Hakimiyyət niyə erkən seçkilər qərarı verdi? - mühüm səbəblər

Parlamentin yenilənməsi kadr islahatlarının aparılmasında önəmli rol oynaya bilər

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə etməsi bir anda ölkə mediasına yeni mövzular, siyasi proseslərə isə yeni istiqamət verdi.

Siyasi Şura bu qərarını prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini açıqlayıb. Qeyd edək ki, qanunvericiliyə görə, parlament çoxluğu deputatlarını geri çəkərsə, yetərsay olmadığı üçün Milli Məclis özünü buraxmağa məcburdur.

Bu artıq prosedur məsələsidir və aydındır ki, ortada hakim partiyaya sədrlik edən prezident İlham Əliyevin iradəsi dayanır.

Növbədənkənar seçkilər necə keçirilə bilər?

Konstitusiyanın 84-cü maddəsinə görə, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir, parlament seçkisi hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. İndiki parlament 2015-ci il noyabrın 1-də seçilib, növbəti seçki 2020-ci ilin eyni gününə düşməli idi. Amma böyük ehtimalla, seçki ya fevrala, ya da yazın əvvəlinə təyin ediləcək.

2016-cı ildə konstitusiyaya əlavə olunmuş 98-1-ci maddəyə görə, Azərbaycan prezidenti Milli Məclisi buraxa bilər. Bu, Milli Məclisin eyni çağırışının bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərməsi; Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri qanunla müəyyənləşmiş müddətdə təyin etməməsi; habelə konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etməməsi hallarında mümkündür.

Əslində növbədənkənar seçkilərlə bağlı müzakirələr hələ 2016-cı ilin sentyabrında - Azərbaycan Konstitusiyasına düzəlişlərlə bağlı referendumdan dərhal sonra başlamışdı. Çünki referendumda prezidentlik müddətinin uzadılması (7 il) ilə yanaşı, prezidentə növbədənkənar seçkilər təyin etmək və parlamenti buraxmaq hüququ da verilmişdi.

parlament seçkiləri ile ilgili görsel sonucu

“Hakimiyyət niyə erkən seçkilər qərarı verdi” sualına cavablar

“Hakimiyyət niyə erkən seçkilər qərarı verdi” sualına YAP ümumu olaraq “islahatlara adekvat” olmaması ilə izah edib. Şübhəsiz ki, bu mövzu hələ bir müddət həm mediada, həm siyasi həyatda öz aktuallığını saxlayacaq. Bu sual ətrafında başlamış müzakirələrə tezliklə Qərb mediası, Qərbin digər təsisatlarının da qoşulacağı şübhə doğurmur.

Öncəliklə, o arqument üzərinə gələk ki, erkən parlament seçkiləri qərarını hakimiyyət daxilindəki hansısa gərginliklə izah etmək cəhdləri də olacaq ki, bunu indidən kənara qoymaq olar. Hakimiyyət daxilində 2005-ci il parlament seçkiləri ərəfəsindəki gərginlik sabiq nazirlərin həbsi ilə nəticələndi ki, o vaxtdan sonra xüsusi bir hadisə olmayıb, üstəlik, prezidentin komanda üzərində nəzarəti o vaxtdan nəinki azalmayıb, əksinə, artıb. Komandada köklü kadr islahatlarına baxmayaraq, hər hansı mərkəzdənqaçma faktı yoxdur, mərkəzi hakimiyyət əvvəlki kimi İlham Əliyevin güclü iradəsinə tabedir. Hakimiyyət daxilində hər hansı bir gərginlik olsaydı, bunun növbədənkənar parlament seçkiləri təyin etməklə “qarşısını almaq” ağıllı qərar olmazdı. O baxımdan prezidentin YAP çoxluğunun parlamentin buraxılması haqda qərarını təsdiqləyəcəyi halda, bunu “gərgin hakimiyyətdaxili faktorlarla” izah etmək indidən boş və mənasız iddia kimi görünür.

Prezidentin başladığı dəyişikliklər siyasi proseslərə, cəmiyyətin əhval-ruhiyyəsinə təsir edib. Bu dəyişikliklərə inam var, dünənədək əvəzedilməz, hətta mühafizəkar hesab olunan məmurlar hakimiyyətlə vidalaşır.

Bəli, dövlət başçısı son açıqlamalarının birində islahatlara qarşı olanlar haqda ilginc açıqlama vermişdi. “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər” deyə, dövlət başçısı bildirmişdi. Aydındır ki, burada söhbət daha çox hökumətdə təmsil olunanlardan gedirdi, çünki deputatların islahatları tormozlamaq kimi geniş səlahiyyətləri yoxdur.

