- Siyasi müzakirə
- 27 Sentyabr 23:04
- 1 295
“Trampın mövqelərinin tez-tez dəyişməsi etibarsızlıq yaradıb” - Abutalıb Səmədov

“Trampın Rusiyaya yönəlik son sərt bəyanatları ciddi qəbul edilmir, çünki onun əvvəlki açıqlamaları buna zidd olub. Məsələn, Alyaska görüşündən sonra Tramp Zelenskıya açıq şəkildə demişdi ki, “Sən güzəştə getməlisən, çünki Rusiya böyük dövlətdir, Ukrayna isə deyil.” Üstəlik, Alyaska görüşündə məlum oldu ki, Tramp Putinin mövqeləri ilə ciddi razılaşmalar əldə etmişdi. Tramp özü də vurğulayırdı ki, “bizim mövqelərimiz 80 faiz üst-üstə düşür.” İndi isə o bəyan edir ki, Ukrayna işğal altında olan bütün ərazilərini azad edə və 1991-ci il sərhədlərinə qayıda bilər. Təbii ki, Trampın özü də bilir ki, bu praktiki olaraq qeyri-mümkündür. Hətta ərazilərin bir hissəsini azad etmək üçün Ukraynaya ildə 100 milyard dollara yaxın yardım edilməlidir ki, bunun yarısını belə Avropanın gücü təmin edə bilmir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya yönəlik sərt və bəzən ziddiyyətli bəyanatları Kremlin daxilində gözlənilən təsiri yaratmayıb. Ekspertlər bildirir ki, Moskva artıq Trampın emosional çıxışlarını siyasi ciddiyyətlə qəbul etmir. Bunun əsas səbəbi onun tez-tez mövqe dəyişməsi və bunun yaratdığı etibarsızlıqdır. Kremlin hazırda seçdiyi “gözləmə rejimi”nin arxasında hansı məqsədlərin dayandığı isə hələlik tam aydın deyil.
Siyasi şərhçi bildirib ki, Rusiya başa düşür ki, Trampın söylədiklərinin arxasında ciddi arqument yoxdur.
“Moskva hazırda ABŞ ilə münasibətləri qorumağa çalışır, çünki münasibətlər kəskinləşsə, Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı edə biləcəyi təhlükəli addımlar var. Məsələn, sanksiyalar və Ukraynanın müasir silahlarla təmin olunması Rusiyanı tam məğlub edə bilməz, amma ciddi problemlər yarada bilər. Ukraynanın silahlanması rus əsgərlərinin itkilərini artırar, hətta Rusiyanın şəhərlərinə, o cümlədən Moskvaya təhlükə yarada bilər. Hələlik ABŞ Rusiyanın sədlərini vurmaq üçün verdiyi silahların istifadə edilməsinə icazə vermir; bu icazənin verilməsi isə Rusiyanın vəziyyətini xeyli çətinləşdirə bilər. Beləliklə, Rusiya ABŞ ilə münasibətləri qorumağa çalışır və başa düşür ki, Tramp Ukrayna qarşıdurmasında Putinə Zelenskidən daha yaxın mövqedədir. Təəssüf ki, bu vəziyyətdə Ukrayna prezidentinin də məsuliyyəti az deyil”.
Rəfiqə Namazəliyeva,
AzNews.az