Laçının bu kəndləri Azərbaycana təhvil veriləcək - Deputat

"Bu kəndlərin sakinləri Laçın şəhərindən öz kəndlərinə sərbəst çəkildə gedə biləcəklər”

“10 noyabr razılamasına əsasən Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqə yaratmaları məqsədilə hazırda Laçın rayonunun şəhər mərkəzindən eni 5 kilometr məsafədə olan dəhliz verilib. Bu gün Qarabağda yaşayan ermənilər Ermənistana gediş-gəlişi üçün bu yoldan istifadə edirlər”.

Aznews.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
Deputatın sözlərinə görə, sözügedən razılaşmanın müddəalarına əsasən həmin dəhlizdə təhlükəsizlik tədbirləri hazırda Qarabağda fəaliyyət göstərən rus sülhməramlıları tərəfindən həyata keçirilir: “Sazişin tələblərinə uyğun olaraq yaxın 3 il ərzində Azərbaycan tərəfindən alternativ dəhliz çəkiləcək və indi Laçın şəhər mərkəzində fəaliyyət göstərən təhlükəsizlik qüvvələri-rus sülhməramlıları yeni çəkilmiş koridorun təhlükəsizliyini öz öhdəsinə götürəcək. Bizdə olan məlumata görə, Azərbaycan dövləti tərəfindən bu öhdəliklər yerinə yetirilməkdədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata əsasən, artıq yolun çəkilişi tamamlanmaq üzrədir, qarşıdakı aylarda istifadəyə veriləcək”.

M.Abbaszadə vurğulayıb ki, Laçın rayonunun Ağanus kəndi, rayonun mərkəzi, eyni zamanda Kahı kəndi, Sus və Zabux kəndləri Laçın dəhlizini əhatə edir: “Yeni tikilmiş alternativ yol istifadəyə verildikdən sonra sadaladığım kəndlər Azərbaycanın nəzarətinə veriləcək. Bu kəndlərin sakinləri Laçın şəhərindən öz kəndlərinə sərbəst çəkildə gedə biləcəklər”.