Cümhuriyyət Xalq Partiyasının sədri: Bu, bizim tarixi şansımızdır Cümhuriyyət Xalq Partiyasının sədri: Bu, bizim tarixi şansımızdır

Türk olduğunuzu, Böyük olduğunuzu dərk edin - Bədrəddin Quliyev

Cümhuriyyət Xalq Partiyasının sədri: Bu, bizim tarixi şansımızdır

"Bu gün Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış Pınarı” əməliyyatının məqsədi öz ərazisində yaşayan 3.5-4 milyon suriyalı qaçqını öz evlərinə qaytarmaq və ölkənin cənub sərhədlərində PKK/PYD-YPG terroristlərinin yaratmağa çalışdığı terror dəhlizinin qarşısını almaqdır".

Bu sözləri AzNews.az-a Türkiyənin Suriyada keçirdiyi "Barış Pınarı" hərəkatı ilə bağlı açıqlamasında Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev deyib.

O bildirib ki, həmin terroristlərin Türkiyə, İran, Suriya, İraq hətta Azərbaycan da daxil olmaqla böyük ərazi iddiaları var.

"Onların planı suriyalıları evlərindən çıxarıb həmin yerlərdə Böyük Kürdüstan adlı dövlət yaratmaqdır. Terroristlərin Türkiyə, İran, Suriya, İraq, hətta Azərbaycanın Qarabağ, Naxçıvan bölgəsi də daxil olmaqla böyük ərazi iddiaları var. Bu günki hərəkatın da məqsədi bunun qarşısını almaqdır. Bu hərəkata "Fərat Qalxanı" və "Zeytun Budağı" əməliyyatlarının ardı kimi baxmaq lazımdır. PKK-nın qolu olan PYD-nin qarşısı mütləq alınmalı, ordan çıxarılan yerli xalqlar öz evlərinə qayıtmalı, həmin yerlərdə onların təhlükəsizliyi üçün şərait yaradılmalı idi. Türkiyə özündə güc tapdı və bunun üçün addım atdı".

Partiya sədrinin sözlərinə görə, bu proseslər körfəz müharibəsi başlayandan davam edir:

"Buna baxmayaraq danışıqlar heç bir nəticə verməmişdi. İraq, Suriya əməliyyatlarında təhlükəsiz bölgə yaradılmasına Avropa ölkələri, ABŞ başda olmaqla koalisiyanın digər üzvləri şərait yaratmırdı. Bunun səbəbi də ABŞ prezidenti Vudro Vilsonun hazırladığı model idi. Məqsəd Türkiyəni parçalamaq və Kürd dövləti yaratmaq idi. Doğrudan da belə bir plan var idi. Həmin plana uyğun olaraq Birinci Dünya müharibəsində ermənilər Osmanlıya ciddi şəkildə xəyanət etdilər. Bununla paralel olaraq kürdlərlə də iş gedirdi. Bu günki gündə Türkiyənin sərhədləri boyunca kürdlərlə aparılan əməliyyata dolayısı ilə erməni xislətinin davamı kimi baxmaq lazımdır. Çünki proseslər göstərirdi ki, ermənilər həmişə böyük qüvvələrin Osmanlıya qarşı apardığı mübarizədə daxildən xəyanətkarlıq ediblər. Sanki həmin xəyanətin davamı kimi cümhuriyyət qurulandan bu günə qədər də bu xətti kürdlərin vasitəsilə aparıblar. Türkiyə daxilində bir çox təşkilat qurublar. Bu təşkilatlar 1923-26-cı illərdə Səid Nursi Kürdi tərəfindən qurulan təşkilatlardır. İslam dinini qəbul edən ermənilər kürdlərin sıralarına qoşularaq Türkiyə daxilində həmişə ziddiyətlər yaratmaq, mübarizə aparmaq, din adı altında qüvvələri qaldırmaq üçün çalışıblar. Bir sözlər etnik separatizmlə məşğul olublar. 1938-ci ildə İkinci dünya müharibəsinə az qalmış ölkədə əmin-amanlıq yaradıldı. Rza bölgəsi Türkiyənin tabeçiliyinə keçdi. Bütün separatçıların da necə lazımdır cavabı verildi.

Daha sonra İraqın şimalında sovet "KQB"-si tərəfindən PKK yaradıldı. Mərkəzi İraq, Suriya, Kandildə olan PKK ilə Türkiyəyə qarşı mübarizə aparmağa başladılar.

Qonşu ölkələrin demək olar ki, hamısı Türkiyəyə qarşı mübarizədə PKK-nı müdafiə edirdilər. Nəhayət, SSRİ dağıldıqdan və PKK "başsız" qaldıqdan sonra özlərinə yeni sahib axtarmağa başladılar. Türkiyəyə marağı olan başda İsrail olmaqla ABŞ və digər Avropa ölkələri Vilson modelinə uyğun formada Yaxın Şərqdəki xaosu Türkiyədə aparmağı, təsir altında saxlayıb parçalamağı nəzərdə tutmuşdular.

