- Siyasi müzakirə
- 19:58
- 1 123
“Enerji kamplaşması yeni bir geosiyasi reallığı meydana çıxarır” -Şəhla Cəlilzadə

“Dövlətlərin sənaye və iqtisadiyyatını hərəkətə gətirən enerji mənbələri ənənəvi – neft, qaz, kömür, həmçinin alternativ və bərpa olunan – günəş, külək, su, hidrogen, atom və digər resurslar ola bilər. Rusiyanın ənənəvi enerji daşıyıcılarından siyasi təzyiq vasitəsi kimi istifadə etməsi və Ukraynaya qarşı apardığı müharibə fonunda Avropa ənənəvi mənbələrdən imtina etməyə çalışır. Bu tendensiya təkcə Avropada deyil, bütün dünyada alternativ və bərpa olunan enerji mənbələrinə marağı artırır. Xüsusilə nüvə enerjisindən istifadənin genişlənməsi həm Qərbdə, həm də Şərqdə sürətlə inkişaf edir. Mövzu o qədər həssas xarakter alıb ki, 2000-ci ildə “Atom enerjisinin mərhələli dayandırılması haqqında” qanun qəbul edib, 2023-cü ildə ən son AES-i bağlayan Almaniyada belə, yeni seçilmiş Mertz hökumətinin enerji naziri artıq ölkənin nüvə gücünün bərpası barədə niyyətini açıq şəkildə ifadə edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, son günlərdə həm Qazaxıstan, həm də Ermənistan yeni atom elektrik stansiyalarının inşası ilə bağlı planlarını bəyan ediblər. Qazaxıstanın planına görə, Almatı vilayətində və Xəzər sahilində ümumilikdə üç yeni AES tikiləcək. Ermənistan isə modul tipli atom elektrik stansiyası qurulması istiqamətində bir neçə ölkə ilə danışıqlar aparır.
Siyasi şərhçi qeyd edib ki, beləliklə, 20-ci əsrin ortalarında dünyada sürətlə yayılan, sonradan isə əleyhinə ciddi tədbirlər görülən nüvə enerjisinə yenidən dönüş baş verir.
“Bu dönüş həm sivil nüvə texnologiyalarında, həm də hərbi məqsədlər üçün nüvə silahı hazırlığı istiqamətində özünü göstərir. Bu fonda Qərbin maliyyə mərkəzləri öz blokundakı ölkələrdə AES-lərin yenilənməsi və yenilərinin inşasına dəstək verirsə, Şərq bloku və Qlobal Cənub dövlətlərində bu missiyanı Rusiya və Çin öz üzərinə götürür. Məsələn, NATO üzvü olmasına baxmayaraq, Türkiyədəki Akkuyu AES-i Rusiya tərəfindən inşa edilir. Qazaxıstanda da “Rosatom” şirkətinin iştirakı ilə iki yeni AES layihəsi həyata keçirilir. Ermənistanda isə vəziyyət bir qədər fərqlidir. 2024-cü ilin sentyabrında, Bayden administrasiyasının son günlərində ABŞ-la Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi ölkənin nüvə təsislərinin yenilənməsi üçün Qərbin maliyyə dəstəyini nəzərdə tuturdu. Lakin Rusiyanın təzyiqləri və Paşinyanın 2025-ci ildəki ardıcıl Moskva səfərləri nəticəsində məlum oldu ki, Ermənistan AES-inin modernləşdirilməsi və yeni stansiyanın tikintisi Rusiya rəhbərliyi ilə həyata keçiriləcək. Digər nümunələr də diqqət çəkir: İranda 2040-cı ilədək Rusiya tərəfindən 8 yeni AES inşa ediləcək və bunun üçün 25 milyard dollarlıq müqavilə imzalanıb. İsrailin hava zərbələrindən sonra İranın nüvə obyektlərinin bərpasında isə Çin birbaşa dəstək göstərib”.
Siyasi şərhçi əlavə edib ki, beləliklə, dünyanın “sivil nüvə texnologiyaları” adı altında yeni bir “nüvə əsrini” canlandırmağa çalışdığı müşahidə olunur:
“Lakin bu proses bəzi dövlətlərin nüvə silahı hazırlamaq ehtimalları ilə bağlı çoxsaylı siyasi spekulyasiyalara yol açır. Hətta yeni İsrail–İran müharibəsinin qaçılmaz ola biləcəyi ehtimalları da artır. Nəticə etibarilə, yeni nüvə əsri yalnız qlobal qütbləşməni dərinləşdirmir, həm də “enerji kamplaşması” adlandırıla biləcək yeni bir geosiyasi reallığı meydana çıxarır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az