Şəmkir şəhərinin qalıqları öyrənilir

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəmkir ekspedisiyasının apardığı qazıntılar nəticəsində Azərbaycan tarixinin böyük bir dövrünün öyrənilməsi üçün zəngin arxeoloji materiallar əldə edilib.

AMEA-dan verilən məlumata görə, orta əsrlər Şəmkir şəhərinin qalıqları yarım hektardan artıq bir ərazidə 5-6 metrlik torpaq qatı altından çıxarılıb. Şəhərin tarixini, plan quruluşunu dəqiqləşdirmək, əhalinin məşğuliyyətini və yaşayış tərzini, sənətkarlığını öyrənmək üçün zəngin arxeoloji materiallar tapılıb.

Şəhərin Narınqala divarları demək olar ki, tam, şəhər qala divarları isə qismən öyrənilıb.

Son tədqiqatlar zamanı məlum olub ki, XI-XII əsrlərdə şəhər bir-birinə paralel olmaqla iki müdafiə divarı ilə qorunub. Divarlar arasındakı məsafə 10 metrdir.

Şəmkir şəhərinin yerində aparılan qazıntılar Azərbaycanın orta əsr şəhərlərində mövcud olmuş mülki memarlığın maraqlı nümunələrini aşkarlamağa imkan verir.

Hazırda Narınqalada IX-X əsrlərə aid nəhəng ictimai binanın qalıqları öyrənilir. Qazıntılar nəticəsində şəhər mədəniyyətinin orta əsr memarlığına aid maraqlı faktlar əldə olunub. Bu faktlar Azərbaycan tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Elnarə Əlosmanqızı
AzNews.az