“Ayaqüstü dialoqlar belə sülh prosesinə töhfə verir” - Abutalıb Səmədov

“Son aylarda Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüş keçirərək dövlətlər arasındakı mövcud problemləri müzakirə etməsi hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır. Hətta ayaqüstü söhbətlərdə belə məhsuldar müzakirələr aparılıb. Çünki liderlər bir-biri ilə çoxsaylı görüşlər keçirərək mövcud məsələləri qısa və effektiv şəkildə ifadə edə bilirlər. Dünyada ən çox görüşən liderlərdən biri məhz Azərbaycan və Ermənistan liderləridir. Görüşlərin formatı – ayaqüstü və ya rahat – əhəmiyyət kəsb etmir. Ən qısa söhbətlər belə qarşıdakı sülh sazişinin imzalanması üçün mühüm rol oynayır. Vaşinqtonda paraflanan sülh sazişi sonrası növbəti addımlar artıq müəyyənləşib. 2026-cı ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqton görüşündən sonra iki ay ərzində 4 dəfə bir araya gələrək fikir mübadiləsi aparıblar. Liderlər Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, Müstəqil Dövlətlər Birliyi və Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində də müzakirələr aparıblar.

Siyasi şərhçi bildirib ki, Paşinyan qalib gələrsə, ilin sonuna qədər yeni konstitusiyanın qəbuluna dair referendum keçiriləcək.

“Bu, Azərbaycanın sülh sazişini imzalaması üçün əsas şərtdir; referendum başa çatdıqdan sonra sülh sazişinin imzalanmasının qarşısında heç bir maneə qalmayacaq. Ermənistanda Rusiya yönümlü qüvvələr isə parlament seçkilərində üstünlük qazanmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. Robert Koçaryan, Samvel Karapetyan və ehtimal ki, Sarkisyan da bu bloka qoşula bilər. Kilisənin Samvel Karapetyanı müdafiəsi və Ermənistan kilsəsinin nüfuzunu nəzərə alsaq, Paşinyan ağır mübarizə ilə üzləşəcək. Bu prosesdə ABŞ və Avropa dövlətlərinin dəstəyi vacibdir. Ciddi yardım olmasa, Paşinyana qarşı qüvvələrin qalib gəlmək şansı arta bilər ki, bu həm Ermənistan, həm də region üçün mənfi nəticələrə gətirib çıxara bilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az