- Siyasi müzakirə
- 21:38
- 1 112
“Tramp qısa müddətdə Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəyir” - Abutalıb Səmədov

“Rusiya sahillərinə sualtı qayıqlar göndərmək barədə qərar Prezident Donald Tramp tərəfindən Dmitri Medvedyevin məsuliyyətsiz bəyanatlarına cavab olaraq qəbul edilib. Tramp bildirib ki, nüvə silahına bu qədər məsuliyyətsiz yanaşmaq olmaz və əlavə edib ki, sualtı qayıqlar sahəsində ABŞ Rusiyadan 20–25 il qabaqdadır. Görünür, bu açıqlama Putinin “raketlər sahəsində Amerikadan 10 il öndəyik” sözlərinə cavabdır. Buna baxmayaraq, Tramp yaxşı başa düşür ki, Rusiya ilə hərbi qarşıdurmaya getmək mənasızdır və Rusiya da eyni mövqedədir. Dünyanın iki böyük hərbi gücü arasında qarşıdurmanın qarşısını almaq təbiidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın son açıqlamaları beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. O bildirib ki, Rusiya sahillərinə nüvə sualtı qayıqları göndərilib və bunun yalnız “ehtiyat tədbiri” olduğunu vurğulayıb. Tramp əlavə edib ki, bu qərar Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin nüvə silahı ilə bağlı açıqlamalarından sonra verilib.
Siyasi şərhçi bildirib ki, Putinlə Trampın münasibətləri kifayət qədər yaxşıdır; Alyaskada ciddi razılaşmalar əldə olunub və Sergey Lavrov Trampın nəzərinə çatdırıb ki, Rusiya həmin razılaşmalara sadiqdir.
“Yəni son bəyanatlara baxmayaraq, Tramp və Putin arasında yaxın münasibətlər mövcuddur və yaxın gələcəkdə yeni, tamamilə fərqli bəyanatların şahidi ola bilərik. ABŞ və Rusiya arasında münasibətlərin normallaşması gözlənilir, çünki Tramp qısa müddətdə Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəyir və burada həlledici söz Putinə aiddir. Müharibənin dayandırılması üçün Tramp Putinlə dil tapmalıdır və Alyaskada bu istiqamətdə razılaşmalar demək olar ki, əldə olunub. Danışıqların davam etdirilməsi ilə Rusiya və ABŞ arasında münasibətlərin kəskinləşmə ehtimalı çox aşağıdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az