Ata Abdullayevin məhkəməsində xalası oğlu dindirilib

Proses Fikrət Qəribovun sədrliyi ilə keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elçin Ələkbərov dindirilib.

O bildirib ki, telefon alqı-satqısı ilə məşğul olur: “Elmar Əliyev mənə zəng edərək "İphone 11 ProMax" telefonunu hazır etməyini söylədi. Ortaq dostumuz Elgiz gəlib telefonu götürdü. Ona 2 400 manata satdığım telefonun kimə alındığından xəbərim olmayıb”.

Daha sonra prosesdə şahid qismində A.Abdullayevin xalası oğlu Səməd Məmmədov ifadə verib. O deyib ki, təqsirləndirilən şəxsin sosial şəbəkədəki səhifəsini idarə edib: "İxtisasca dizayner və qrafikəm. İşim videoları montaj edib, paylaşmaq olub. Gündəlik saytlardan maraqlı xəbərləri götürüb, səhifədə paylaşmışam. Canlı yayımları isə mən etməmişəm".

Digər şahid Namiq Əliyevin sözlərinə görə, telefonu metronun “28 may” stansiyasının yaxınlığında yerləşən mağazadan alıb: "Mağazada öz telefonumu verdim və "İphone 11 ProMax" telefonu aldım. Öz telefonumu isə 800 manata satdım, üzərində də 1 200 manat pul verdim. İstintaqda dedilər ki, telefon Ata Abdullayevin olub. Hazırda telefon məndədir və işlədirəm".

Telefon satışı ilə məşğul olan şahid Azər Abbasov söyləyib ki, A.Abdullayev onların mağazasından tez-tez telefon alıb: “O, həmin "İphone 11 ProMax" telefonunu mənə satıb”. (Report)