Onların bu istəklərinə görə təəssüflər olsun ki, Türkiyə uzun illər daxildən bu terroristlərlə mübarizə aparmaq, döyüşmək məcburiyyətində qaldı.

Qərb Rusiyanın əli ilə SSRİ-nin nəzarətində olan bütün Yaxın Şərqdə yerləşən müsəlman ölkələrini dağıtdı. Kommunist ideologiyası dağıldıqdan sonra Marqarita Tetçerin müəllifi olduğu "Qarşıda bizi müsəlman ekstremizmi gözləyir" ideyasına uyğun formada çalışmağa başladılar. Onlar "Ərəb baharı" adı altında Rusiyanın nəzarətində olan müsəlman ölkələrini darmadağın etmək və orada Qərbin maraqlarını təmin etmək istiqamətində işlər aparırdılar. Proseslərə başlamazdan əvvəl də Türkiyənin daxilində PKK-nı daha da fəallaşdırmağa çalışırdılar. Ancaq Türkiyə dövləti onlarla danışığa getmək, barışıq yaratmaq üçün istənilən sivil metodları tətbiq etdi. Ölkə daxilindəki kürdləri ölkədəki ictimai-siyasi fəaliyyətlərdə aktivləşdirdi, böyük vəzifələrdə təmsil olunmalarını təmin etdi. Hətta öz partiyaları ilə parlamentdə də təmsil olundular. Qarşılığında isə yenə xəyanətdən əl çəkmədilər".

B. Quliyev vurğulayıb ki, Suriyada PKK davamçısı olan kürdlərin tarixi türk torpaqlarında Böyük Kürdüstan yaratmaq xəyalının arxasında həmişə erməni barmağı olub:

"Çünki strateji baxımdan ermənilərin buna gücü çatmırdı. Fikir versək, bütün kürd təşkilatlarının içərisində erməni təşkilatı olan ASALA-nın adı olduğunu görərik. Çox təəssüflər olsun ki, Yaxın Şərq layihəsi ilə bağlı ən böyük bəlalar birinci Qarabağda Azərbaycanın başına gəldi. Dağlıq Qarabağ müharibəsi başlayanda kürdlərlə ermənilərin bölgədə separatçılıqla məşğul oldular. Ermənilərin separatçılıq xəyallarına Qırmızı Kürdüstan yaratmaq adı altında kürdlər də qoşuldu.

O vaxt Azərbaycan ayağa qalxıb türk dünyası ilə birləşsəydi, bunun onlara ciddi təsiri ola bilər, problemin həll yolu tapılardı. Beynəlxalq qüvvələr isə bunun qarşısını almaq, Cənubi Azərbaycandakı türklərlə əlaqələri kəsmək üçün bölgədə bufer zona yaratmaq istəyirdi.

Burda çox ciddi şəkildə fars şovinizmində ən böyük səhvə yol verdilər. Əhalini coğrafi baxımdan dəyişib o əraziyə kürdləri yerləşdirməklə türk dünyası arasındakı bağlantını kəsmək istəyirdilər. Bu gün İraqda, Suriyada yaşanan hadisələri bir müddət sonra İranda görəcəyik. Bu, qaçınılmaz bir prosesdir".

"Biz neçə illər idi ki, Türkiyənin bu oyunu pozmasını, türk dünyasının ayağa qalxmasına maneçilik törədən amilləri aradan qaldırmasını gözləyirdik. Bu gün Türkiyənin atdığı bu addımın məqsədi separatçı kürd dəhlizini aradan qaldırmaq, o bölgədən qovulmuş türkmənləri dədə-baba torpaqlarına qaytarmaq və Türkiyəyə sığınmış Suriya vətəndaşlarını geri dönməsini təmin etməkdir. Türkiyə o bölgədə təkcə bombalamağın yox, həm də insanlıq naminə əmin-amanlığın yaradılmasının mümkün olduğunu sivil dünyaya göstərmək üçün əlindən gələni edir. Əgər Türkiyə bu gün sərhədlərindən kənarda bütün türkləri müdafiə edirsə, bu o deməkdir ki, sabah haqqı pozulan hər bir türkün haqqını müdafiə etmək üçün çalışacaq", - deyə, B. Quliyev bildirib.

CXP sədri bu gün bəzi dövlətlərin "Barış Pınarı"na qarşı çıxmalarının səbəbinin bunun onların strateji maraqlarına cavab verməməsi olduğunu deyib.

"Türk millətini tarixdən silmək istəyənlərin qarşısı isə 1923-cü ildə qazi Mustafa Kamal Atatürkün Türkiyə Respublikasının əsasını qoyması ilə alındı. Heç kəsin türk olduğunu asan-asan deyə bilmədiyi vaxtlarda Atatürk "Ne mutlu türküm diyene" deyərək milli kimliyimizə sahib çıxdı.

Əslində bu gün Suriyada baş verənlər təkcə PKK/YPG-nin yox, onların arxasında dayanıb türk dünyasına qarşı məkrli planları olan dövlətlərin oyunudur. Hərəkat başlayanda İranın XİN başçısı Məhəmməd Cavad Zərif bəyanat verib Türkiyənin atdığı addımları dəstəkləmədiklərini bildirdi. Avropa İttifaqı burda insan haqlarını bəhanə gətirdilər.

