“Britaniya Rusiyaya qarşı ən sərt mövqe göstərən ölkədir” - Mübariz Göyüşlü

“Ümumiyyətlə, Rusiyanın Ukraynaya təcavüzünə ən sərt mövqe göstərən ölkələrdən biri, hətta birincisi, Böyük Britaniyadır. Son dövrlərdə Rusiyanın Avropanın bir sıra ölkələrinə, xüsusən NATO üzvü ölkələrə yönələn təxribatçı fəaliyyətləri narahatlıq doğurub və bu məsələyə həm Britaniya, həm də digər Avropa dövlətləri sərt reaksiya verirlər. Fikrimcə, Rusiya bütün Avropaya genişmiqyaslı hücum etməyə və ya Ukraynadakı kimi başqa ölkələri işğal etməyə qadir ola bilər, lakin onun bunun üçün kifayət qədər real gücü və potensialı yoxdur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin (EST) sammitində çıxışı zamanı Rusiyanın Avropaya qarşı təcavüz təhlükəsinə diqqət çəkib. Starmer bildirib ki, Rusiya Prezidenti Vladimir Putin yalnız Ukraynanı işğal etməyi nəzərdə tutmur, o, bütün Avropada hərəkətə keçməyə hazırlaşır.

Siyasi şərhçi bildirib ki, Londonun bəzi çağırışları Rusiyaya qarşı təhlükə və qorxu hissini gücləndirmək məqsədi daşıya bilər.

“Bu, eyni zamanda Rusiyaya qarşı koalisiyanı gücləndirmək və üzv ölkələri daha sıx birləşdirmək məqsədini daşıyır. Ümumilikdə, genişmiqyaslı açıq qarşıdurma baş verəcəyinə inanmıram. Avropa ölkələrinin çoxu, Ukraynadan fərqli olaraq, Rusiyanın belə bir amansız hərəkətinə qarşı zəif deyil. Londonun ritorikası isə məsələni gündəmdə saxlayaraq üzv dövlətləri birləşdirməyə və bəzi tərəddüdlü ölkələri koalisiyaya qoşulmağa sövq etməyə çalışır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az