- Siyasi müzakirə
- 14 Oktyabr 23:02
- 1 228
“Türkiyənin diplomatik rolu bəzi güclər tərəfindən qəbul edilmir” - Mübariz Göyüşlü

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqişəsinin həllində kritik rol oynaya biləcək lider kimi qiymətləndirilir. Müharibənin başlanğıcından etibarən Ərdoğan tərəfləri bir araya gətirmək və sülh prosesini irəli aparmaq üçün aktiv diplomatik səylər göstərib. Bu çərçivədə Rusiya və Ukrayna prezidentləri iştirak etməsələr də, hər iki ölkənin nümayəndə heyətləri Ərdoğanın təşəbbüsü ilə Türkiyədə görüşərək danışıqlar aparıblar. Lakin Türkiyənin və Ərdoğanın liderliyini həzm edə bilməyən bəzi beynəlxalq güclər və qruplar prosesi pozaraq sülhün məntiqli nəticəyə çatmasına mane olublar. Bu faktor, münaqişənin həllində Türkiyənin rolu və diplomatik imkanlarının tam realizə olunmasına əngəl yaradıb”.
Bu fikirləri Aznews.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqişəsinin həllində mühüm rol oynaya bilər.
Siyasi şərhçi bildirib ki, son dövrlərdə Ərdoğanın liderlik rolu yenidən ön plana çıxıb və bu, müsbət tendensiya kimi qiymətləndirilir.
“ABŞ Prezidenti Donald Trampın da bu faktı vurğulaması, Türkiyənin prosesdəki rolunun beynəlxalq səviyyədə tanındığını göstərir. Ərdoğanın təşəbbüsü və diplomatik vasitəçilik potensialı münaqişənin sülh yolu ilə həllində həlledici ola bilər. Şarm əl-Şeyxdə Misirdə keçirilən toplantıda qəbul edilən bəyanatlar və Tramp bəyanatını imzalayan şəxslər arasında Ərdoğanın rolu bu analizi dəstəkləyir. Əgər kənardan mənfi müdaxilələr baş verməzsə, Türkiyənin diplomatik vasitəçiliyi nəticəsində Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə yekunlaşması mümkündür”.
Rəfiqə Namazəliyeva,
AzNews.az