“Yeni Konstitusiya Paşinyana əlavə siyasi legitimlik qazandırmaq məqsədi daşıya bilər” - Elçin Mirzəbəyli

“Paşinyanın AŞPA-dakı çıxışı onun daxili və xarici siyasətdə mövqeyini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilə bilər. Onun “Azərbaycan və Ermənistan arasında artıq sülh bərqərar olub” bəyanatı siyasi ritorika baxımından mühüm siqnal sayılsa da, ölkəsindəki real vəziyyət daha mürəkkəbdir. Azərbaycan sülh gündəliyini daim dəstəkləsə də, Ermənistan daxilində bu məsələyə münasibət ziddiyyətlidir. Cəmiyyətin ultramillətçiliyə yoluxmuş hissəsi Azərbaycanla münasibətlərin normallaşmasına aqressiv yanaşır. Çünki uzun illər ərzində yaradılmış qondarma milli kimlik konsepsiyası Azərbaycan torpaqlarının işğalı və anti-türk, anti-Azərbaycan ritorikası üzərində qurulub. Bu isə sülhün sadəcə hökumətlərarası sənəd yox, eyni zamanda dərin ictimai transformasiya tələb etdiyini göstərir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışında bildirib ki, artıq Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub. Onun sözlərinə görə, bu, hər iki ölkənin hökumətləri, xalqları və parlamentlərinin ortaq nailiyyətidir. Paşinyan yekun sülh sazişi istiqamətində mühüm işlər görüldüyünü, sərhədin demarkasiyası üzrə komissiyaların əsasnaməsinin ratifikasiya edildiyini vurğulayıb. O, həmçinin 2026-cı ildə yenidən seçildiyi halda yeni Konstitusiyanın qəbul edilməsi üçün referendum keçirəcəyini açıqlayıb.

Deputatın sözlərinə görə, Azərbaycanın mövqeyindən baxıldıqda və tamamilə haqlı olaraq, sülhün real məzmunu yalnız kağız üzərində bəyanatlarla deyil, Ermənistanın atacağı praktiki addımlarla müəyyən olunur.

“Sərhədlərin delimitasiyası və demarkasiyası, regionda kommunikasiyaların açılması, təxribatçı ritorikadan imtina, revanşist qüvvələrin zəiflədilməsi Bakı üçün sülhün dayanıqlı olmasının əsas şərtləridir. Paşinyanın çıxışında bu məqamların səslənməsi Azərbaycanın uzun müddətdir irəli sürdüyü obyektiv tələblərlə müəyyən uyğunluq təşkil edir. Amma erməni cəmiyyətində sülh prosesinə real dəstəyin nə qədər geniş olduğu hələ də tam aydınlaâmayıb. Kilsə, müharibə canilərinin öncüllük etdiyi müxalifətin ritorikası göstərir ki, sülh ideyası Ermənistanda hələ tam legitimləşməyib. Referendum təşəbbüsünə gəldikdə isə, Paşinyanın yeni Konstitusiya planı həm daxili siyasi gündəliyin, həm də sülh prosesinin tərkib hissəsi kimi görünə bilər. Bir tərəfdən, bu təşəbbüs Paşinyana əlavə siyasi legitimlik qazandırmaq məqsədi daşıyır. Ermənistanda siyasi sistem zəifdir və o, qarşıdakı seçkilərdə ictimai dəstəyi qorumaq üçün yeni hüquqi çərçivə yaratmaq üçün hüquqi yollar axtara bilər. Digər tərəfdən, konstitusiya dəyişikliyi real islahat ehtiyacından da qaynaqlana bilər. Çünki Ermənistanın mövcud konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Bu iddiaların aradan qaldırılması Paşinyanın həm beynəlxalq tərəfdaşlara, həm də Bakıya sülh niyyətini göstərmək üçün bir fürsət ola bilər. Çünki Ermənistanın mövcud konstitusiyası həm də BMT Nizamnaməsi ilə ziddiyyət təşkil edir. Azərbaycan üçün əsas məsələ Paşinyanın sözlərinin reallığa çevrilib-çevrilməməsidir. Bakı uzun illərdir ki, Ermənistanın ritorika ilə reallıq arasında fərq yaratdığını görür. Ona görə də indi prioritet Paşinyanın erməni cəmiyyətini sülhə hazırlamaq istiqamətində atacağı konkret addımlar və Ermənistan dövlət aparatının bu kursu davam etdirib-etdirməyəcəyi olacaq. Əgər referendum həqiqətən də revanşist müddəaların konstitusiyadan çıxarılmasına və regionda dayanıqlı sülhün hüquqi əsaslarının yaradılmasına yönəlsə, bu, həm Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı, həm də Paşinyanın ölkəsinin xilası üçün tarixi addımı ola bilər. Əks halda, təşəbbüs yalnız daxili siyasi manevr kimi qalacaq. İndiki mərhələdə Azərbaycanın mövqeyi aydındır: sülh yalnız real icra ilə mümkündür, sözlərlə yox. Ermənistanda isə ictimai dəstəyin həqiqi miqyasını zaman göstərəcək. Bu prosesin davamı həm də Paşinyanın nə qədər siyasi iradə göstərə biləcəyindən və Ermənistan cəmiyyətini hansı istiqamətə yönəldə biləcəyindən asılı olacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az