BMT nizamnaməsinin 51-ci maddəsinə görə hər bir ölkənin özünü müdafiə etmək haqqı var. Ölkəyə hücum var idi, böyük dövlətlərin təhdidlərinə məruz qalırdılar, etnik təmizləmə aparılırdı. Bunun qarşısını kim almalı idi?

Türkiyəni bu günki gündə kimlər dəstəkləyir? Dost qardaş Pakistan, Macarıstan, Şimali Kipr Türk Respublikası, Azərbaycan, çox təzadlar olsa da, Rusiya. BMT-nin Təhlükəsizlik Şurasında Böyük Britaniya, Almaniya, Fransa "Barış Pınarı" ilə bağlı məsələni gündəliyə salır ki, bu addımlar dayandırılsın, pislənilsin. Tarixdə ilk dəfə olaraq bu dövlətlərin qaldırdığı məsələyə qarşı ABŞ Rusiya ilə birgə münasibət bildirdi və qərara veto qoydular. Bu vaxta qədər Rusiya ilə Amerikanın hər hansı məsələyə birgə veto qoyduğu olmamışdı. Deməli bu məsələlər böyük dövlətlərin münasibətlərində də dəyişikliyə səbəb olub".

B. Quliyevin fikrincə, separatizmi dəstəkləyən dövlət özü separatizmin qurbanı olacaq:

"İran Xarici İşlər Nazirliyinin Türkiyəyə qarşı bu münasibəti, Azərbaycan türklərinə qarşı soyqırıma həmişə susmaları onların öz başında çatlayacaq. Bu gün-sabah növbə İrana çatanda onda həmin münasibəti Türkiyə tərəfindən görəcəklər. Çünki separatizmi dəstəkləyən bir gün özü separatizmin qurbanı olacaq. Onlar erməniləri, kürdləri dəstəkləyirlər. Farsın bu mövqeyi onun türkə olan nifrətindən qaynaqlanır. Onların içərisində yaşayan türklər bu gün bu gerçəyi bilməlidir. Bütün türk dünyasının gözü açılmalıdır. Türk dövlətləri Türkiyəni dəstəkləməli, Azərbaycan daxilindəki bütün siyasi təşkilatlar, özünü türk sayanlar qardaş xalqın yanında olduğunu göstərməlidir".

Partiya sədri bildirib ki, "Barış Pınarı" hərəkatı uğurla başa çatanda bu addıma şiddətlə qarşı çıxanlar Türkiyəyə yaltaqlanmağa, onu problemlərin həllində vacib qüvvə saymağa başlayacaq.

"O problemlərdən biri də bizim Qarabağ problemimizdir. Bizim Kərkük, Mosulda olan qardaşlarımız deyir ki, gün gələcək biz də gəlib vuruşacağıq.

Mən iki-üç il bundan qabaq demişdim ki, Türkiyə uyğun beynəlxalq vəziyyəti, vaxtı gözləyir. Həmin şərait yarananda onlar öz gücünü topladıqdan sonra istər daxildə, istərsə də xaricdəki düşmənlərlə mübarizəyə başlayacaqlar.

Onlar bu prosesə 2016-cı ilin 15 iyul tarixindən etibarən başladılar. Atatürk tərəfindən əsası qoyulan sistemlə əvvəlcə ölkə daxilini FETO-çulardan təmizlədilər. İndi isə xarici düşmənləri ilə vuruşurlar.

İndiyə qədər türkmənlərin arxasında qüvvə yox idi, indi isə var. Türkiyə onların dədə-baba torpağına qaytarılması üçün mübarizə aparır. Dünyaya göstərir ki, orda yaşayan türkmənlər tək deyil. Harda problemi olan türk varsa, bu o deməkdi ki, Türkiyə onun yanındadır. CXP olaraq biz həmişə demişik ki, problemimizə canı və qanı bizdən olanlar yana bilər".

B.Quliyev Türkiyə ordusunun atdığı addımların bizə də böyük cəsarət verdiyini deyib.

"Gələcəkdə strateji baxımdan türk dövlətlərinin birliyi, onların birgə müdafiə sistemlərinin qurulması, strateji müttəfiq müqavilələrinin bağlanması, vahid türk ordusunun yaradılması, proseslərdə bu ordunun iştirakı qaçınılmaz olacaq. Necə ki, bu gün böyük qüvvələr kürdlərin arxasından çəkilir, bölgədə türkün böyüklüyünü görəndən sonra Ermənistanı, Qarabağdakı erməni separatizmini də eyni tale gözləyir. Sadəcə Azərbaycandakı bütün təşkilatlara müraciətim ondan ibarətdir ki, Türk olduğunuzu, Böyük olduğunuzu dərk edin. Türk dünyasının yanında olmağı bacarın. Bu, bizim tarixi şansımızdır".

Pərvanə

AzNews.az