TƏQDİMATDAN SONRA NÜMAYƏNDƏ HEYƏTİ QUBAYA YOLLANIB TƏQDİMATDAN SONRA NÜMAYƏNDƏ HEYƏTİ QUBAYA YOLLANIB

“Azərbaycan multikulturalizminə səyahət“ çərçivəsində Tövratın təqdimatı keçirildi - Fotolar

TƏQDİMATDAN SONRA NÜMAYƏNDƏ HEYƏTİ QUBAYA YOLLANIB


"Azərbaycan multikulturalizminə səyahət" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Los -Anceles şəhərindəki Sinay Məbədinin nümayəndə heyəti maraqlı tədbirlər həyata keçirir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, noyabrın 1-də Bakıda Dağ Yəhudiləri Sinaqoqunda Tövratın təqdim olunması mərasimi keçirilib. Xatırladaq ki, sözügedən Tövrat bu ilin fevralında ABŞ-a səfər edən Azərbaycan nümayəndə heyətinə bağışlanıb.

Sinay Məbədi nümayəndə heyəti Bakıda yaşayan dağ yəhudiləri icmasının üzvləri ilə birgə İsrailin məşhur xalq mahnısı "Hava Nagila"nın sədaları altında Tövratı təntənəli şəkildə sözügedən sinaqoqa gətiriblər.

Tədbirdə Sinay Məbədinin ravvini David Volpe mərasim iştirakçılarını salamlayaraq vurğulayıb ki, Azərbaycan çoxəsrlik multikultural dəyəri, tolerant mühiti ilə bütün dünya ölkələrinə örnək ola bilər.

Sinay Məbədinin kişi klubunun prezidenti Kary Lerman deyib: "Biz Tövratı gətirməmişik, Tövrat özü bizi buraya gətirdi. Biz burada olmağımızdan böyük şərəf hissi keçiririk və Azərbaycan dövlətinə, xalqına çox minnətdarıq. Bakıda müqəddəs Tövratı təqdim etmək bizim üçün böyük bayramdır. Yəhudilərin xilasının sirri Tövratdır. Tövrat sülhün, qarşılıqlı anlaşmanın və sevginin simvoludur. Bu mərasimin reallaşmasında əməyi olan hər kəsə minnətdaram. Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm sahəsində gördüyü işlərə görə ona çox minnətdarıq və ABŞ-a geri qayıdanda bunu orada da deyəcəyik. Biz bütün bunları unutmayacağıq".

Elie Alyeşmerni Tövratı sevginin nişanəsi kimi səciyyələndirib və prezident İlham Əliyevin sitatını xatırladıb: "Təqdim olunan Tövrat vasitəsilə bizim icma sizin icmaya sonsuz sevgisini çatdırır. Bu Tövratın bütün tərkibi İsraildə, axırıncı qırx sözü Los-Ancelesdə yazılıb. Prezident İlham Əliyev bildirir ki, Azərbaycanda olan hər bir etnik qrup ölkənin ümumi mənzərəsinin rəngini təşkil edir. Bu multikulturalizmin Azərbaycanın dövlət siyəsətində prioritet istiqamət olduğunun göstəricisidir. Azərbaycan hökumətinin, xalqının xoş münasibəti üçün hamınıza təşəkkür edirəm".

Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev bu günkü tarixin yaddaşlarda həmişə yaşayacağını diqqətə çatdırıb: "Bu unudulmaz bayramı bizə bəxş edən qardaşlarımıza minnətdarıq. Azərbaycanda yəhudilər və bütün xalqlar sərbəst, tam əmin-amanlıq şəraitində rahat yaşayırlar. Bu dostluq və qardaşlığın əbədi olacağına inanıram".

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu təqdimat mərasimini xalqları, mədəniyyətləri birləşdirən dəyər kimi xarakterizə edib.
Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda yəhudilərin neçə yüz illərdir dinc, qardaşcasına yaşadığını dilə gətirib.

Professor Səməd Seyidov bildirib ki, bu gün təqdim olunan Tövrat həm də xalqları, icmaları birləşdirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan dövlətinin ünvanına bu ölkədə yəhudilər və digər xalqların, dinlərin nümayəndələrinin bir arada sülh, qardaşlıq şəraitində yaşaması ilə bağlı dedikləri xoş sözlərə görə qonaqlara təşəkkür edib: "Çox sevinirəm ki, siz bu gün Azərbaycandakı multikuturalizmin, tolerantlığın canlı şahidisiniz. Bugünkü mərasim bizim minilliklər ərzində keçdiyimiz yolun nəticəsi, eyni zamanda bundan sonra gedəcəyimiz minillik yolun istiqamətidir. Bu həm də onu göstərir ki, Azərbaycan və yəhudi xalqları əbədi dostdurlar".

Tədbirdən sonra nümayəndə heyəti Quba şəhərinə yollanıb. Qubada qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini, Quba rayonu icra başçısı Yaşar Məmmədovla birlikdə Soyqırım Memorialını ziyarət ediblər. Qonaqlar Qubadakı Qırmızı Qəsəbəyə baş çəkərək orada Dağ Yəhudiləri İcması ilə görüşüblər. Nümayəndə heyətinin üzvləri burada Tövratın öyrənildiyi dini yəhudi məktəbində- Yəhudi Mədəniyyət Mərkəzində olublar. Qonaqlar qəsəbədəki sinaqoqlara baş çəkiblər, duaoxuma mərasimində iştirak ediblər. Millət vəkili Yevda Avramov Sinay Məbədinin nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edib, Azərbaycanda əsrlərdir multikultural dəyərlərin həyat tərzi kimi yaşandığını diqqətə çatdırıb.

Noyabrın 4-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Bakıda bir sıra mühüm görüşlər keçirəcək.

image description image description image description