Azərbaycanın ehtiyat aktivləri 1,3 mlrd. dollar azalıb

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib

Xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ilin I rübü üzrə tədiyə balansının əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 646 mln. ABŞ dolları profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1,4 mlrd.dollar kəsir yaranıb, ehtiyat aktivləri 1,3 mlrd.dollar azalıb.

AzNews.az-a bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

“2020-ci ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,5 dəfə azalaraq 646,3 mln.dllar təşkil edib. Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nisbətən 19,2% (0,6 mlrd.dollar) azalaraq 2,4 mlrd.dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 28,4% (0,4 mlrd.dollar) artaraq 1,8 mlrd.dollar məbləğində olub. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtüb. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşıb.”

Məlumata əsasən, bu dövrdə orta rüblük neft qiyməti 58 dollar/barel olub, qeyri-neft ixracı isə 4% artıb.

2020-ci ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2,2 mlrd.dollar təşkil edib. Bunun 1,5 mlrd.dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0,7 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Nəticədə xidmətlər balansında yaranan kəsir 1,7 dəfə artaraq 0,8 mlrd. dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 634,3 mln.dollar olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 192,2 mln.dollar olub.

2020-ci ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 1 526,7 mln.dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (336,6 mln.dollar), portfel investisiyaları (-144.9 mln.dollar) və digər investisiyalar (1 335 mln.dollar) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 132,6 mln.dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (188,4 mln.dollar), neft bonusu (451,6 mln.dollar), portfel investisiyaları (-50,2 mln.dollar) və digər investisiyalar (-457,2 mln.dollar) hesabına formalaşıb.