Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır. Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır.

Prezident İlham Əliyev Davosda Azərbaycanın hədəflərini açıqladı

Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır.

İsveçrənin Davos şəhərində keçirilən illik Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev bir sıra mühüm görüşlər keçirərək müasir cəmiyyətin üzləşdiyi ən aktual dünyəvi, qlobal və regional problemləri müzakirə edib.

Xatırladaq ki, Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır. Həmin il keçirilən forumda Azərbaycana həsr olunan görüş təşkil olunmuş, burada Heydər Əliyev ölkəmizin zəngin neft-qaz resursları və xarici investisiya üçün potensial şəraitin olması barədə dünya ictimaiyyətinə məlumat vermişdir.

Müstəqilliyimizin ilk illərində respublikamıza xarici investisiyaların cəlb olunması zəruri və prioritet məsələlərdən idi. Davos İqtisadi Forumunun 2000-ci il görüşündə Azərbaycan artıq dünya miqyasında nüfuz qazanmış, “Əsrin müqaviləsi”nə imza atmış bir dövlət kimi iştirak edirdi. Həmin forumda müzakirə olunan məsələlərdə (İpək Yolu, Qafqazın perspektivləri) Azərbaycanın mövqeyinin nəzərə alınması ölkəmizin nəinki regionda, həmçinin dünyada artıq söz sahibi kimi tanınmasından xəbər verirdi. Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bununla da Azərbaycan ötən illə müqayisədə reytinqdə 32 pillə yüksəlib.

Qlobal iqtisadi böhranın yeni fazaya keçdiyi, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Davosa işgüzar səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizlə əməkdaşlığa böyük maraq göstərən bir sıra rəsmilər və nüfuzlu şirkətlərin təmsilçiləri ilə görüşüb. Prezident İlham Əliyev bu görüşlərdə Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü bildirib. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu amilin iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşmasına rəvac verdiyini bildirib. Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən danışıb, Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğulayıb. Prezident İlham Əliyev Davosda Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsindən də danışıb.

Prezident İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bu barədə bildirib: “Müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın iyirmi faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq. Buna görə də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır”.
Azərbaycan rəhbərliyinin böyük uzaqgörənliklə yürütdüyü xarici syasət strategiyası ölkəmizin dünya siyasi arenasında rolunu getdikcə möhkəmləndirir. Beynəlxalq arenada ölkəmizin ildən-ilə artan nüfuzu üzləşdiyimiz bütün problemlərin milli maraqlarımıza uyğun həll olunacağına əminlik yaradır. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Azərbaycan dövləti isə bütün sahələr üzrə davamlı inkişaf edərək dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulur. Son 16 ildə ölkəyə uğurla rəhbərlik edən Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın davamlı inkişafını təmin edib. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkəmizin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Məlum oldugu kimi, BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, Qoşulmama Hərəkatı, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir. Əlbəttə ki, biz başqa sahələrdə olduğu kimi, bu sahədə də ikili standartlarla üzləşirik. Ermənistanın təcavüzkar dövlət olması, işğalçılıq siyasəti yürütməsi ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə də yaxşı məlumdur. Lakin bəzi aparıcı dövlətlərin ikili oyunları beynəlxalq hüququ iflic duruma gətirib. Qarabağ münaqişəsinə ədalətsiz yanaşma da kifayət qədər üzdədir.

Danışıqlar prosesində rəsmi İrəvan müxtəlif bəhanə və əsassız iddialarla geri çəkilməyə üstünlük verir.
Prezident İlham Əliyev müsahibəsində bir daha bildirib: “Dünyada aparıcı beynəlxalq təşkilat olan BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qətnamə qəbul edir, lakin münaqişə həllini tapmır, qətnamələr icra olunmur. Buna görə də biz əlbəttə ki, beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda, biz daha güclü olmalıyıq. Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik”.

Azərbaycan dövləti milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara özünü daha kəskin şəkildə göstərmişdir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır. Azərbaycan son illərdə siyasi baxımdan kifayət qədər güclənərək, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilib.

Bu gün Azərbaycan dövləti qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edə­rək, onların ger­­çəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliy­yət göstərərir. Dünyadakı mövqelərini möhkəmləndirir, hərbi gücünü artırır, ən əsası yalnız özünə güvənir. Ermənistan və onun havadarları da artıq bundan bərk əndişəyə düşüblər. Cənab Prezidentin Davosda bir daha konkret hədəfləri göstərməsi işgalçı dövlətə növbəti xəbərdarlıq kimi də dəyərləndirilə bilər.

Qaynaq: https://elnurhacali.blogspot.com/2019/01/prezident-ilham-liyev-davosda_46.html