kinolara niyə çəkilmədiyini, nə ilə məşğul olduğunu, gününü necə keçirdiyi ilə bağlı çox ağrılı məqamlara toxunub.

Xalq artistinin bu məsələlərlə bağlı dediklərini sizə olduğu kimi təqdim edirik: "Mənim bir xarakterim var, işsiz qalaram, amma hər dəvət aldığım rola getmərəm. Bir nəfərdən film çəkilişi ilə bağlı dəvət almışam. Amma hələ söhbətdi, konkret heç nə yoxdur. Müəllif mənə dedi ki, "bir əsər yazmışam, sənə də orada rol vermişəm". Bilmirəm ki, o əsəri qəbul edəcəklər, ya yox. Bekaram, evdəyəm. O şeyləri ki, mənə təklif edirlər, mən onu istəmirəm. Amma o şeyləri ki, mən istəyirəm onu da mənə verən yoxdur! Belə olanda nə edim? Özümü öldürüm? Mən hər hər zir-zibilə görə səhnəyə çıxmaq istəmirəm! İstəmirəm o yüngül serialda görünüm, kimə lazımdı onlar?! Onlar bəyəm sənətdi?!

Buna görə də indi çəkilən serialların heç birinə baxmıram. Orada baxılası heç nə yoxdur. Söz düşəndə deyirlər ki, bu işə pul ayrıldı, amma nəticə yoxdur. Ay balam, bu işlər təkcə pulla həll olunmur. Yaxşı iş üçün mütəxəssis lazımdı. O mütəxəssis də yoxdur. Kinonu çəkməyi bacarmaq lazımdı".

Xalq artisti günün necə keçirməsi ilə bağlı suala isə belə cavab verib: "Darıxıram! Nə yaxşı ki, dostlar və tanışlar var. Gedirəm çayxanaya, günümü orada keçirirəm. Keçmiş günlərimizi yada salırıq. Tay-tuşlarım hamısı xəstəlikdən danışır. İndi biz başqa nədən danışa bilərik? Əvvəl restoranlardan, gəzintilərdən danışırdıq. İndi isə apteklərdən, dərmanların bahalığından danışırq. Yəni, əslində, danışmaq üçün də söz yoxdur".

Bahar Rüstəmli
AzNews.az