- Siyasi müzakirə
- 14 Oktyabr 22:53
- 1 656
“Fransa Azərbaycanla yaxınlaşmağa çalışır” - Azər Həsrət

“Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti ilə daha yaxın münasibət qurmağa çalışır. Şarm əl-Şeyxdəki görüşdən əvvəl ayın əvvəlində Kopenhagendə keçirilən görüşü də nəzərə almaq lazımdır. Ümumilikdə, Makron Azərbaycana münasibətdə əvvəlki yanlış mövqeyindən imtina etməyə meyllidir ki, bu da müsbət inkişafdır. Azərbaycan həmişə bütün tərəflərlə normal, iki tərəfli münasibətlər qurmağa açıq olub və indi Fransa da bunu qəbul edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Şarm əl-Şeyxdə Qəzza ilə bağlı Sülh Sammitində Fransa Prezidenti Emmanuel Makronla ayaqüstü görüşü beynəlxalq aləmdə maraqla izlənilib. Liderlərin səmimi dialoqu və Fransa-Azərbaycan münasibətlərində gərginliyin azalması diqqət çəkir. Analitiklər hesab edir ki, Rusiya ilə problemlərin həlli münasibətlərin normallaşmasına və Paris-Bakı əlaqələrinin inkişafına yol açacaq.
Siyasi şərhçi bildirib ki, Ermənistanla problemlərin həll olunması və Fransanın Azərbaycana qarşı istifadə edə biləcəyi imkanların tükənməsi Qafqazın ən güclü dövləti olan Azərbaycanla hesablaşmağı labüd edir.
“Bakı Təşəbbüs Qrupuna gəlincə, bu ictimai təşəbbüsdür və dövlət qurumu deyil. Azərbaycan dövləti onun fəaliyyətinə müdaxilə etmir və etməyəcək. Vətəndaş təşəbbüsləri Azərbaycanda, Fransada olduğu kimi, azaddır. Təşəbbüs Qrupu ictimai təşəbbüs kimi fəaliyyətini davam etdirəcək və bu normaldır. Fransız liseyi məsələsində məktəb tələb azlığı səbəbindən bağlanıb. Əgər Fransaya və Fransız dilinə maraq olsa, məktəb özəl əsaslarla fəaliyyətini bərpa edə bilər. Bu addım Fransa siyasətinə qarşı yönəlmiş deyil və Azərbaycan dövləti məktəbi heç vaxt siyasi alət kimi istifadə etməyib”.
Rəfiqə Namazəliyeva,
AzNews.az