Xalq mahnılarından ibarət konsert olacaq

Səid Rüstəmov adına əməkdar xalq çalğı alətləri orkestri 80 illik yubileyi ərəfəsində Televiziya və Radionun gənc instrumental ifaçıları ilə konsert proqramı hazırlanır. Musiqi kollektivlərinin bədii rəhbəri, vokalçı Ramil Qasımovun verdiyi məlumata görə, sözügedən proqramda gənclərin ifasında klassik bəstəkarların əsərləri təqdim olunacaq. Qeyd edək ki, bu konsertin hazırlanmasında məqsəd milli musiqimizin təbliğ olunmasıdır. O dedi ki, hazırda orkestr həm də 80 illik yubileyinə hazırlaşır.

R.Qasımov onu da bildirib ki, Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına xoru 75 illik yubileyi ərəfəsində Azərbaycan xalq mahnılarından ibarət konsert proqram ilə çıxış edəcək: "Azərbaycan professional musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin 1936-cı ildə yaratdığı xor kollektivi daim milli-mənəvi dəyərlərimizə xidmət edir. Bədii rəhbərin sözlərinə görə, xalq mahnılarından ibarət konsertin təşkilində məqsəd xalq mahnılarının çox səsli halda tamaşaçılara çatdırmaq və folklorumuzu təbliğ etməkdir".

Xorun baş dirijoru Şəhla Ələkbərova hazırda qızğın məşqlər aparır. Musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov onu da əlavə edib ki, xorun tarixi haqqında kitab yazır. Kitabda Cahangir Cahangirovun adını daşıyan xorun bu günü, yaranma tarixi, xorda çalışan əbədiyaşar sənətkarlar haqqında söhbət açılacaq.

Bahar Rüstəmli
AzNews.az