İlham Əliyevin ile ilgili görsel sonucu

Amma heç kimə sirr deyil ki, oliqarxlara bağlı olan bəzi deputatlar, eləcə də qanunları deyil, biznesini fikirləşən və qoruyanlar mandatlarına uyğun fəaliyyət göstərmirlər. O cümlədən hansısa səbəblərdən YAP-ın siyahısından mandat alan əksəriyyət də yalnız Milli Məclisdəki kabinetlərdə vaxtlarını keçirir, heç bir qanunverici təşəbbüslərdə iştirak etmir, üstəlik, iqtidara qarşı total əks-kampaniyalarda belə ağızlarını açmırlar. Bunu dəfələrlə YAP-ın funksionerləri də dilə gətiriblər. Bu səbəbdən əsas məsuliyyət də, qınaqlar da YAP-ın üzərində idi və nəhayət, hakim partiya həm də bu cür deputatlardan qurtulmaq qərarını həmin şəxslərin özlərinə qəbul etdirdi. Son seçkilərin rəsmi nəticələrinə görə, YAP 125 deputat yerindən 71-nə sahib idi. Hazırda onlardan bir neçəsi vəzifəyə təyin olunduğuna görə mandatını itirsə də, YAP-ın parlamenti buraxmaq səviyyəsində (50%-dən çox) deputatı var.

Parlamentin yenilənməsi ölkədə kadr və struktur islahatlarının aparılmasında önəmli rol oynaya bilər. Yeni parlament daha peşəkar, daha məhsuldar işləməli və islahatlara cavab verməlidir. Seçkini keçirən qurumun rəhbərinin (Prezident Administrasiyasının) bir müddət əvvəl dəyişməsi əslində yeni parlament seçkilərinin ola biləcəyinə xəfif işarə idi.

Müxalifət, daxili və xarici faktorlar

Parlament seçkiləri genişmiqyaslı siyasi prosesdir və bu prosesə xeyli “rəngli” qüvvələr qatılır, cəmiyyətin bütün fəal təbəqəsi hərəkətə gəlir. Bu baxımdan növbədənkənar seçki qərarı nisbətən riskli də görünə bilər. Son illər seçki praktikasında xarici müdaxilələr termini xeyli dəyişikliyə məruz qalıb. Əvvəlki illərdə üçüncü dünya ölkələrindəki seçkilərə maraqlı dövlətlər siyasi təzyiqlər yolu ilə təsir edirdilər. Bu işi bir sıra fondlar, qrant təşkilatları, beyin mərkəzləri görürdülər. Azərbaycan öz təcrübəsində bu tarixləri yaşayıb.

partiyalar ile ilgili görsel sonucu

Müxalifətin YAP-ın qərarına verəcəyi reaksiya aydındır, yenə müxtəlif iddialar və “seytnot” edildikləri barədə danışacaqlar. Bəlkə də qəfil qərar iddiası ilə qismən razılaşmaq olar. Amma heç kimə sirr deyil ki, Azərbaycanın müxalifət kəsimi indi deyil, illərdir ki, bu vəziyyətdədir. Ola bilsin, bu qərar onlar üçün soyuq qış fəslində seçki kimi ağır təbliğat prosesinə qoşulmaq tənbəlliyini artırsın, amma obyektivlik naminə qeyd edək ki, bəlkə də növbədənkənar seçki elə onlara da illərin “pasını” atmağa qismən yardımçı ola bilər.

İlham Əliyevin ile ilgili görsel sonucu

Bu il siyasi sabitliyin əsas təminatçısı olan sosial-iqtisadi vəziyyət birbaşa prezidentin nəzarətində daha aktiv fazaya keçdi. İndi sosial-iqtisadi vəziyyət bir il əvvəlkindən də daha yaxşıdır, manatın kursu stabilləşib, pensiya və maaşlar artırılıb, neftin qiyməti də kritik düşmə həddindən çox uzaqlaşıb, gələn il dövlət büdcəsində də əsas ağırlıq sosial məsələlərə verilib.

Son nəticə

Beləliklə, hakimiyyət seçkini önə çəkməklə ölkədə siyasi həyatı canlandıracaq prosesə start verdi. Əlverişli siyasi vəziyyət, daxili sabitlik, nəhayət, beynəlxalq şərtlər indilikdə hakimiyyətin və İlham Əliyevin xeyrinə olan amillərdir. Qalır, bu çətin prosesdə ölkəni siyasi təlatümlərdən və xarici təhlükələrdən qorumaq ki, bu işdə də ən böyük məsuliyyət bu cür sınaqlarda daha da qətiyyətli olan İlham Əliyevin üzərindədir. (Musavat.com)

AzNews.az