Bakıda qadın ərinin başını əzərək qətlə yetirib

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir

Martın 7-si saat 05 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı Rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı, 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxaəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.